Dünən Heydər Əliyev Mərkəzində 1992-ci ildən ölkəmizin üzv olmaqla səmərəli əməkdaşlıq, həmçinin 2023-cü ildən sədrlik etdiyi İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının 4-cü iclası keçirilib.
İclasda İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Qırğız, Tacikistan baş prokurorları, Türkiyənin ədliyyə naziri və Türkmənistanın Baş prokuroru müavininin rəhbərlik etdikləri nümayəndə heyətləri iştirak ediblər.
Kamran Əliyev təşkilatın 4-cü iclasının Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə təsadüf etməsini tarixi hadisə adlandırıb, Ulu öndərin bu qurumla əlaqələrə daim önəm verdiyini, bu gün ölkəmizlə təşkilat arasındakı qarşılıqlı əlaqələrin yüksək səviyyədə inkişaf etməsinin məhz dahi şəxsiyyətin uzaqgörən siyasətinin nəticəsi olduğunu vurğulayıb. Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi islahatları barədə iştirakçıları məlumatlandırıb.
İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin müavini Jandos Asanov bildirib ki, Azərbaycan regional və beynəlxalq iqtisadi təşəbbüsləri hər zaman dəstəkləyən və bu işlərə böyük töhfələr verən bir dövlətdir.
Bundan sonra nümayəndə heyətləri müxtəlif aktual mövzularda təcrübə mübadiləsi aparıblar.
Tədbirdə təşkilatı məsələlərə baxılaraq, iclasın yekunlarına dair protokol və bəyannamə qəbul edilib.
XQ