Təsadüfi qazıntı: Tunc dövrünə aid tarixi mədəniyyət nümunələri  biganəliyimizin qurbanı oldu

post-img

(Əvvəli qəzetimizin 4 və 6 avqust 2023-cü il tarixli saylarında)

Sabir Yusifov adəti üzrə saat 6-da yuxudan oyanıb, səhər yeməyini yeyib yola çıxardı. Bəzən bu vaxtlar “Ferma” deyilən ərazidən Əmirvan kəndinə yük maşını gedərdi. Sabir də dərsə vaxtında çatmaq üçün yol kənarında yük maşınını gözləməli olurdu. Gecikəndə isə 6-7 km məsafəni piyada getmək məcburiyyətində qalırdı. 

Bir gün yük maşınını gözləyərkən diqqətini yerqazan ekskavator çəkdi. Fermada qışa hazırlıq işləri görülürdü və bu məqsədlə silos quyusu qazılırdı. Ekskavatorun çalovundakı torpaq kənara töküldükcə qırılmış gil qablarının parçaları da ətrafa səpələnirdi. Sabir əl işarəsi ilə ekskavatorçudan qazıntı işlərini dayandırmağı xahiş etsə də, o, heç nə olmamış kimi işini davam etdirdi. O, çuxurdan çalovla torpağı çıxararaq onun ətrafına tökürdü. Bu dəfə ağzı möhürlü küpü görən ekskavatorçu maşını söndürüb küpə yaxınlaşaraq onun ağzını açıb, içərisindəki qiymətli əşyaları götürmək istədi. Onun üçün möhür heç bir önəm daşımırdı. Çünki küpdəki möhürün eramızdan əvvəl II minilliyin sonu I minilliyin əvvəlinə aid ictimai formasiya dövrünə uyğun dövlət quruluşunun mövcudluğunun göstəricisi olduğundan bixəbər idi. 

İçərisində qızıl və gümüş əşyaların olduğuna əmin olan ekskavatorçu tələsdiyindən küpü əlindən salaraq sındırdı. Gördükləri isə onu xeyli təəccübləndirdi. Çünki yerə küpdən qiymətli əşyalar deyil, kül töküldü.

Sabir Yusifov ekskavatorçudan xahiş etdi ki, qazıntını dayandırsın. Tələm-­tələsik özünü Əmirvan kənd orta məktəbinə çatdıraraq həyəcanlı halda məktəb direktorunun kabinetinin qapısını döyür.

Sənəd işləri ilə məşğul olan məktəb direktoru Əmirxan Burzuyev qapını açdıqda qarşısında tər içində, üzü qızarmış, həyəcanlı olan Sabir Yusifovu görür. Ciddi bir hadisənin baş verdiyini düşünən Əmirxan müəllim onu kabinetə dəvət edərək:

– Keç içəri, otur, özünə gəl, sakitləş. Nə baş verib ki, bu qədər 
həyəcanlısan?, – deyir.

O, gördükləri barədə Əmirxan müəllimə məlumat verir və bildirir ki, ekskavatorçu silos quyusu qazarkən  2,5 metr dərinlikdə – xam torpaqda qəbir aşkar edib. Vaxtında qazıntı işləri dayandırılmasa, tarixi abidələrimiz məhv olacaq.

Əmirxan Burzuyev məktəb direktoru olmaqla yanaşı, həm də tarix fənnini tədris edirdi. Ətraf ərazilərdə qədim alban qəbiristanlıqlarının olduğundan məlumatlı idi. Amma “Ferma” ərazisində katakombanın aşkar olunması onu çox maraqlandırır. 

Dərsarası fasilədə müəllimləri otağına toplayıb tapıntı haqqında onlara məlumat verir. Belə qərara gəlinir ki, bir qrup yaradılsın və silos quyusu qazılan yerə göndərilsin, qiymətli nə varsa toplanıb məktəbə gətirilsin. Gecikmək olmazdı, çünki olan-qalan nə varsa sındırıla, talana bilərdi. Sonunda İlyaz müəllimin rəhbərliyi ilə 2-3 müəllim və yuxarı sinif şagirdlərindən ibarət qrup yaradılaraq qazıntı yerinə göndərilir. 

Onlar qəbir yerində insan skeletinə, bir-birindən zəngin saxsı-gil qablara, təsərrüfat küplərinə, möhür, tuncdan silah nümunələrinə və bəzək əşyalarına rast gəlirlər və çətinliklə də olsa ətrafa dağılmış əşyaları–maddi mədəniyyət qalıqlarını toplayaraq məktəbə gətirirlər. Həmin vaxt Şamaxı rayonundan olan bir rəssam Əmirvan kənd orta məktəbində praktika keçirdi. O, hər bir əşyanın ayrıca şəklini çəkərək sistemləşdirir. Şəkillər hazır olduqdan sonra müəllimlərin adından AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna kollektiv məktub yazılaraq göndərilir. Bir aydan sonra Qəbələ rayonundan olan tarix elmlər doktoru Qara Əhmədov həmyerlisi Fəzli müəllimlə birlikdə məktub əsasında məktəbə gəlirlər. O, arxeologiya sahəsində tarix elmləri doktoru adını almış ilk azərbaycanlı alim idi. Arxeologiyaya dair monoqrafiyaları, elmi, elmi-kütləvi kitabları vardı. Yəni bu sahənin mütəxəssisi idi. Bu barədə məktəb direktoru Əmirxan Burzuyev deyir: 

– Qara Əhmədov hər bir əşyanı diqqətlə nəzərdən keçirir, gördüklərindən çox sevinirdi. Tapılmış keramika nümunələri arasında üzərinə müxtəlif rəngli boya ilə naxışlar çəkilmiş saxsı qab qırıqlarını böyük maraqla izəyirdi. Həndəsi, təbiət və heyvan təsvirləri gördükcə gözləri gülürdü. Tapılan əşyalar və Qara Əhmədovun onlara reaksiyası belə deməyə əsas verirdi ki, burada həyat tərzi yüksək səviyyədə inkişaf edib, yüksək mədəniyyət olub.

Tunc xəncərin tapılmasını isə qəbirdə yüksək sosial statusa malik qədim tayfa başçısının və ya nümayəndələrindən birinin dəfn edildiyini bildirirdi. Qara Əhmədov həm də tapılan maddi mədəniyyət qalıqlarının tunc dövrünə aid olduğunu söylədi. Sonda o, qiymətli əşyaları seçdi, özü ilə götürüb Bakıya gətirdi. Qalan əşyalardan isə məktəbdə tarix guşəsi yaradıldı. 

Bir müddətdən sonra bu barədə Qara Əhmədov öz məqaləsində söhbət açmışdı. Amma Qara Əhmədov rəhmətə gedəndən sonra həmin ərazi çox zəif öyrənildi, daha doğrusu heç öyrənilmədi. Əmirvanlılar uzun illər Arxeologiya və Etnoqrafiya İnstitutundan ekspedisiya təşkil olunacağına və geniş arxeoloji qazıntı işlərinin aparılacağına inanırdılar. Lakin illər bir-birini əvəz etsə də nə gələn oldu, nə də ərazinin geniş araşdırılması həyata keçirildi. 

Sonda qəbirin tapıldığı ərazi kənd sakinlərinə həyətyanı sahə kimi paylandı, yaşayış evləri tikildi. Tariximizə işıq saçacaq bir dövr 2-3 metr dərinlikdə biganəliyimizin qurbanı oldu. Bu biganəlik yaxınlıqdakı meşəlik ərazidə yerləşən bir neçə alban qəbir abidələrindən də yan keçmədi.

Xatırladım ki, silos quyusunun qazıldığı ərazinin ətrafında  yeni salınan kənd Təzəkənd adlanır.

Pünhan Əfəndiyev, 
“Xalq qəzeti”

 



Sosial həyat