Bakıda keçirilən beynəlxalq konfransda bu məsələlər müzakirə edilib
Hesablama və Auditorlar palatalarının birgə təşkilatçılığı ilə dünən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirin reallaşmasında əsas məqsəd dayanıqlı inkişaf modelinə keçid şəraitində hesabatlılıq anlayışına yeni yanaşma, maliyyə göstəriciləri ilə bərabər, qeyri-maliyyə, ekoloji, sosial və digər amilləri özündə ehtiva edən hesabatlılıq, həmçinin nəzarət sisteminin qurulması sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üzrə fikir mübadiləsi aparmaq, habelə tövsiyələr işləyib hazırlamaqdan ibarətdir.
Konfransda Avropa Mühasiblər və Auditorlar Federasiyası, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası kimi nüfuzlu beynəlxalq qurumları və 11 ölkəni – Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Latviya, Litva, Makedoniya, İtaliya, Hindistan və Fransanı təmsil edən 150-dən çox nümayəndə iştirak edib. Beynəlxalq elmi-praktik konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.
Tədbir çərçivəsində Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) nail olunması istiqamətində təcrübələr nəzərdən keçirilib, bu sahədə beynəlxalq əlaqələrin genişləndirilməsi zərurəti və onun reallaşdırılması şərh olunub, “yaşıl iqtisadiyyat”, sosial məsuliyyət və ekoloji tarazlığın təmin edilməsi sahəsində müzakirələr aparılıb.
Auditorlar Palatasının sədri Vahid Novruzov konfransdakı çıxışında mövcud hesablamalara əsaslanaraq bildirib ki, DİM-ə nail olmaq üçün dünyada ÜDM-in 1,5-4 faizi qədər resurs tələb edilir. Məhz biznes strukturlarının dayanıqlı inkişaf sahəsində dövlət təşəbbüslərinə cəlb olunmasının vacibliyi də məhz bununla əlaqələndirilir. O qeyd edib ki, DİM-də informasiya əlçatanlığı, məlumatların toplanılması, monitorinqi və hesabatlılığı dayanıqlı inkişaf üçün ən mühüm elementlər kimi dəyərləndirilir.
Ümumiyyətlə, beynəlxalq qurumların məlumatına görə, 17 DİM-in 8-i mühasibat uçotu, hesabatlılıq və o cümlədən auditlə birbaşa əlaqədardır. Başqa sözlə, mühasiblər və auditorlar DİM-nin reallaşmasında mühüm rola malikdir. Bununla yanaşı, mühasibat uçotunun və auditin də korporativ dayanıqlı inkişafın yeni tələblərinə uyğun olaraq transformasiyası bu günün tələbləri sırasındadır. Məhz mühasibat uçotu və auditin birbaşa təsiri ilə dayanıqlı inkişafın təhsilin keyfiyyəti, gender bərabərliyi, ləyaqətli əmək və iqtisadi artım, məsuliyyətli istehlak və istehsal, bərabərsizliyin azaldılması, təhlükəsizlik, iqlim dəyişikliyi, ekosistemin qorunması, güclü institutların yaradılması və əməkdaşlıq kimi Dayanıqlı İnkişaf Məqsədləri reallaşa bilər.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxışında dövlət orqanları və müəssisələr qarşısında şəffaflıq, hesabatlılıq və dürüstlük kimi prinsiplərə dönmədən əməl olunmasının zəruriliyi haqqında söhbət açıb. Palata sədri daha sonra təmsil etdiyi qurumun fəaliyyəti haqqında məlumat verərək cari ilin 8 ayında həyata keçirilən nəzarət tədbirləri nəticəsində artıq xərcləmənin, eləcə də büdcəyə hesablanmamış ödənişlərin məbləğinin 91,6 milyon manat təşkil etdiyini diqqətə çatdırıb. O, həmin məbləğin 39,6 milyon manatının dövlət büdcəsinə bərpası ilə bağlı qərar qəbul edildiyini, cinayət əməlinin olduğu ehtimal edilən 9 material üzrə isə 28,5 milyon manatdan yuxarı rəqəmlə bağlı məlumatların hüquq-mühafizə orqanlarına göndərildiyini xatırladıb.
Bu gün isə iştirakçıların Heydər Əliyev Mərkəzinə ziyarəti, xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri ilə auditin normativ-hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi və Bakı şəhəri ilə tanışlıq nəzərdə tutulub.
XQ