Ümummilli liderin uşaqlara sonsuz məhəbbəti

post-img

Naxçıvanda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində uşaqlar üçün "Zəfər düşərgəsi" təşkil edilib. Ağbulaq İstirahət Mərkəzində keçirilən iki günlük toplantıda 40-dək şəhid övladı iştirak edib.

Düşərgədə iştirakçılarla gö­rüşən Naxçıvan Muxtar Respub­likasının Əmək və Əhalinin So­sial Müdafiəsi nazirinin müavini Nicat Babayev balacalara ulu öndər Heydər Əliyevin uşaqların müstəqil ölkənin gələcək quru­cuları kimi böyümələri ilə bağlı gördüyü çoxsaylı tədbirlər barədə ətraflı məlumat verib. O qeyd edib ki, yeni nəsilə sonsuz sevgi bəs­ləyən böyük rəhbər onların sağ­lam, savadlı, tərbiyəli və qayğısız böyüməsi üçün tələb olunan şəra­itin çağdaş əsaslarını yaradıb. 

Bildirilib ki, müharibədən zərər çəkmiş insanlara, xüsusən də şə­hid ailələrinə, qazilərə hərtərəfli qayğı göstərilməsi ölkəmizdə ulu öndərin müəyyən etdiyi sosial si­yasətin əsas istiqamətlərindən biridir. Bu sahədə muxtar respub­likada sistemli və ardıcıl tədbirlər həyata keçirilir. İndiki düsərgə də bunlardan biridir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan əra­zi bütövlüyü uğrunda döyüşlərdə yaralananlara və şəhid olanların ailələrinə “Dəstək” Fondu və onun Himayəçilik Şurası da davamlı diqqət və qayğı göstərir.

Düşərgədə uşaqlarla psixoloji seans aparılıb, onlarda şən əh­val yaradılıb. Müxtəlif əyləncəli oyunlar, idman yarışı, “İstedadını göstər” adlı yaradıcılıq müsabiqə­si təşkil edilib. Uşaqlara yeni dərs ili ərəfəsində məktəb ləvazimatları hədiyyə edilib.

 

Səbuhi HƏSƏNOV,
XQ 

Naxçıvan

Son xəbərlər