Bakının “B” planı, Zəngəzur dəhlizi və Ermənistan üçün dalan

post-img

30 illik təcrid, görünür, İrəvana dərs olmayıb? 

Xarici işlər naziri Ceyhun Bayramovun Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) və Macarıstanın “Madyar Demokrata” nəşrinə müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı səsləndirdiyi fikirlər Ermənistanda ciddi müzakirə predmetinə çevrilməkdədir. Əlbəttə, mövzu ətrafındakı yanaşmalarda, ilk növbədə, təşviş ovqatı duyulmaqdadır. Hiss olunur ki, erməni siyasi istableşmenti cənab Bayramovun söylədiklərini soyuq başla qiymətləndirmək iqtidarında deyil. Bu, məsələnin birinci tərəfidir və mövzuya yer ayıracağıq. Məsələnin digər tərəfləri də var ki, yazımızda onlara da toxunmaq niyyətindəyik. 

Bəli, nəticə hasil olur ki, erməni dairələri ölkəmizin XİN rəh­bərinin dediklərini Bakının demarşı olaraq dəyərləndirirlər və mövcud xüsusda vurğu ancaq hay-küy salmağın üzərinə qo­yulur. Təxminən belə: baxın, Azərbaycan Ermənistan ərazisinin işğalına çalışır və sair. Arada soyqırımı ritorikasını da gündəmə gətirənlər tapılır. Təşvişə gəldikdə isə ermənilər Azərbaycanın nəzərdə tutduğunu həyata keçirmək əzmini anladıqlarını, istər-istəməz büruzə verirlər və sanki özlərini həmin reallığa hazırla­yırlarmış kimi davranırlar. Mənzərə, obrazlı desək, qorxaq itin quyruğunu bulayaraq hürməsinə bənzəyir.

Ümumən, Ermənistan Zəngəzur dəhlizi məsələsində qeyri-konst­ruktiv, yəni anti-Azərbaycan mövqe tutmaqda israrlı təsir bağışlayır. Deməli, C.Bayramovun nəzərdə tutduğu “B” planının işə düşmə­si günün təxirəsalınmaz tələbidir. Əlbəttə, cənab nazir həmin planın detallarını açıqlamır. Onun dilə gətirdiklərinin, kifayət qədər, ölçü­lüb-biçilmiş məsələ olduğuna da şübhə yoxdur. 

...Ölkəmizin XİN başçısı müsa­hibədə bəzi məqamlara toxunur. Bu məqamlardan biri Ermənista­nın haqqında söz açdığımız qey­ri-kontstruktiv yanaşmasıdır: “Han­sısa bir anda elə bir hiss yaranır ki, biz işi başa çatdırmağa yaxınıq, son anda Ermənistan birdən-birə yeni nəsə irəli sürür ki, bu da prose­si yenidən dalana aparır”.

Əslində, Azərbaycan Prezidenti İlham Əliyevin, eləcə də dövlətimi­zin rəsmilərinin indiyədək də oxşar məzmunlu açıqlamarı olub. Onlar İrəvanın tutduğu yolun perspektiv­sizliyini vurğulayıblar. Eyni zaman­da, deməliyik ki, Ermənistan daxi­lində də məsələyə diqqət yetirən qütblərə rast gəlinib. Bu qütblərin təmsilçilərinin dediklərindən hasil olan qənaət budur: Azərbaycan indi nəyi təklif edirsə, razılaşmaq şərt­dir. Çünki sabah bu təkliflər olmaya bilər.

***

Ermənistandakı bəzi siyasi ci­nahların nümayəndələri onu da bildirirlər ki, Qarabağ münaqişəsi ölkə üçün nəinki vaxt itkisi reallığını doğurub, eyni zamanda, onu inki­şafdan geri salıb. Belələrinin arqu­mentləri çox sadədir – Bakı-Tbi­lisi-Ceyhan əsas neft ixrac boru kəməri. Məlum olduğu kimi, sözüge­dən kəmərin vaxtilə Ermənistandan keçməsi məsələsi aktual idi. Ancaq Bakı prinsipiallıq göstərərək, buna imkan vermədi. Ümummilli lider Heydər Əliyev bütün siyasi və dip­lomatik vasitələrdən yararlanaraq, İrəvanı əsrin layihəsindən kənarda qoydu. Ermənilərin qazancı işğal etdikləri torpaqlarımızdakı yaşayış məskənlərinin söküb-talamaqdan başqa bir şey olmadı. Belə görünür ki, İrəvan qarətlər nəticəsində əldə etdikləri ilə kifayətlənməyi üstün tutur. Əlbəttə, buna kifayətlənmək demək mümkündürsə...

Bəli, Ermənistan “barışmazlıq ampluasına” sadiqdir. Deməli, cə­nab Bayramov çox doğru vurğula­yır ki, İrəvanın bu cür yanaşması ölkənin iqtisadiyyatını düzəltmək üçün daha bir sərfəli fürsəti əldən verməsi ilə nəticələnə bilər. Fikrini Zəngəzur dəhlizi müstəvisinə gə­tirən nazir bildirir ki, yolun Ermənis­tandan yan keçməsi mümkündür. Necə ki, vaxtilə BTC yan keçmişdi. Özü də söhbət yalnız BTC-dən get­mir. Nəzərə alaq ki, ölkəmiz bir çox nəhəng layihələrin təşəbbüskarı və icraçısıdır. Həmin layihələrdə söz sahibidir və Bakının mövqeyi imkan verir ki, İrəvan yenidən təcrid olun­muş durumda qalsın. 

Üstəlik, ötən əsrin 90-cı illərin­dən fərqli olaraq, hazırda Azərbay­canın beynəlxalq-siyasi mövqeyi qat-qat güclüdür. Mövcud amil də onu deməyə əsas verir ki, ölkəmi­zin C.Bayramovun nəzərdə tutdu­ğu “B” planına keçid alması yalnız an məsələsidir. Bununla bağlı di­gər məqam da var. Ondan söhbət açarkən, yada Rusiya amili düşür. 

Məlum olduğu kimi, Qarabağ münaqişəsi, ümumən Azərbaycan – Ermənistan ziddiyyətlərini körük­ləyən, habelə, ölkəmizin torpaqla­rının işğalında Ermənistana yardım göstərən Rusiya olmuşdur. Güman edirik, Rusiyanın yalnız 366-cı motoatıcı alayının Xocalı soyqırı­mının törədilməsindəki iştirakını vurğulamaq yetərlidir. Hələ başqa “nümunələri” də saya bilərik və on­ların sayəsində Azərbaycan ötən əsrin 90-cı illərində Ermənistanla nəticələri çox ağır və ağrılı olan qeyri-bərabər mübarizə meydanına atılmışdı. 

O zaman Rusiyanın tələbi nə idi? Azərbaycanda rus qoşunları qalsın, İranla sərhədi həmin qoşun­lar qorusunlar. Başqa məqamlar da var idi ki, onların hamısının üzərin­də dayanmağa lüzum görmürük. Ümumən, beynəlxalq aləm dünya erməniliyinin tərəfində yer almışdı və indi görünür ki, ulu öndər Heydər Əliyev hansı çətin şərtlər altında Azərbaycanın Ermənistanı təcrid siyasətini həyata keçirmişdi. Axı, dünya erməniliyi bu gün də “trend­dir”. Mahiyyətcə, hazırda Azərbay­cana göstərilən təzyiqlər də həmin “trendin” işlək durumundan xəbər verməkdədir. 

***

Ancaq zaman o zaman deyil. Rusiyadan danışırdıq. Əgər 90-cı il­lərdə erməni avantürasına təkan və dəstək verən Moskva üçün prioritet Azərbaycana indi lokal və primitiv kimi görünən şərtlərini diktə etmək idisə, hazırda onun özü də yeni ya­şam yollarına ehtiyac duymaqdadır. Söhbət təkcə 2022-ci ilin fevralın­dan başlanmış Ukrayna müharibə­sinin doğurduğu ağır vəziyyətin öh­dəsindən gəlinməsinin çətinliyindən getmir. Əslində, Ukraynaya qədər də Rusiya iqtisadiyyatının vəziy­yətində diskomfort yaşanırdı. Türk dünyasının təşəkkülü, xüsusən Azərbaycanın bu istiqamətdə öncül mövqeyə sahibliyi fonunda, möv­cud platformanın daha səmərəli nəticələri önə çəkilməyə başlamış­dı. Deməli, əgər 90-cı illərdə Ermə­nistan itirmişdisə və proses indi də davam edirsə, hazırda itirən tərəf yalnız İrəvan deyil, eyni zamanda, Rusiya ola bilər. Birincini başa düş­dük, avantürizmə qapılıb, axı ikinci barədə eyni fikri işlətmək olmur. Hər halda rus diplomatiyasının ra­sionallığı qoruyacağını söyləmək mümkündür... 

Bu gün Rusiya Azərbaycan – Ermənistan münasibətləri konteks­tində 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata və digər eyni formatlı bəyanatlara istinad edir. Həmin sənədlərin icrasını sülh yo­lunda başlıca amil kimi qiymətlən­dirdiyini açıqlayır. O da görünür ki, Moskva daha çox Cənubi Qafqaz siyasi akvatoriyasındakı prosesləri nəzarətində saxlamaq niyyəti gü­dür. Nəzəri baxımdan yanaşsaq, ona Qarabağdakı separatçılığın saxlanılması məhz buna görə lazım ola bilər. Ölkənin bu yolla regionun gələcəyinə dair layihələrdə iştirak istəyini, bir növ, təminat altına almış kimi görünməsi də mümkündür. 

Baxın, Rusiya rəsmiləri üçtərəf­li bəyanat məntiqinə istinadən, bir qayda olaraq, bölgədə kommuni­kasiyaların açılması məsələsi üzə­rində dayanırlar. Bəlkə də Qərblə Rusiyanın maraqlarındakı yeganə uzlaşma nöqtəsi məhz budur. La­kin Kreml sabah onu həmin kom­munikasiyalardan kənarda qoymaq fikrinə düşən qütblərin ortaya atıl­mayacağına əmin deyil. Buna görə, necə deyərlər, tutacaq yerə ehtiyac duyur. Bir daha bildirək ki, hazırkı situasiyada bu baxımdan ən yaxşı nöqtə Qarabağdır. Məhz mövcud səbəbdən Rusiya rəsmiləri kom­munikasiyaların açılmasını istəyir, Qarabağın statusu məsələsinin sonraya saxlanılması fikrini irəli sürürdülər. Əlbəttə, sonradan bu mövqe sülh müqaviləsinin imzalan­masına dair perspektiv notlar üzə­rində kökləndi. Yəni, status Azər­baycan Prezidentinin bildirdiyi kimi, cəhənnəmə getdi və belə görünür, Kreml məsələnin belə qoyuluşu ilə barışıb. 

Bəli, təkrar bildirək ki, Rusiya tə­minat əldə etmək niyyətindədir. Bir məsələ də var –- ölkə vaxtilə ona qlobal miqyasda verilmiş təminatla­rın puç olduğunu görmüşdü. Əslin­də, hazırda Kremlin Ukrayna müha­ribəsini özü üçün ədalətli sayması da məhz bundan qaynaqlanır. Yəni Qərbin hakim siyasi dairələrinin sözlərinin üstündə durmamaların­dan, vədlərinə xilaf çıxmalarından. Əlbəttə, Rusiya Cənubi Qafqazdakı durumun fərqli olduğunun fərqin­dədir və xeyli dərəcədə ehtiyatlıdır. Onun üçün bu siyasi akvatoriya xeyli mürəkkəbdir və mürəkkəblik fonunda Moskvanın ortaya qoydu­ğu bir aydın siyasi kazus var – Qərb Rusiyanı Cənubi Qafqazdan sıxış­dırmaq istəyir. Və onu da görürük ki, Ermənistan Moskvanı bölgədən uzaqlaşdırmaq naminə hərəkətə gətirilir. Baş nazir Nikol Paşinya­nın anti-Rusiya ritorikasına hakim kəsilən fikri konkretdir: Çıx get! Yəni, Qərb Nikolun dili ilə Mosk­vaya səslənir. Paşinyan isə bütün siyasi tərbiyəsizlik və hədsizlik ele­mentlərini işə salaraq sanki Rusiya ilə məzələnməkdədir. Qeyd edək ki, o, hakimiyyətə gələndə də eyni havada idi. Məzələnməyin axırını gördük. Nikol 44 günlük mühari­bə məşəqqətinin bitməsi üçün, az qala, Kremlə yalvarırdı. Yeri gəlmiş­kən, Rusiyanın siyasi dairələri bu məqamı qabartmağı xoşlayırlar... 

Ancaq zaman göstərdi ki, Ermə­nistanın yalvarışı dövlət siyasətinə və riyakarlığın vasitəsinə çevirib. O, özünü müharibə rüsvayçılığından nəticə çıxarmayıbmış kimi apar­maqdadır və bu, Rusiyanın əldə etməyə çalışdığı təminat faktoruna da mənfi təsirini göstərməkdədir. İrəvan ikibaşlı oyun oynayır: həm çalışır ki, Azərbaycana güzəştə get­məsin, Qarabağ iddialarını davam etdirsin. Eyni zamanda, Rusiyanın Cənubi Qafqazdakı maraqlarına təhdid dilini işə salmaqla, birincinin özünü rahat hiss etməsinə maneçi­lik törətsin.

***

Obrazlı desək, qatar yola düş­məlidir. Söhbət Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsindən ge­dir və Rusiya həmin qatarda yer al­maq iddiasındadır. Belə olan halda, Moskvanın erməni avantürizminə dözmək səbrinin də, imkanlarının da daraldığını söyləməyə əsas ya­ranır. Yəni, Moskva mövqeyini qəti şəkildə ortaya qoymalı, növbətçi bəyanatları sıralamaqdan çəkin­məlidir. Anlamalıdır ki, o sənədlərə arxayın olub İrəvanın ağlını başına yığacağına ümid bəsləmək sadə­lövhlük və vaxt itkisidir. 

Həm də ona görə buna ümid bəsləmək olmaz ki, Ermənistan, ümumən, Zəngəzur dəhlizinə zidd qüvvələrin səngərində təmsil olun­maqdadır. O da nəzərə alınmalıdır ki, hazırda Azərbaycan və Türkiyə həmin səngərdə təmsilçilikləri olan­ları siyasi meydandan kənarlaşdır­maq əzmli diplomatik mövqe nüma­yiş etdirməkdədir və baş verənlər onu göstərir ki, bu mövqe xeyli dərəcədə möhkəmdir. Elə məhz bu səbəbdən də C.Bayramov bildirir ki, Azərbaycan “B” planına malik olmaqla, Zəngəzur dəhlizinin işə başlamasına yönələn fəaliyyətini davam etdirəcək. Ən əsası, o, sö­zügedən layihənin, hətta, Ermənis­tanın iştirakı olmadan həyata keçi­riləcəyini vurğulayır və son dərəcə əmin tərzdə bildirir ki, İrəvan yenə itirən tərəf olacaq. Nazirin təbirincə desək, Ermənistan benefisiarlar si­yahısından çıxacaq.

Sonda bir daha vurğulayaq ki, Ermənistan özünü dalana dirəmək­dədir. Belə görünür, ölkəyə 30 ilə yaxın davam etmiş təcrid dərs ol­mayıb. Olmayıbsa, avantürizminə davam etsin və itirməyində olsun. Zəngəzur dəhlizi və onun fəaliyyəti isə Azərbaycan qarşısında dayan­mış bir vəzifədir və dövlətimizin iradəsi nəticəsində mütləq icra olu­nacaqdır. 

Ə.CAHANGİROĞLU
XQ



Siyasət