“Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri”

post-img

Dünən Azərbaycanın Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Özbəkistanın Mərkəzi Asiya Beynəlxalq İnstitutu tərəfindən “Azərbaycan-Özbəkistan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir iştirakçıları “Özbəkistan-Azərbaycan münasibətləri: müasir imkanlar və perspektivlər” və “Orta Asiya və Azərbaycan: sabitlik və davamlı inkişaf naminə qarşılıqlı əlaqələr” mövzuları ətrafında fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın xarici siyasətində Özbəkistanın mühüm yer tutduğunu qeyd edib. O bildirib ki, 2022-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə üç dəfə səfər etməsi ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafında mühüm rol oynayıb.

Mərkəzi Asiya Beynəlxalq İnstitutunun direktor müavini Şerzod Fayziyev iki ölkə arasındakı əlaqələrə toxunaraq, Azərbaycanın Özbəkistan üçün əhəmiyyətli tərəfdaş olduğunu vurğulayıb.

Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov bildirib ki, ölkələrimiz siyasi, iqtisadi, mədəni, parlamentlərarası və digər sahələrdə uğurla əməkdaşlıq edir.

İki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinə toxunan Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev ölkələrimiz arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan mehriban qardaşlıq xarakteri daşıdığını vurğulayıb.

Sonra BMTM-in aparıcı məsləhətçisi Nağı Əhmədov, Azərbaycanın Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya idarəsinin rəis müavini Zamin Əliyev, Milli Məclisin deputatı Rauf Əliyev və başqaları ikitərəfli münasibətlərin geosiyasi, iqtisadi, mədəni və sair aspektlərini geniş şərh ediblər. Onlar ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi ilə bağlı bir sıra təkliflər də səsləndiriblər.

Tədbirin sonunda BMTM ilə Mərkəzi Asiya Beynəlxalq İnstitutu arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

 

Son xəbərlər