Bakı ilk dəfə Ümumdünya Məskunlaşma Gününə evsahibliyi edib

post-img

Ölkəmizin paytaxtı BMT-nin Məskunlaşma Proqramı və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə “Şəhərsalma Həftəsi – 2023” çərçivəsində oktyabrın 2-də ilk dəfə olaraq Ümumdünya Məskunlaşma Gününə evsahibliyi edib. 

Əvvəlcə BMT-nin Məskunlaşma Proq­ramının icraçı direktoru xanım Maimu­na Mohd Şərif salamlama nitqi ilə çıxış edərək, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşin müraciətini iştirakçıların diqqətinə çatdırıb. 

Sonra Azərbaycan Respublikası Pre­zidentinin köməkçisi, Prezident Administ­rasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Ko­mitəsinin sədri Anar Quliyev çıxış ediblər. 

Çıxışlarda dayanıqlı məskunlaşma­nın əhəmiyyətinə toxunulub. Bakı şəhə­rinin belə bir mötəbər tədbirə evsahibliyi etməsi yüksək qiymətləndirilib, paytaxtın hazırkı inkişaf tempindən danışılıb. Həm­çinin bildirilib ki, şəhərsalma və şəhərlə­rin inkişafı davamlı inkişafa nail olmaqda mühüm rol oynayır. Davamlı qlobal urba­nizasiya tendensiyaları fonunda, hər bir ölkənin üzləşdiyi spesifik çağırış və im­kanlar inkişaf proqramlarının əhəmiyyəti­ni daha da artırır. Belə ölkələrdən biri də Azərbaycandır. 

Bununla yanaşı, ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan şəhər­salma siyasəti və layihələndirmə işlərinin miqyasından da söz açılıb.

Şəhərsalma üzrə beynəlxalq və milli ekspertlərin çıxışlarının ardınca 2023-cü il üzrə BMT-nin Məskunlaşma Proqramı­nın (UN-HABITAT) xüsusi mükafatlarının təqdimatı olub. Mükafatları almış şəxslər ürək sözlərini ifadə ediblər.

Tədbirdə “Dayanıqlı şəhər iqtisadiy­yatı. Şəhərlər inkişafın və bərpanın apa­rıcı qüvvəsi kimi” mövzusu ilə əlaqədar hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatının təşviqi və dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışlar müzakirə edilib, şəhərlərin milli və regional sosial-iqtisadi dayanıqlıqda və inkişafda aparıcı rolu, postmünaqişə dövründə şəhərlərin bər­pası ilə bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, sentyabrın 29-dan eti­barən ölkəmizdə BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitə­sinin əməkdaşlığı çərçivəsində “Şəhər­salma Həftəsi – 2023” keçirilir. 

Qeyd edək ki, BMT-nin Məskunlaş­ma Proqramı Assambleyasının Keniyada keçirilən 2-ci sessiyasında Ümumdün­ya Məskunlaşma Gününün 2023-cü ildə Bakı şəhərində qeyd edilməsinə dair qə­rar qəbul edilmişdi. 

XQ

Son xəbərlər