Azərbaycana əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq gətirilən 31 əcnəbi saxlanılıb

post-img

Dövlət Miqrasiya Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi birgə tədbirlər zamanı Bakı şəhərində müxtəlif ünvanlarda viza müddətindən artıq yaşayan 31 əcnəbi saxlanılıb. 

Bu barədə Dövlət Miqrasiya Xidməti və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, bu şəxslərin xaricdə yerləşən turizm şirkəti vasitəsilə 2500 Amerika dolları müqabilində Azərbay­canda əmək fəaliyyəti ilə məşğul olmaq vədi ilə aldadılaraq ölkə ərazisinə gəl­mələrinin təşkil edilməsi müəyyən olu­nub. Təşkilatçı əcnəbiləri Bakı şəhərində müxtəlif ünvanlarda yerləşdirib, onların mənzilləri tərk etmələrinə mane olaraq ölkə ərazisində qanunsuz miqranta çev­rilmələrinə şərait yaradıb. Aşkar edilən hallarla bağlı materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti hüquq-mühafizə orqanına göndərilib. 

Ümumilikdə, 2023-cü ilin sentyabr ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilən təbirlər zamanı Dövlət Miqrasi­ya Xidməti tərəfindən 873 əcnəbi sax­lanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olma­dan (qanunsuz) yaşaması, ölkəyə gə­lişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qa­nunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. Həmin dövr ərzində miqrasiya qanunvericiliyini pozan 312 əcnəbi Azərbaycanın hüdudlarından kə­nara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müd­dətə məhdudlaşdırılıb, digərlərinin ölkə ərazisində yaşamalarının qanuniləşdiril­məsi və ya ölkəni könüllü tərk etmələ­ri təmin olunub. Eyni zamanda, ölkədə olma, yaşama, əcnəbilərin işə cəlb olun­ması və digər aidiyyəti məsələlərlə bağlı ümumilikdə 2221 inzibati qərar qəbul edilib. 

Vətəndaşlardan qanunsuz miqrasiya halları ilə rastlaşdıqda Dövlət Miqrasiya Xidmətinin (012) “919” Çağrı mərkəzini məlumatlandırmaları xahiş olunur. Çağrı mərkəzi həftənin 7 günü 24 saat fəaliy­yət göstərir.

XQ

Son xəbərlər