Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) ilə yük daşımalarını artırmağı planlaşdırır. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev birinci “Mərkəzi Asiya + Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası” sammitində çıxışı zamanı deyib.
Dövlət başçısı, həmçinin qeyd edib ki, Qazaxıstan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirir. Hazırda region dövlətləri tərəfindən marşrutların şaxələndirilməsi, müxtəlif infrastruktur və logistika layihələrinin inkişafı istiqamətində fəal tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Qazaxıstan lideri ölkəsinin Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialının artırılmasına üstünlük verdiyini bəyan edib. “Biz bu marşrutla yük axınını sistematik şəkildə artırmaq və 2030-cu ilə qədər onu ildə 500 min konteynerə çatdırmaq niyyətindəyik. Bundan əlavə, Qazaxıstan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üçün də tədbirlər görür”, – deyə Prezident Kasım-Jomart Tokayev əlavə edib.
“Xalq qəzeti”

