Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident İqamətgahında keçirilmiş Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib. Məlumatı “Anadolu” verib.
Türkiyə prezidenti son 21 ildə Türkiyəyə qazandırılan təhsil, səhiyyə, təhlükəsizlik, nəqliyyat, enerji və yaşayış sahəsi başda olmaqla bütün sahələrdə geniş yayılmış infrastrukturun böyümənin ən mühüm hərəkətverici qüvvəsi olduğunu deyib.
Ticarətdən sənayeyə, kənd təsərrüfatından turizmə qədər məşğulluğun və istehsalın lokomotivi olan hər sahədə işlərin davam etdiyini vurğulayan Ərdoğan deyib: “İxracımız və turizmimiz demək olar ki, hər ay rekordlar qıraraq yoluna davam edir. Ölkəmiz getdikcə beynəlxalq investorların diqqətini cəlb edir. Keçirdiyimiz hər görüşdə bizə ölkəmizə milyardlarla, on milyardlarla dollar sərmayə yatırılacağı vəd edilir”.
Ərdoğan Türkiyəni son 20 ildə orta hesabla 5,5 faiz inkişaf etdirdiklərini, milli gəliri 238 milyard dollardan 1 trilyon dollara çatdırdıqlarını, milli gəlir sırasında satın alma paritetinə görə dünyada 11-ci yerdə olduqlarını bildirib.
Dövlət başçısı məşğulluğu 19 milyondan 32 milyona, ixracı 35 milyard dollardan 254 milyard dollara, turist sayını 15 milyondan 52 milyona, turizm gəlirini isə 12 milyard dollardan 46,5 milyard dollara yüksəltdiklərini ifadə edib: "Hər sahədə misli görünməmiş uğurlar əldə etdik və onu bu günə çatdırdıq. Əhalisi artan və işçi qüvvəsinə qoşulma nisbəti artan bir Türkiyədə məşğulluğun davamlı artmasını da bu tabloya borcluyuq".
Ölkənin və millətin qazancından zərrə qədər geriləməyə imkan verməyəcəklərini vurğulayan prezident Ərdoğan sabitlik, inam və davamlılıq istiqamətində yollarına davam edəcəklərini qeyd edib.
Anar ƏLİ,
“Xalq qəzeti”