Dünən Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfrans (International Conference on Medical Education, ICME) keçirilib.
Dünyanın 20-dən çox ölkəsindən 300-ə yaxın xarici qonağı bir araya gətirən konfransda tibb təhsili sahəsinin aparıcı mütəxəssisləri iştirak edirlər.
Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, hazırda ölkədə 56 ixtisas üzrə həkim hazırlığı həyata keçirilir. Milli kadrların hazırlanmasına yönələn siyasət bu gün də davam edir.
Elm və təhsil naziri Emin Əmrullayev isə ölkədə tibb sahəsi üzrə proqramların təkmilləşdirilməsinin, təcrübə hissəsinin artırılmasının, eyni zamanda, tibb təhsili coğrafiyasının genişlənməsinin vacibliyini vurğulayıb.
Nazir azad edilən ərazilərdə yaradılacaq Qarabağ Universitetinin konseptinin hazırlandığını da bildirib: “Universitetin binası Ağdamda inşa ediləcək. İstərdik ki, orada da tibb sahəsi tədris olunsun. Bu sahədə fəaliyyət istiqamətində əməkdaşlığa hazırıq".
Sonra ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Dünya Tibb Təhsili Federasiyanın prezidenti, professor Rikardo Leon-Borkes, Birləşmiş Ərəb Əmirliklərinin Ras Al-Khaimah Tibb və Sağlamlıq Elmləri Universitetinin prezidenti professor İsmayıl İbrahim Matalka, Riphah Beynəlxalq Universitetinin kansleri Hasan Muhammed Xan, Birləşmiş Ərəb Əmirliklərinin Gulf Universitetinin kansleri professor Hossam Hamdini, Tibb Təhsili üzrə Beynəlxalq Konfransın prezidenti professor Azhar Raşid çıxış edərək konfransın əhəmiyyətindən danışıblar.
Açılış mərasimindən sonra konfrans işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirib.
XQ