Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə bu ilin oktyabrında keçiriləcək “Nobel mükafatına aparan yolun dərsləri: mif, çətinliklər, uğurlar və çağırışlar” mövzusunda elmi konfransın təşkilat komitəsinin ilk iclası keçirilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, konfransın keçirilməsində başlıca məqsəd ölkəmizdə Nobel mükafatı haqqında maarifləndirmə işlərinin aparılması, Akademiya cəmiyyətinə Nobel mükafatının hərtərəfli tanıdılması, eləcə də Azərbaycandan da gələcəkdə Nobel mükafatına namizədlərin təşviq edilməsindən ibarətdir.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev, akademiklər – Arif Həşimov, Dilqəm Tağıyev, İradə Hüseynova, professor Kərim Şükürov, tarix elmləri doktoru Zemfira Hacıyeva, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov və başqaları çıxış edərək elmin maddi-texniki bazasının möhkəmləndirilməsi və beynəlxalq elmi əlaqələrin genişləndirilməsinin Nobelə gedən yolda mühüm faktor olduğunu söyləyib, tədbirin Azərbaycan cəmiyyətində Nobel mükafatına dair maarifləndirmə işində faydalı olacağına diqqəti cəlb ediblər.
“Xalq qəzeti”