Kəlbəcərdə İşçi qrupunun iclası

post-img

Gələn il rayona 13 min sakin köçürüləcək

Sentyabrın 7-də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Şəhərsalma məsələləri üzrə İşçi qrupunun Kəlbəcər şəhərində növbəti iclası keçirilib. Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov, İdarələrarası Mərkəzin katibliyinin rəhbəri Nüsrət Süleymanov və Şəhərsalma məsələləri üzrə İşçi qrupunda təmsil olunan qurumların nümayəndələri iştirak ediblər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətovun sədrliyi ilə keçirilən iclasda Kəlbəcər rayonunda aparılan şəhərsalma fəaliyyəti və layihələndir­mə işləri haqqında ətraflı məlumat verilib, daxili yol-küçə şəbəkəsinin planlaşdırılması, yaşayış məntəqələrinin elektrik enerjisi və su ilə təmina­tı, eləcə də digər infrastruktur obyektlərinin bər­pası istiqamətində görüləcək işlər, bölgənin tu­rizm potensialının inkişafı məsələləri müzakirə edilib. İşçi qrupun iclaslarının artıq bir qayda olaraq işğaldan azad olunmuş şəhərlərimizdə keçirilməsini sevindirici bir hal olduğunu qeyd edən Komitə sədrinin birinci müavini, iclasın Kəlbəcərdə ilk dəfə keçirildiyini vurğulayıb.

Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Döv­lət Proqramı”nın tədbirlər planında nəzərdə tutulan məsələlərin vaxtında və keyfiyyətlə icra edilməsi üçün aidiyyəti qurumlar tərəfin­dən görülmüş və görüləcək işlərin müzakirə edilməsi, müvafiq tapşırıqların verilməsi üçün iclasın əlverişli platforma rolunu oynadığı qeyd edilib. 

İclasda məlumat verilib ki, Kəlbəcər şəhərinin Baş planı hazırda aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir. Ölkə rəhbərliyinin göstərişləri əsasında inki­şaf konsepsiyasına uyğun olaraq rayon inf­rastrukturu sürətlə yenilənməkdədir. Cari ildə dövlət başçısı tərəfindən Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin, 960 şagird yerlik orta məktəb binasının, habelə rayonun Zar, Zallar və Yanşaq kəndlərinin təməli qoyulub. Qeyd edilənlərin layihələndirməsi ilə yanaşı, İstisu qəsəbəsində mehmanxana kompleksi və su istehsalı zavodu tikilir. 

Mövcud plan üzrə 2023-cü ildə Kəlbəcər rayonunda daha 7, 2024-cü ildə isə 4 yaşa­yış məntəqəsinin layihələndirilmə işləri apa­rılacaq. Ümumilikdə, 2026-cı ilədək 1-i şəhər, 1-i qəsəbə, 13-ü kənd olmaqla 15 yaşayış məntəqəsinin bərpası həyata keçiriləcək.

Həmçinin bildirilib ki, işğaldan azad edil­miş torpaqlarda yaşayış ərazilərinin mina­lardan təmizləmə prosesi də sürətlə davam etdirilir. Belə ki, 2023-cü ilin 8 ayı ərzində rayonda yaşayış məntəqələri torpaqları üzrə təxminən 1105 hektar sahədən 653 hektarı minalardan təmizlənib. 

İnfrastruktur məsələlərinə gəldikdə, Kəlbə­cər şəhərində yaşayış məntəqələrinin küçə-yol şəbəkəsinin qurulması istiqamətində ümumi uzunluğu 27,08 km olan yol-küçə şəbəkəsinin hazırda 18,87 km-lik hissəsi layihələndirildiyi qeyd olunub. 

Eyni zamanda, Kəlbəcər rayonunda 2026-cı ilə qədər, təxminən, 2 min fərdi ya­şayış evinin və 1500 mənzilin istismara ve­rilməsi nəzərdə tutulur. Kəlbəcər şəhərində tikiləcək evlərə ilkin mərhələdə 2024-cü ildə 5 mindən artıq, kənd və qəsəbələrə isə 8 minə yaxın, ümumilikdə 13 minə yaxın insanın kö­çürülməsi planlaşdırılır.

İclasda bu günədək Kəlbəcər ərazisində həyata keçirilmiş işlərə dair məlumat verildik­dən sonra müzakirələr zamanı qarşıdakı döv­rdə görülməsi planlaşdırılan məsələlərə dair müvafiq tapşırıqlar verilib. 

Daha sonra Şəhərsalma məsələləri üzrə işçi qrupunda təmsil olunan qurumların nü­mayəndələri Kəlbəcər şəhərində inşası apa­rılan ilk yaşayış məhəlləsinə baxış keçiriblər.

XQ

Son xəbərlər