Milli Məclisdə Qərbi Azərbaycanla bağlı ictimai dinləmələr ənənəyə çevrilib. Dünən Milli Məclisdə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin təşkilatçılığı ilə növbəti dinləmə keçirilib. Budəfəki ictimai dinləmənin mövzusu “Qərbi Azərbaycana qayıdış: Hüquqi aspektlər” olub. Tədbirdə azərbaycanlıların indiki Ermənistandan – öz dədə-baba yurdlarından kütləvi şəkildə didərgin salınması, Qərbi Azərbaycana qayıdışın hüquqi aspektləri, ermənilər tərəfindən törədilmiş cinayətlərin hüquqi baxımdan qiymətləndirilməsi və digər məsələlər barədə fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, Qərbi Azərbaycana qayıdışla bağlı hüquqi aspektlərin arasında Ermənistan və onların havadarları tərəfindən Qərbi Azərbaycanda yaşamış soydaşlarımıza qarşı əsrlər boyu törədilən cinayətlərin müəyyən edilməsi, sübuta yetirilməsi, qanunvericilikdə nəzərdə tutulan qaydada və beynəlxalq standartlara uyğun rəsmiləşdirilməsi, mümkün təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi önəmli rol oynayır.
Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli ictimai dinləmədə çıxışı zamanı bildirib ki, 1999-cu il mayın 21-də “Qaçqınların və məcburi köçkünlərin statusu” haqqında Qanun qəbul olunub. Həmin qanunu ulu öndər Heydər Əliyev imzalayıb. İcma sədri deyib ki, artıq bu gün məcburi köçkün anlayışı Azərbaycan üçün tarixin arxivinə gömülməkdədir. O, həm bu səbəbdən, həm də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasına uyğunlaşdırmaq baxımından bu qanuna yenidən baxılmasının və “Qərbi Azərbaycan qaçqınlarının statusu” haqqında ayrıca qanun qəbul olunmasının vacibliyini qeyd edib.
Ə.Ələkbərli deportasiya zamanı Ermənistan tərəfindən fərdi təsərrüfatlar üzrə 2,5 milyard, ictimai təsərrüfatlar üzrə 17,5 milyard ABŞ dolları həcmində maddi ziyan vuruluduğunu diqqətə çatdırıb.
Baş prokurorun müavini Elmar Camalov tədbirdə çıxışı zamanı bildirib ki, 2023-cü il martın 30-da baş prokuror Kamran Əliyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 107 (Əhalinin deportasiya etmə və ya məcburi köçürmə), 109 (Təqib) və 120.2-4, 120.2.7 (Qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanmış və cinayət işinin aparılması Respublika Baş Prokurorluğunun İstintaq İdarəsinə həvalə olunub. O diqqətə çatdırıb ki, bu barədə tədqiqat aparılmış, bir sıra araşdırmaçılar sübutların toplanması məqsədilə cinayət təqibi prosesinə mütəxəssis qismində cəlb olunub. Tarixçi və dilçi alimlər dindirilmiş, çoxsaylı kitablar və tarixi sənədlər iş materiallarına əlavə edilib və digər bu kimi zəruri prosessual tədbirlər icra olunub.
Çıxış edənlər soydaşlarımızın Qərbi Azərbaycana sülh yolu ilə qayıdacaqlarına, bu prosesin silah və tankla deyil, Prezident İlham Əliyevin dəmir iradəsi ilə baş verəcəyinə əminliklıərini bildiriblər. Bunun üçün hüquqi sənədlərin olması çox vacibdir.
Dinləmədə Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquq-mühafizə orqanlarının təmsilçiləri, hüquqşünas alim və tədqiqatçılar, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlər iştirak ediblər.
Əliqismət BƏDƏLOV
XQ