Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi parlaq Qələbədən dərhal sonra düşmənin viran qoyduğu yurd yerlərimizin bərpasına başladı. İndi xalqımız müzəffər Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq salnaməsinə imza atır. Erməni vandallarının daşı daş üstdə qoymadığı yaşayış məskənlərimiz müasir şəhərsalma normalarına uyğun, “ağıllı” layihələr əsasında tamamilə yenidən qurulur. Artıq dünya tarixi ədalətin bərpasına nail olan Azərbaycanın quruculuq missiyasını da layiqincə yerinə yetirdiyinə şahidlik edir. Həm də təkcə şahidlik etməklə kifayətlənmir, eyni zamanda, quruculuq işlərinə bu və ya digər dərcədə öz töhfəsini verməyə çalışır. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurda iş görmək istəyən beynəlxalq subyektlərin, əcnəbi şirkətlərin sayı getdikcə artır.
Son zamanlar Qarabağımızın baş tacı, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa, eləcə də bərpa-quruculuq işlərinin fəal mərhələsində olan digər şəhərlərimiz bir sıra beynəlxalq tədbirlərə evsahibliyi edir. Bu tədbirlər isə beynəlxalq təşkilatlara, nümayəndə heyətlərinə, xüsusən də media mənsublarına erməni vandallarının tarixi torpaqlarımızda törətdikləri vəhşi əməlləri öz gözləri ilə görmək, bu ərazilərdə həyata keçirilən geniş tikinti-quruculuq işləri ilə yaxından tanış olmaq imkanı yaradır. Elə iyulun 21-də Şuşada keçirilən “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Qlobal Media Forumunun da bu baxımdan əhəmiyyəti olduqca yüksəkdir.
Geniş diskussiya və fikir mübadiləsi şəraitində keçən tədbirdə Prezident İlham Əliyev media mənsublarını maraqlandıran sualları ətraflı cavablandırıb. Dövlətimizin başçısı Qırğızıstandan olan Nurcan Qasımalıyevanın Mərkəzi Asiya ölkələrinin işğaldan azad olunmuş ərazilərimizin bərpasında iştirakı, ümumiyyətlə, Azərbaycanın bu dövlətlərlə, xüsusən də Qırğızıstanla münasibətləri barədə sualına cavab olaraq bildirib: “Biz göstərdikləri dəstəyə görə Mərkəzi Asiyadan olan dostlarımıza və qardaşlarımıza təşəkkürümüzü ifadə etmək istəyirik. Siz Füzuli Hava Limanından gələndə binaların inşası layihəsini gördünüz. Orada, həmçinin məktəb var və o, səxavətli şəkildə Özbəkistan tərəfindən inşa edilməkdədir. Həmçinin incəsənət mərkəzi var, Qazaxıstan tərəfindən ianə kimi ayrılıb... Bu, iki dəstək rəmzidir və müharibədən sonra xaricdən aldığımız dəstək bu qədər olmuşdur. Qeyd etməliyəm ki, bu, çox mühüm bir jest idi və həmrəylik nümunəsi idi”.
Yeri gəlmişkən, Mərkəzi Asiya ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Ölkəmiz tarixi müstəqilliyinə qovuşduqdan sonra bu ölkələrlə münasibətlərini müasir dünya düzəninə uyğun olaraq yeni əsaslarla qurmağa nail olub. Məhz bunun nəticəsidir ki, artıq bir neçə ildir Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən türk dövlətləri ilə münasibətlərində böyük canlanma müşahidə olunur.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən sonra Mərkəzi Asiya dövlətləri ilə strateji əməkdaşlıq daha da gücləndirilib. Prezident İlham Əliyevin son illər Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin daha da genişlənməsinə və strateji xarakter almasına səbəb olub. Həmin səfərlər zamanı imzalanan müqavilə və sazişlər ölkələrimiz arasında münasibətlərin gələcək konturlarını müəyyənləşdirir.
Şuşa forumunda Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında dinamik münasibətlərin mövcudluğunu vurğulayan Prezident İlham Əliyev son iki ildə dövlət başçılarının qarşılıqlı səfərlərinin əlaqələrimizin inkişafına təkan verdiyini diqqətə çatdırıb, ikitərəfli əsaslarda, xüsusən də sərmayələr və ticarət sahələrində çox fəal iş aparıldığını bildirib. Bütün bunların nəticəsidir ki, son illər dövlətlərimiz arasında iqtisadi əlaqələr xeyli inkişaf edib, qarşılıqlı ticarət dövriyyəsində kəskin artımlar qeydə alınıb. Təkcə bir faktı qeyd etmək yetərlidir ki, 2022-ci ildə Azərbaycanla türk dövlətləri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 70 faiz artaraq 5 milyard 23 milyon dollardan 7 milyard 170 milyon dollaradək yüksəlib. Bunun da, təqribən, 1 milyard 328 milyon dolları Mərkəzi Asiya ölklərinin payına düşür.
Ötən il bütün türk dövlətləri ilə ticarət dövriyyəmizdə artım qeydə alınıb. Belə ki, hesabat ilində Qazaxıstanla ticarət dövriyyəmiz əvvəlki ilə nisbətən 4,4 dəfə artaraq 135 milyon 799 min dollardan 598 milyon 486 min dollara çatıb. Ötən il Azərbaycanın Türkmənistanla həyata keçirdiyi idxal-ixrac əməliyyatları 105 milyon 23 min dollardan 535 milyon 397 min dollara yüksəlib. Bundan əlavə, 2022-ci ildə Özbəkistanla ticarət dövriyyəmizdə 64 faizlik artım qeydə alınıb. Azərbaycanın bu ölkə ilə həyata keçirdiyi idxal-ixrac əməliyyatları 111 milyon 903 min dollardan 183 milyon 307 min dollaradək artıb. İl ərzində Qırğızıstanla ticarət dövriyyəmizdə də artım qeydə alınıb. Belə ki, iki dövlət arasındakı idxal-ixrac əməliyyatları ötən il 17 faiz artaraq 9 milyon 18 min dollardan 10 milyon 809 min dollaradək yüksəlib. 2022-ci ildə Mərkəzi Asiyanın digər dövləti olan Tacikistanla ticarət dövriyyəmiz 6,5 milyon dollar təşkil edib. Yaxın illərdə isə dost və qardaş ölkələrlə ticarət dövriyyəsinin xeyli artırılması hədəflənir.
Azərbaycanın Avrasiya məkanının nəqliyyat-logistika habına çevrilməsi, bu sahədə imkanların genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin geosiyasi əhəmiyyətini getdikcə artırır. Təkcə onu qeyd etmək kifayətdir ki, Şərqlə Qərb arasında beynəlxalq yükdaşımaların artdığı hazırkı şəraitdə Çindən və Mərkəzi Asiya ölkələrindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir. Bu da Azərbaycana beynəlxalq marağı getdikcə artırır.
Şuşada keçirilən media konfransında bu məsələyə toxunan dövlətimizin başçısı hazırda Mərkəzi Asiya ölkələri ilə rabitə və nəqliyyat əlaqələrinin qurulması üzərində fəal iş aparıldığını vurğulayıb. Prezident İlham Əliyev bir qədər əvvəl Özbəkistanın və Qazaxıstanın baş nazirlərinin Azərbaycana səfərləri zamanı Xəzər dənizindən keçməklə nəqliyyat yollarının Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çıxması ilə bağlı ətraflı müzakirələrin aparıldığını bildirib. Bu yolun Mərkəzi Asiya ölkələri üçün ən mühüm nəqliyyat marşrutlarından biri olacağını diqqətə çatdıran dövlətimizin başçısı müasir nəqliyyat infrastrukturuna malik Azərbaycanının yükdaşıma potensialının çox yüksək olduğunu vurğulayıb.
Dövlətimizin başçısı, həmçinin Azərbaycanın Qırğızıstanla münasibətlərinin çox yaxşı və dostluq səviyyəsində olduğunu vurğulayaraq qarşılıqlı səfərlərin, eləcə də Türkdilli Dövlətlər Təşkilatının və MBD ölkələrinin sammitlərində keçirilən görüşlərin əlaqələrin getdikcə dərinləşməsinə təkan verdiyini bildirib.
Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

