“4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu həqiqətən də, sadəcə, media deyil, Azərbaycan və eyni zamanda, iştirakçı ölkələr üçün də çox mühüm bir hadisə idi. Təqribən 50 ölkədən 150 qonağın, həmçinin 60 yerli media rəhbəri və nümayəndəsinin qatıldığı Forumda təmsilçiliyin müxtəlif istiqamətləri əhatə etməsi də xüsusi vurğulanmalı olan məqamdır”.
Bu sözləri Azərbaycan Mətbuat Şurası və Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü Aqil Ələsgər Qlobal Forumun fəaliyyətini şərh edərkən, deyib.
Aqil Ələsgər qeyd edib ki, “34 ölkənin Forumda əsas media resursu hesab olunan dövlət informasiya agentliyi səviyyəsində təmsil olunması genişmiqyaslı tədbirin əhəmiyyəti haqqında təsəvvür yaranmasına tam imkan verir. Eyni zamanda, yalnız KİV subyektlərinin yox, 12 beynəlxalq təşkilat və media qurumlarının Şuşa Forumuna qatılması da forumun miqyasını dolğun əks etdirir. Forumun davam etdiyi 3 gün ərzində tədbirin məqsədini tam şəkildə əhatə edən, yeni çağırışların obyektiv qiymətləndirilməsinə imkan verən və bu fonda medianın perspektivi ilə bağlı son dərəcə vacib müzakirələr aparıldı, çıxışlar edildi”.
Prezident İlham Əliyevin Şuşadakı çıxışına da toxunan Aqil Ələsgər “Sözsüz ki, Şuşa Forumunun əhəmiyyətini və sanbalını artıran ən əsas məqam orada cənab Prezident İlham Əliyevin iştirakı və çıxışı oldu. Möhtərəm dövlət başçısı öz çıxışında və jurnalistlərin çoxsaylı suallarına verdiyi məzmunlu cavablarında hər zaman olduğu kimi, bütün aktual məsələlərə ətraflı şərh verərək, istər yerli, istərsə də beynəlxalq əhəmiyyətli məsələlərə özünün və ölkəmizin mövqeyini aydın formada ifadə etdi. O baxımdan, ölkəmizin başçısının forumdakı çıxışının dünya mediasında geniş işıqlandırılması və böyük maraqla qarşılanması çox təbiidir. Cənab Prezidentin ölkə həyatında medianın rolunu bir daha yüksək qiymətləndirməsi, mətbuatın daha da inkişaf etdirilməsinə istiqamətlənmiş addımların davamlı olacağına dair mesajı, əlbəttə, bizim üçün qürurverici hal olmaqla yanaşı, həm də böyük stimuldur. Buna görə hörmətli dövlət başçısına dərin minnətdarlığımı bildirirəm”- deyə, vurğulayıb.
Mətbuat Şurası İH üzvü sözlərini belə yekunlaşdırıb: “Şuşa Forumunda onlarla ölkədən çox sayda media təmsilçisinin iştirakı bu tədbirin beynəlxalq əhəmiyyətinin göstəricisidir. Xarici nümayəndələrin tərkibinə nəzər saldıqda, onların arasında çox tanınmış və nüfuzlu jurnalistlərin, ictimai rəyə təsir imkanlarına malik ekspertlərin, olduğunu görürük. Hər halda, bu qədər çox sayda yüksək səviyyəli, tanınmış xarici jurnalist, ekspert və media rəhbərinin Azərbaycana gəlişi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş Şuşa adına bir ilk olaraq tarixə keçdi. Yeri gəlmişkən, ilin bütün fəalillərində özünəməxsus füsunkarlığı ilə göz oxşayan, insanı həyata bağlayan gözəl Şuşa forumun davam etdiyi günlərdə öz cazibəsini sanki daha da artırmışdı. Şəhərimiz özünün tarixi əzəməti ilə xarici qonaqlara özünün məhz Azərbaycana məxsusluğunu hər addımda nümayiş etdirirdi. İnanıram ki, əbədiyyətə qədər Azərbaycanın olacaq Şuşada tarixdə iz buraxacaq daha neçə-neçə möhtəşəm tədbirlər keçiriləcək”.