Ədalətə divan tutanlar

post-img

Hayların humanitar yardım saxtakarlığına dəstək verənlərin əsl simasını görmək üçün doqquz il əvvələ boylanmaq kifayətdir

 

Son illər beynəlxalq arenada cərəyan edən hadisələrin xarakteri, onların hərəkətverici qüvvələrinin davranışı onu deməyə əsas verir ki, üzdə guya qlobal qarşıdurmada olduqları “görünən” tərəflər kollegial qərar qəbul etmək məqamı çatanda vahid platformadan çıxış etməyi bacarırlar. Aydın görünür ki, ədalətin pərdə arxasına salındığı, gücün ön plana keçdiyi dünyanın indiki mizanında Cənubi Qafqazın başı üzərində “qara buludlar” dolaşmaqdadır.

İndi həqiqəti birbaşa deməyin məqamı yetişib. Ermənistan rəhbərliyi iki strateji məqsədini aşkar şəkildə ortaya qoyub. Birincisi, sülh danışıqlarında əldə olunan irəliləyişi dondurmaq, bu prosesdə Bakıdan qopara bildiyi “minimum güzəşti” dəyişməz halda saxlamaq. Yəni İrəvanın bu siyasətində Koçaryan və Sarkisyan iqtidarları, eləcə də İkinci Qarabağ savaşına qədərki Paşinyan hökuməti ilə müqayisədə heç nə dəyişməyib. İkincisi, hakimiyyətə yeni siyasi qüvvə gəlsə də, niyyətləri dəyişməyən haylar əvvəlki tək “nə sülh, nə müharibə”, “yarımçıq məğlubiyyət” şəraitini, eləcə də Xankəndidəki qeyri-qanuni “quruluşu” mümkün qədər uzun müddətə, ən yaxşı halda isə həmişəlik saxlamağa hər vəchlə çalışır. Məqsədlərinə nail olmaqdan ötrü onların, hətta, “dünyanı ayağa qaldırmağa” girişdikləri şübhə doğurmur. 

Yalanı “həqiqətə” çevirməyin hay variantı

Azərbaycan hazırda tam qanuni əsaslarla suveren ərazisində yaşamaqda davam edən hərbi cinayətkarları aşkar edib saxlamağa başlayıb. Bunlar separatçı “DQR” rejimində təmsil olunan, yaxud ona qulluq edən, əlləri soydaşlarımızın qanına bulaşmış müharibə caniləridir. O canilər ki, Qarabağ iqtisadi rayonumuzda yaşayan erməni sakinlərini girova çevirib, Bakıya qarşı çirkli daşnak oyunlarında istifadə etməyə çalışırlar. “Humanitar böhran”, “Laçın yolunun blokadası” onların beynəlxalq dövriyyəyə buraxdıqları son kartlarıdır. Və nədənsə, Qərb nəhəngləri, BMT kimi nüfuzlu təşkilat hayların aşkar görünən faktların təhrifinə, saxtakarlığa və yalana söykənən diplomatiyasına göz yumurlar.

Aydın məsələdir ki, Bakının BMT-dən bu cür ikili münasibətin səbəbini soruşmağa tam haqqı var. Ən azı ona görə ki, Qarabağın Azərbaycan Respublikasının suveren ərazisi və orada yaşayan ermənilərin Azərbaycan vətəndaşları olması beynəlxalq hüquqla təsbit olunub. Bu məqam Azərbaycan XİN-in BMT-nin İnsan Hüquqları Şurasının bəzi xüsusi məruzəçiləri və müstəqil eksperti tərəfindən “Laçın yolu” ətrafında vəziyyətlə bağlı yayılmış bəyanata dair şərhində xüsusi olaraq vurğulanır: “Azərbaycanın suveren ərazilərində yaşayan erməni sakinlərin ehtiyaclarının qarşılanması məsələsinə gəldikdə, bunun üçün Azərbaycan tərəfindən “Ağdam –Xankəndi” yolundan və digər alternativ yollardan istifadə daxil olmaqla, bir sıra təkliflərin irəli sürülməsinə və onların Avropa İttifaqı, BQXK tərəfindən dəstəklənməsinə baxmayaraq, erməni tərəfinin bu təkliflərə qarşı çıxması, alternativ yollara beton maneələr düzməklə əraziyə girişi bloklaması “humanitar vəziyyət” barədə iddialarının siyasi şantaj və manipulyasiya olduğunu bir daha göstərib”.

Konkret olaraq indiki vəziyyətdə insan hüquqlarına münasibətdə ikili standartlardan çıxış etmək, məsələni siyasiləşdirmək qətiyyən yolverilməzdir. Bəyanatın məzmunu, ekspertlərin açıqlamasında lüzumsuz siyasi mesajların yer alması onların səlahiyyət həddini, mandatlarını aşmasını, kənardan təlimat aldıqlarını göstərir. Əslində, həmin psevdoekspertlər bununla insan hüquqları üzrə mandatın nüfuzunu gözdən salmış olurlar.

BMT-nin “blokada”, “humanitar böhran” kimi saxta mülahizələrin, uydurma tezislərin yer aldığı bəyanatının məzmununa diqqət yetirsək görərik ki, əslində, ekspertlər münasibət bildirdikləri məsələnin mahiyyətindən tamamilə bixəbərdirlər. Amma BMT-nin insan haqları üzrə ekspertlərinin Davranış Məcəlləsində (Code of Conduct) göstərilir ki, onların bütün açıqlamaları faktlara, sübutlara, etibarlı mənbələrə əsaslanmalıdır. Vurğunu məhz bu aspektə yönəldən Qərbi Azərbaycan İcmasının etiraz bəyanatında beynəlxalq ekspertlərin həmin Davranış Məcəlləsini pozması, bəzi dairələrin apardığı anti-Azərbaycan kampaniyasına qoşulması təəssüf hissi ilə bildirilib.                                              

Başınızı qaldırıb 9 il əvvələ boylanın 

Doqquz il bundan əvvəl, 2014-cü ilin avqustunda Rusiyanın Donetskə və Luqanska  göndərmək istədiyi humanitar yardım karvanı ilə bağlı BMT Təhlükəsizlik Şurasında qızğın müzakirələr gedib. Yekunda Qərb dairələri, o cümlədən Vaşinqton bu məsələdə Ukraynaya dəstək vermiş, Moskvanın separatçı “DXR” və “LXR”-ə humanitar yükün yalnız rəsmi Kiyevin razılığı və onun şərtləri daxilində aparılması barədə qərar qəbul ediblər. Bəs indi Azərbaycanın suveren ərazisinə Bakıdan icazəsiz, qeyri-qanuni şəkildə, içərisində nə olduğu bilinməyən “humanitar 19 TIR karvanının” Qarabağa keçməsi üçün BMT-nin insan haqları üzrə məruzəçiləri və müstəqil eksperti nə üçün dəridən-qabıqdan çıxırlar? Axı siyasi xarakteri etibarı ilə eyni situasiya ilə üzləşən həmin qurum, doqquz il əvvəl ədaləti əllərində bayraq edən, indi isə hayların “beynəlxalq züytutanları” qismində çıxış edənlər Ukraynaya o cür, Azərbaycana tamamilə fərqli mövqe sərgiləyirlər. Həmin ABŞ, Aİ ölkələri ədalətli prinsiplərindən vaz keçib, mövqelərini 180 dərəcə dəyişiblər. Niyə, hansı səbəbə görə? Necə olur ki, Donetskdəki separatçılarla bağlı bir, Qarabağdakı separatçılarla bağlı isə fərqli münasibət sərgilənir?! Əslində, məsələnin niyəsi bəlli, səbəbi də sadədir. Deməli, onlar üçün dünyaya car çəkdikləri beynəlxalq ədalət prinsipi, demokratik dəyərlər saxtadır. Həqiqətin gözünə dik baxa bilmədikləri üçün isə başlarını dəvəquşu kimi quma basdırıblar... Bəlkə dərimizin rəngi, etiqad etdiyimiz inancımız xoşlarına gəlmir?    

Son sözü Bakı deyəcək    

Bütün hallarda Qarabağa humanitar, qeyri-humanitar marşrutlarla bağlı qərarı Azərbaycan özü qəbul edəcək. Bu prosesin özündə Bakının kənar məsləhətçilərin köməyinə ehtiyacı yoxdur. Ələlxüsus da əgər belə məsləhətlər ikiüzlü və məkrli aktorların dilindən səslənirsə. Hansı tribunadan səslənməsindən asılı olmayaraq, bəyanatların da heç bir faydası olmayacaq. Onu haqq edənlərə versinlər və gedib öz standartlarına yenidən baxsınlar. Həm də bizim hələ unutmadığımız doqquz il əvvəlki mövqelərini yenidən saf-çürük etsinlər... Onsuz da həm Qarabağ ermənilərinə yardımın haradan və necə çatdırılması, həm də ümumiyyətlə, onların və Xankəndidəki separatçı rejimin müqəddaratı ilə bağlı son qərarı Bakı verəcək.

Tarix dövlətlər və millətlər arasında yaranmış münaqişələrdə çox ədalətsizliyə şahidlik edib. Əgər bu dəfə də yalana bürünmüş qanunsuzluq qələbə çalsa, ədalətin qətlinə fərman verilsə, deməli, dünya Qiyamət gününün astanasındadır.  

Rasim MUSABƏYOV, 
Milli Məclisin deputatı, politoloq

Azərbaycana qarşı ikili standartlı yanaşma birinci dəfə deyil ki, müşahibə olunur. Bəli, belə bir yanaşma doqquz il əvvəl də, ona qədər də, ondan sonra da mövcud olmuşdur. Həm görür, həm də eşidirdik ki, Qərb Abxaziya, Cənubi Osetiya, Dnestryanı Respublika, Krım məsələlərində bu ölkələrin ərazi bütövlüyünü, suverenliyini əllərində bayraq edib Rusiyanın üstünə gedir, növbə Qarabağa çatanda isə deyirlər ki, öz aranızda danışıqlar aparın və razılığa gəlin. Bu, artıq birinci dəfə deyil. Bəli, onlar xüsusi məqsəd və niyyətlə ermənilərin başını sığallamaqla məşğuldurlar.

Amma daha Azərbaycanla bu “nömrələr” keçməyəcək. Bizim beynəlxalq səviyyədə tanınmış hüquqlarımıza dəstək vermək, yaxud başa düşmək istəmirlərsə, özləri bilsinlər. Fəqət Azərbaycanın üstünə yeriməkdən ötrü o ölkələrin, həmin təşkilatların əlində heç bir əsas yoxdur. Digər məsələlərdə Azərbaycan öz hüquqlarını qorumağa qadirdir və lazım gələrsə, hər kəsin cavabını da verməyə hazırdır.

Dünyanın istənilən dövləti öz ərazisinə humanitar yardımın çatdırılması ilə bağlı birinci onun icazəsini verir, sonra da qaydasını müəyyənləşdirir. Hansı marşrutla və hansı formada humanitar yardımın ünvanına çatdırılması isə həmin ölkənin müstəsna səlahiyyətidir. Kənarda hansı oyunlardan çıxırlarsa, özləri bilər. Bütün hallarda Azərbaycan beynəlxalq hüquq çərçivəsində suveren dövlət kimi davranmaqda davam edəcək.    

Yeganə HACIYEVA, 
politoloq

2014-cü ildə Rusiyanın atdığı addımlar bütün dünyada geniş rezonans doğurmuşdu. Avropada məhz humanitar təşəbbüslər adı altında separatizmin legitimləşdirilməsi bir ölkənin suveren hüquqlarına hörmətsizlik kimi dəyərləndirilirdi. Amma Azərbaycan məsələsində Avropa Şurasının insan haqları təsisatı, eləcə də Avropa  İttifaqının qonşuluq və xarici siyasət məsələləri üzrə komissarı, Fransa və ABŞ Dövlət Departamentinin rəsmiləri bu məsələyə guya fərdi yanaşırdılar. Əslində, bu yanaşmanın adı riyakarlıq və ikiüzlülükdür. Bəs bunun səbəbi nədir? Çox güman ki, bu, bizim milli kimliyimizlə, müsəlman olmağımızla bağlı məsələdir. Baxmayaraq ki, həmin qurumlar dünyada dini dözümlülüyü, tolerantlığı, mədəniyyətlərarası xoşniyyətli münasibətləri barədə ağızdolusu danışırlar. Amma gerçəklik ondan ibarətdir ki, onlar bunu bir qədər başqa rakursda göstərirlər. Dörd gün bundan əvvəl Beynəlxalq Kilsələr Şurası Laçın yolu ilə bağlı tələb irəli sürüsrə, artıq bu, Ermənistanın Qarabağ mövzusunu bu müstəviyə çıxarmasının göstəricisidir.

Laçın yolu ətrafında Qərbin təhlükəsizlik ritorikası birbaşa ikili standartlara söykənir. Amma bu “ssenari”nin bu coğrafiyada heç bir perspektivi yoxdur. Burada beynəlxalq hüquqdan kənarda oyun yoxdur. Beynəlxalq Ədalət Məhkəməsi, Avropa İnsan Haqları Məhkəməsi Laçın yolu məsələsində Azərbaycanın mövqeyini dəstəkləyib, Ermənistanın iddialarını isə rədd edib.

Bır sözlə, Laçın yolu ətrafında təhlükəsizlik mövzusunda Qərbin riyakarlığı dünyada təhlükəsizliyin əleyhinə domino effektini verəcək.   

Fərid ŞƏFİYEV, 
beynəlxalq məsələlər üzrə ekspert

Doqquz il əvvəl baş vermiş həmin müzakirə ilə bağlı indi nəinki Qərb mediası, hətta dövlət rəsmiləri də münasibət açıqlayırlar. Eləcə də, həmin hadisə Amerikada da rezonans doğurub. ABŞ-ın Avropaya yardım komitəsinin indiki rəhbəri Samanta Pauel o zaman Ştatların BMT-də daimi nümayəndəsi idi. O, Rusiyaya qarşı çıxışında demişdi ki, Ukrayna ərazisinə humanitar yardım karvanının göndərilməsi bu ölkənin ərazi bütövlüyünün pozulması deməkdir.

Amma indi, o, üstündən doqquz il keçəndən sonra, məsələ Azərbayanın mənafeyinə toxunanda tam əks mövqedən çıxış edir. Tvitterində Laçın yolunun açılması barədə iddialı açıqlama paylaşıb. Əslinə qalsa, burada geniş şərhə ehtiyac yoxdur. İkili standartlar açıq-aşkar göz önündədir. Doqquz il əvvəl Qərbin media orqanları, misal üçün, CNN Rusiyanın əleyhinə danışırdı. Məsələ Azərbaycanın üzərinə gələndə isə nəinki qınaq, hətta təzyiqlər hiss edirik. Otuz ildir biz bunu müşahidə edirik. Bu, həm də onun sübutudur ki, yanaşma üsulları tam fərqlidir və bunun müxtəlif səbəbləri mövcuddur. Buraya islamofobiyanı, bəlkə ondan daha çox türkofobiyanı aid edərdik. Azərbaycanofobiya məsələsi isə erməni lobbisinin, diasporunun Qərb ölkələrindəki fəaliyəti Ermənistana böyük sayğı ilə, fərqli yanaşma deməkdir. Təkcə bir epizod deyil. Yadımızdadır, Türkiyə Ukraynaya “Bayraktar” verəndə hamı tərəfindən müsbət qarşılanmışdı. Amma bizdə heç də birmənalı reaksiya doğurmamışdı.    

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”

 







Siyasət