Prezident İlham Əliyevin Şuşa mesajları dünya mediasında geniş əks-səda doğurub

post-img

Azərbaycan Prezidenti İlham Əliyevin “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumundakı çıxışı dünya mediasının diqqət mərkəzindədir.

ABŞ-ın “The Associated Press” agentliyi və “New York Insider” xəbər portalı Şuşa Qlobal Media Forumunun keçirilməsinin əsas məqsədi, Prezident İlham Əliyevin tədbirdəki çıxışının əsas məqamları ilə bağlı yazılar dərc edib. Məqalələrdə bildirilib ki, Forum 4-cü Sənaye İnqilabının media sənaye­sinə transformativ təsirini araşdırmaq üçün dünyanın hər yerindən media mütəxəssislərini, hökumət rəsmilərini, vətəndaş cəmiyyəti nümayəndələrini və ekspertləri bir araya gətirib. 

Xəbərlərdə diqqətə çatdırılıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı çıxışında əsas mövzula­rı, o cümlədən, yeni media sahəsində irəliləyişləri və Azərbaycanın regionda strateji əhəmiyyətini vurğulayaraq de­yib: “Azərbaycanda davam edən me­dia islahatları medianın müasir stan­dartlara uyğunlaşdırılmasına və qlobal tələblərə cavab verən kreativ ideyala­rın təşviqinə yol açıb”. 

Şuşa Qlobal Media Forumu ilə xə­bərlər Rusiya mediasının da diqqət mərkəzindədir. Bu ölkənin rəsmi TASS agentliyi, habelə “Vestnik Kavkaza” xəbər portalı Prezident İlham Əliyevin Rusiya–Azərbaycan münasibətləri, Azərbaycanın Moskva ilə Vaşinqton arasında münasibətlərin bərpası üzrə danışıqlar məkanı ola biləcəyi barədə fikirləri yer alıb. Qeyd olunub ki, dövlət başçısı Moskva ilə münasibətlərin stra­teji tərəfdaşlıq səviyyəsində olduğunu, həmçinin konkret nəticələrə əsaslandı­ğını bildirib.

Gürcüstanın “1tv.ge” saytı da Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda Gürcüstan, Azər­baycan, Rumıniya və Macarıstan ara­sında Qara dənizdə strateji əhəmiyyətə malik sualtı elektrik kabelinin çəkilməsi haqqında imzalanmış sazişin uğurla həyata keçirilməsi, Ermənistanla Azər­baycan arasında münasibətlərin nor­mallaşması, cənubi Qafqazın regional inkişafı ilə bağlı fikirlərinə xüsusi yer verilib. 

Pakistanın “DND” xəbər portalı bil­dirib ki, Prezident İlham Əliyev Şuşada xarici KİV nümayəndələri ilə 3 saatdan çox davam edən səmimi söhbətində Azərbaycana müstəsna iqtisadi yüksə­liş, diqqətəlayiq ictimai-siyasi sabitlik, nümunəvi müdafiə və strateji uğurlar gətirən siyasi, inzibati və xarici siyasət fəlsəfəsinə geniş aydınlıq gətirib. 

Misirin MENA xəbər agentliyinin saytında və nüfuzlu “Əl Əhram” qəze­tində “Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərin inkişafının pri­oritet məsələ olduğunu bildirib” sərlöv­həli məqalə dərc edilib. Yazıda diqqətə çatdırılıb ki, Şuşa Qlobal Media Foru­munda iştirak edən dünyanın müxtəlif ölkələrindən gəlmiş jurnalistlərin su­allarını cavablandıran Azərbaycanın dövlət başçısı uzun illər işğaldan əziy­yət çəkən ölkəsinin sülhə və inkişafa nail olmaq istədiyini bildirib.

Kanadanın “Digital Journal”, Fransanın “France11”, İspaniya­nın “Informe Espana”, Belarusiya­nın “SB-BY” eləcə də digər xarici KİV-lərdə də yayımlanan materiallar­da qeyd edilib ki, Şuşa Qlobal Media Forumunda mühüm qlobal və regional məsələlərə toxunub. Xəbərlərdə 49 ölkədən 200-dək xarici qonağın qatıldı­ğı Şuşa Qlobal Media Forumunun əhə­miyyəti qeyd olunub, bu mötəbər təd­birin açılış mərasimində Azərbaycan Prezidentinin iştirakı və dövlətimizin başçısının fikirləri diqqət mərkəzində saxlanılıb.

Birləşmiş Krallığın “Daily Tren­ds” qəzetinin dərc etdiyi “Şuşa Qlo­bal Media Forumu: Dünyanın media liderləri arasında ilhamverici birlik” sərlövhəli xəbərdə bildirilib ki, tədbi­rin məqsədi qlobal media meyillərini təhlil etmək, milli imkanları gücləndir­mək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və media sektorunda dördün­cü sənaye inqilabı dövründə təqdim olunan çağırışları və imkanları araş­dırmaqdır. Xəbərdə Prezident İlham Əliyevin əsas mövzularla, o cümlədən yeni media sahəsində irəliləyişlər və Azərbaycanın regionda strateji əhə­miyyəti ilə bağlı fikirləri yer alıb. 

Hindistanın “BusinessLand” xə­bər portalı işğaldan azad olunmuş ərazilər və müharibə məsələlərinə toxunan Prezident İlham Əliyevin aşa­ğıdakı fikirlərini oxucularının diqqətinə çatdırıb: “İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən, 3 il keçib, biz getdikcə daha çox say­da birbaşa bəyanatlar eşidirik ki, Qa­rabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman ki, İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində ge­dən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düs­tur ortaya qoyulmadı”. 

Rumıniyanın nüfuzlu KİV-ləri – “AGERPRES” milli xəbər agentliyi, “Ziare Live”, “Agerpres”, “news­24hours” xəbər portallarında, “Ul­tima ora” qəzetində Azərbaycan Prezidenti İlham Əliyevin Forumda çıxışından əsas məqamlar dərc olu­nub. Məqalələrdə diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Forumda verdiyi açıqlamalarda Cənubi Qafqazda vəziyyətin sabitləşdirilməsi­nin, davamlı sülhə nail olunmasının və təhlükəsizliyin təmin edilməsinin vacib­liyini vurğulayıb. 

Albaniyanın “Agjencia Telegrafike Shqiptare” nəşrinin yaydığı xəbər­də Prezident İlham Əliyevin Forumda İkinci Qarabağ müharibəsindən sonra­kı vəziyyətlə bağlı səsləndirdiyi fikirlər yer alıb. Xəbərdə diqqətə çatdırılıb ki, Prezident İkinci Qarabağ müharibəsin­də Qələbədən sonra Azərbaycanın və Türkiyənin münasibətlərinin rəsmiləş­məsi, məşhur Şuşa Bəyannaməsin­dən bəhs edib: “Prezident Ərdoğanla şəxsi dostluğumuz, məncə, artıq təkcə regionda deyil, dünyada tanınır. Bu, həqiqətən də regional inkişafın və sa­bitliyin mühüm amilidir”.

Şuşa Qlobal Media Forumu Mol­dova mətbuatının da gündəmində yer alıb. Belə ki, “Noi.md” və “Yam News” saytlarında yer alan yazılar­da Prezident İlham Əliyevin regional inkişafın Azərbaycanla Ermənistan arasında münasibətlərin yaxşılaşma­sından asılı olması barədə fikrinə yer verilib: “Biz Cənubi Qafqazda vəziyyəti sabitləşdirməliyik, dayanıqlı sülhə nail olmalıyıq, gələcək üçün təhlükəsizlik təmin edilməlidir. 

“Xalq qəzeti”



Son xəbərlər