Heydər Əliyev və milli media modeli

post-img

Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslə­rinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini ver­mişdir.

Heydər ƏLİYEV,
Ümummilli lider

Ulu öndər hələ dövlət təhlükəsizlik orqanlarında çalışdığı illərdə, xüsusən də Azərbaycan KP MK-nın birinci katibi olarkən mətbuatla sıx təması öz iş prinsipinin başlıca istiqamətlərindən birinə çevirmişdi. Bu, ondan irəli gəlirdi ki, dahi şəxsiyyət hər zaman güclü təbliğat və təşviqat maşını olan mətbuatın insanları səfərbər etmək, onları təşkilatlandırmaq imkanlarını çox gözəl bilirdi. Ona görə də hələ totalitar sovet rejimi dövründə, sovet senzurasının tüğyan etdiyi bir zamanda mətbuatın cəmiyyətdə demokratik düşüncə, sərbəst fikir və mühakimə formalaşdırmaqdakı roluna böyük əhəmiyyət vermişdir. 70-80-ci illərdə cəmiyyəti düşündürən, narahat edən bütün problemlər məhz onun şəxsi təşəbbüsü ilə bu və ya digər formada mətbuata çıxarılırdı. Bu barədə kifayət qədər fakt olduğu üçün müəyyən konturlara diqqət yönəltməyi məqsədəuyğun hesab etdik.

Görkəmli dövlət xadiminin “Li­teraturnaya qazeta”nın 18 noyabr 1981-ci il tarixli nömrəsində dərc olunan “Qoy ədalət zəfər çal­sın!” müsahibəsi sovet quruluşundan irəli gələn cəmiyyətdəki eybəcərlikləri – rüşvətxorluq, vəzifədən sui-istifadə, dövlət əmlakını mənimsəmə kimi mənfi hallara qarşı kəskin mübarizə mövqe­yindən çıxış etmişdi. Həmin dövrlər­də belə bir görünməmiş addım bütün SSRİ-yə səs salmışdı. Dahi şəxsiyyət Heydər Əliyev sübut etmişdi ki, “ideal” sovet quruluşu, əslində, başdan-başa eybəcərliklər və nöqsanlardan ibarət­dir. Ulu öndər böyük cəsarətlə bəyan etmişdi ki, “ədalətli”, “humanist” sovet idarəetmə sistemi adı altında illərdir, yı­ğılıb qalan, gizlədilən problemlərin ye­ganə həlli yolu onları üzə çıxarmaq və həmin eybəcərliklərə qarşı açıq-aşkar mübarizə aparmaqdır. 

Bu müsahibə, əslində, SSRİ mə­kanında ilk dəfə olaraq cinayətkarlığa və korrupsiyaya qarşı açıq meydan oxumaq idi. İdeoloji dayaqlarını özü­nü dünyadan təcrid etməklə qoruyub saxlayan, məhvərini beynəlxalq mühitə qapalılıqla “sarsılmaz” edən bir ölkə­də, özü də kifayət qədər böyük nüfuza malik siyasi rəhbər tərəfindən cəmiy­yətdə kök salmış neqativ halların açıq şəkildə təhlil və tənqid olunması o dövr üçün sovet cəmiyyətində qaranlıqlara işıq salan, qulaqlarda gurlayan şim­şək effekti vermişdir. Bu müsahibə ilə Sov. İKP Siyasi Bürosu üzvlüyünə na­mizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev ötən əsrin 80-ci illərinin sonlarına yaxın “aşkarlıq”, “ye­nidənqurma” tezislərinin ortaya atılma­sından, keçmiş sovet imperiyasının süquta uğramasından çox-çox əvvəl böyük siyasi uzaqgörənliklə bu proses­ləri qabaqlayaraq, gələcək müstəqil Azərbaycanın demokratik cəmiyyət quruculuğunun ilk kodekslərini təqdim etmişdir.

Bəzi məsləksiz kütləvi informasiya vasitələrinin də “müstəsna xidmətləri” nəticəsində təhdid, iftira və böhtanla­ra məruz qalmaq yolu ilə, tutduğu və­zifədən uzaqlaşdırılan, doğma yurdu Naxçıvana yenicə qayıtmış iki dəfə Sosialist Əməyi Qəhrəmanı, Azərbay­can KP MK-nın birinci katibi, Sov. İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Na­zirlər Soveti Sədrinin birinci müavini vəzifələrində işləmiş dahi şəxsiyyət Heydər Əliyevin “Şərq qapısı” qəzeti­nin 26 iyul 1990-cı il tarixli nömrəsində dərc olunan “Daha susa bilməzdim” adlı müsahibəsi ulu öndərin Vətənə qayıtdıqdan sonra Azərbaycan mət­buatında dərc olunmuş ilk müsahibə kimi xüsusilə diqqəti cəlb edir. O, mü­sahibədə bir sıra qüvvələrin, xüsusilə də bəzi kütləvi informasiya vasitələ­rinin ona qarşı ədalətsizliyi, partiya orqanlarının müvafiq dairələrinin əli ilə qarayaxma kampaniyası aparılma­sı haqqında, Azərbaycan Respublika­sının Moskvadakı Daimi Nümayən­dəliyinə gələrək 20 Yanvar faciəsinə kəskin etirazını bildirdikdən sonra bu təzyiqlərin daha da artması ilə bağ­lı cəsarətlə məlumat vermişdir. Ulu öndərin böyük cəsarət və qətiyyətlə, siyasi uzaqgörənliklə səsləndirdiyi “İndi hər bir adama, hər bir xalqa, hər bir siyasi təşkilata və siyasi qüvvəyə öz taleyini müstəqil müəyyən etmək imkanı verilməlidir” – fikrinin sovet ideologiyasının, sovet senzurasının hələ “ölmədiyi” bir vaxtda qəzetdə dərc olunması mətbuat orqanı üçün də böyük qətiyyət və cəsarət idi. 

Müsahibə görkəmli siyasi xadimin son altı il ərzində ölkədə gedən yeni­dənqurma proseslərini dərindən təhlil etməsi, ölkədə yaranan siyasi vəziyyəti öz fikrini söyləmək, respublikaların öz suverenliyi və müstəqilliyi uğrunda mü­barizə aparmaq imkanı kimi dəyərlən­dirməsi, “Mən Azərbaycanın iqtisadi və siyasi suverenliyinin, tam müstəqil­liyinin tərəfdarıyam” kimi cəsarətli ça­ğırışı, deputatlığa namizəd kimi səs­ləndirdiyi “Siyasi və iqtisadi cəhətdən suveren, müstəqil Azərbaycan uğrun­da mübarizə aparmaq” platformasını bəyan etməsi ilə müasir siyasi tarixi­mizdə müstəsna yer tutur. Dahi Niza­minin “Qoy ədalət zəfər çalsın!” misrası əsrlər sonra daha böyük siyasi məna əxz etmiş, “Daha susa bilməzdim” ifa­dəsi ilə birgə aforizmə, milli demokrati­ya şüarına çevrilmişdir. 

Ümummilli lider respublikada hakimiyyətinin hər iki dövrün­də mətbuata həmişə böyük yaradıcılıq sərbəstliyi, demokratik meydan yarat­mış, özünün də dəfələrlə qeyd etdiyi kimi, müstəqil, demokratik mətbuatın inkişafına xüsusi əhəmiyyət vermişdir: “Ölkəmizdə siyasi plüralizmin tələblə­rinə dönmədən əməl edilir. Söz, fikir və əqidə azadlığının təmin olunması, küt­ləvi informasiya vasitələrinin hərtərəfli inkişafı, onların sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılması Azərbayca­nın dövlət rəhbəri kimi mənim qarşım­da duran mühüm vəzifələrdəndir”.

Ulu öndərimizin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdı­şından sonra ölkəmizdə hüquq isla­hatlarının ayrılmaz hissəsi kimi kütlə­vi informasiya vasitələrinin daha da müstəqilləşməsi, demokratikləşməsi istiqamətində davamlı siyasət həyata keçirilməyə başlandı. Mətbuat orqanla­rının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması, qanunvericilik bazasının təkmilləşdi­rilməsi, qəzetlərin maddi-texniki təc­hizatının yaxşılaşdırılması sahəsində də ardıcıl işlər görüldü. Mətbuatın müstəqilliyinə və fikir plüralizminə xid­mət edən möhkəm qanunçuluq bazası yaradılması medianın inkişafında da ciddi dönüşə səbəb oldu. 

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin “Azər­baycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” 1998-ci il 6 avqust tarixli fərmanı ilə 27 oktyabr 1996-cı ildə Nazirlər Soveti yanında yaranmış Mətbuatda və Digər Kütləvi İnformasiya Vasitələrində Dövlət Sir­lərini Mühafizə edən Baş İdarə ləğv edildi. 

Dahi şəxsiyyətin demokratik döv­lət quruculuğunun mühüm amili kimi ölkəmizdə senzuranın rəsmən ləğv edilməsi ilə bağlı imzaladığı bu fərman cəsarətli, prinsipial addım idi. Böyük uzaqgörənliklə qəbul edilmiş bu qərar kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi. Mətbuat cəmiyyətin dinamik şəkildə demok­ratikləşməsinə təsir edən qüdrətli va­sitəyə çevrilməyə başladı. Mətbuat və İnformasiya Nazirliyinin ləğvi kütləvi informasiya vasitələrinin təsis olunma­sını və onlardan istifadə qaydalarını asanlaşdırdı.

Azərbaycan Avropa Şurasına üzv­lüyə qəbul edildikdən sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş bərqə­rar olmasına imkan yaratdı. Dahi rəh­bərin 1999-cu il 7 dekabr tarixdə “Küt­ləvi İnformasiya Vasitələri haqqında” Qanun imzalaması bu prosesi daha da sürətləndirdi. 

Jurnalistlərlə sıx təmasda olan, kütləvi informasiya vasitələri­nin mövcud problemləri ilə yaxından maraqlanan Heydər Əliyevin adı mət­buatın maddi-texniki bazasının möh­kəmləndirilməsinə, iqtisadi vəziyyəti­nin yaxşılaşdırılmasına xüsusi qayğı göstərməsi ilə də böyük siyasi xadim kimi tarixə həkk olunmuşdur. 2001-ci il dekabrın 18-də aparıcı KİV rəhbərləri ilə görüşən ulu öndər jurnalistikanın üzləşdiyi bir sıra çətinliklərin aradan qaldırılması üçün kütləvi informasiya vasitələrinə dövlət qayğısının artırıl­ması haqqında fərman və sərəncamlar imzaladı. 

2001-ci ildə Azərbaycan jurnalistlə­rinin I Qurultayının keçirilməsi və Cə­nubi Qafqazda ilk dəfə Azərbaycanda Mətbuat Şurası adlanan özünütənzim­ləmə təsisatı yaradılması da milli mət­buat tarixindəki mühüm hadisələrdən­dir.

2001-ci il mayın 11-də ulu öndərin “Kütləvi İnformasiya Vasitələri haqqın­da” Azərbaycan Respublikası Qanu­nunun tətbiq edilməsi haqqında” im­zaladığı fərman müstəqil mətbuatın inkişafında əhəmiyyətli rol oynayan tarixi sənəddir.

Görkəmli dövlət xadiminin bir sıra KİV-lərə dövlət tərəfindən güzəştli kre­ditlər verilməsi, qəzetlərin əlavə dəyər vergisindən azad edilmələri, onların maddi-texniki bazasının daha da güc­ləndirilməsi, ölkəyə gətirilən qəzet kağızı üçün dövlət rüsumunun ləğvi, qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borclarının 2005-ci ilədək dondu­rulması ilə bağlı qəbul etdiyi qərarlar mətbuatla bağlı müasir tələblərə cavab verən qanunvericilik aktlarıdır.

Təsadüfi deyildir ki, 2002-ci ilin martında ABŞ Dövlət Departamenti­nin yeni müstəqil respublikalarda de­mokratiyanın vəziyyətini əks etdirən illik hesabatında dahi siyasətçi Heydər Əliyevin Azərbaycanda insan və hüquq azadlıqlarının, o cümlədən söz və mət­buat azadlığının da təmin olunması ilə bağlı fəaliyyəti yüksək dəyərləndirilir.

Azərbaycan milli mətbuatının daha da inkişaf etdirilməsi sahəsindəki bü­tün bu xidmətlərinə görə dahi şəxsiy­yət Heydər Əliyev 2002-ci ilin martın 22-də “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin təsis etdiyi “Jur­nalistlərin dostu” mükafatına layiq görülür. Müdrik dövlət rəhbəri Heydər Əliyev fəaliyyəti boyu ölkə mətbuatını təmsil edən jurnalist kollektivləri ilə görüşlərində mətbuatın problemlə­rini, mövcud nöqsanlarını da göstə­rir, dəyərli tövsiyələr verirdi. Belə ki, Azərbaycanda milli mətbuatın yaradıl­masının 125 illiyi münasibəti ilə 21 iyul 2000-ci ildə milli jurnalistikamızın ta­nınmış nümayəndələrinin peşə bayra­mını təbrik edən ulu öndərimiz 2001-ci il dekabrın 18-də Prezident sarayında ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşmüş, 2002-ci il iyulun 25-də Prezident sarayında Bakı Mətbuat Klubunun təsisçilərini qəbul etmişdir.

Peşəkar milli jurnalistikanın inkişafı ölkədə söz və mətbuat azadlığının qa­rantı olan ümummilli liderin adı ilə bağ­lıdır. Böyük siyasi xadim xarici səfərlər zamanı brifinqlər, mətbuat konfransları keçirərək respublikanın ictimai-siya­si, sosial-iqtisadi həyatında baş verən hadisələrlə bağlı xalqa operativ və ob­yektiv informasiya çatdırılmasını təmin edirdi.

Qeyd etmək yerinə düşər ki, Azərbaycançılıq fəlsəfəsinə söykənən və yüzilliklərə hesablan­mış Heydər Əliyev siyasi irsinə varis­liyi şərəf və ləyaqətlə üzərinə götürən Prezident İlham Əliyev ulu öndərimizin ölkədə azad mətbuatın inkişafı sahə­sində müəyyən etdiyi siyasəti də uğurla davam etdirir. Mətbuatımızın qabaqcıl və mütərəqqi ənənələrə əsaslanmaq­la, xalqımızın tarixi-milli xüsusiyyətlə­rini qorumaqla inkişaf etməsini vacib sayan Prezident İlham Əliyev söz və mətbuat azadlığını demokratiyanın əsası hesab edir: “Azərbaycanda apa­rılan siyasi islahatların əsas mənası, məqsədi ondan ibarətdir ki, ölkəmiz hərtərəfli inkişaf etsin, ölkədə yaşayan hər bir vətəndaş bütün azadlıqlardan istifadə etsin. Azərbaycanda, o cüm­lədən mətbuat azadlığı da mövcuddur. Biz bu məsələdə çox ciddi addımlar atırıq. Söz azadlığının, mətbuat azad­lığının təmin olunması bizim prioritet məsələmizdir və deyə bilərəm ki, Azər­baycan bu sahədə böyük uğurlara nail olmuşdur”. 

Dövlət başçısının 2005-ci il 20 iyun tarixli sərəncamına əsasən Azər­baycan milli mətbuatının 130 illik yu­bileyinin dövlət səviyyəsində qeyd olunması, ilk dəfə olaraq mətbuat iş­çilərinin çoxsaylı mükafat, orden və medallarla təltif olunması, “Əməkdar jurnalist” fəxri adının bərpa edilməsi ölkə başçımızın jurnalistlərə doğma münasibətinin və verdiyi dəyərin təza­hürüdür. “Kütləvi informasiya vasitələ­rinə maliyyə yardımının göstərilməsi haqqında” 2005-ci il 21 iyul tarixli sərəncama əsasən Mətbuat Şurasının maddi-texniki bazasının möhkəmlən­dirilməsi, 30-dan çox müxtəlif mətbuat orqanı və informasiya agentliklərinin hər birinə 10 milyon manat maliyyə dəstəyi göstərilməsi, qəzetlərin nəş­riyyatlara olan borclarının dövlət büd­cəsi hesabına ödənilməsi ilə mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi, jurnalist əməyinin qiy­mətləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin miqyası daha da genişləndirildi. Azərbaycan Preziden­ti İlham Əliyevin 2006-cı il fevralın 8-də imzaladığı sərəncama əsasən redaksiyaların “Azərbaycan” nəşriyya­tına olan 400 min manat məbləğində borcu dövlət büdcəsindən ödənildi, ayrı-ayrı mətbu orqanlara dövlət tərə­findən yardım ayrıldı. 2008-ci il 31 iyul tarixli sərəncam ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütlə­vi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” KİV-nin müstəqilliyinin təmin edilməsi məqsə­dilə kompleks tədbirlər nəzərdə tutan mühüm sənəd kimi milli jurnalistikanın sonrakı inkişafına əhəmiyyətli təsir göstərdi. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 2 iyun tarixli Sərəncamına əsasən mil­li mətbuatın 140 illik yubileyinin yük­sək səviyyədə qeyd edilməsi müstəqil Azərbaycanda azad sözə, mətbuatın inkişafına göstərilən qayğının daha bir ifadəsidir. “Azərbaycan milli mətbua­tının 145 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli sərəncamı isə mətbuata böyük dəyər olmaqla milli jurnalistikamızın gələcək fəaliyyət istiqamətlərini, ana məramını da müəyyənləşdirmişdir. 

Ölkədə aparılan düzgün media si­yasətinin nəticəsidir ki, yeni dövrün milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdiril­məsini zərurətə çevirməsi daim nəzərə alınır, media məkanında sürətli qlo­ballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdi­rilməsinin zamanın tələbi olduğunu nəzərə alan Prezident İlham Əliyevin tapşırığı ilə media haqqında qanunve­riciliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Dövlətimizin başçısının 2021-ci il 12 yanvar tarixli “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilmə­si haqqında” fərmanı ilə Kütləvi İnfor­masiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında ölkəmiz­də media sahəsində islahatların daha sürətlə aparılması məqsədilə “Azər­baycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxs yaradıldı. 

2021-ci il 30 dekabr tarixində Azər­baycan Respublikasının Prezidenti tərəfindən imzalanan “Media haqqında Azərbaycan Respublikasının Qanu­nu” media fəaliyyətini tənzimləmək və standartlaşdırmaq və media orqanla­rının etik standartlara uyğun fəaliyyət göstərməsini təmin etmək, milli jurna­listika sahəsində mövcud ənənələrin qorunması və inkişaf etdirilməsi baxı­mından mühüm əhəmiyyətə malik döv­lət sənədidir.

Ölkəmizdə mətbuata dövlət qay­ğısının mühüm nümunələrindən biri də Mətbuat Şurasının yeni bina ilə təmin edilməsi oldu. Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixdə – milli mətbuatımızın 135 illiyində Mət­buat Şurasının yeni binasının açılış mərasimində iştirak etməsi isə bu qurumun fəaliyyətinə dövlətin verdi­yi önəmin təzahürü idi. Azərbaycan mətbuatı üçün digər böyük hadisə jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış evlərinin tikintisidir. Dövlət başçımı­zın 2010-cu iyulun 22-də imzaladığı “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbir­ləri haqqında” Sərəncamına əsasən mətbuat işçiləri üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azər­baycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılmış vəsait hesabına jurnalistlər üçün 156 mənzil­dən ibarət 17 mərtəbəli bina inşa olu­naraq istifadəyə verilmişdir. 

Azərbaycan Respublikası Prezi­dentinin “Azərbaycan mətbuat işçilə­rinin sosial müdafiəsinin gücləndiril­məsinə dair əlavə tədbirlər haqqında” 2013-cü il 22 iyul tarixli sərəncamı ilə jurnalistlər üçün tikilən növbəti – 3 bloklu, 17 mərtəbəli binada media sahəsində çalışanlara 255 mənzil hə­diyyə edilmişdir. Həmin binanın tikintisi üçün 22 milyon manatdan çox vəsait sərf olunmuşdur. 

Dövlətimizin başçısı 20 iyul 2017-ci il tarixdə həmin binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylan­ması mərasimində şəxsən iştirak və çıxış etmişdir. Media reyestrinin yara­dılması, jurnalistlərə vahid vəsiqələrin verilməsi, güzəştli ipoteka şərtlərindən media nümayəndələrinin yararlanma­sının təmin olunması və digər üstün­lüklər jurnalistlərə göstərilən diqqət və qayğının əməli təzahürüdür. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010 və 2017-ci illərdə “Jurnalistlərin dostu” seçilmişdir. 

Bütün bunlar bir daha təsdiq edir ki, əsl Azərbaycanşünas olan ümummilli liderimiz Heydər Əliyev milli jurnalisti­kamızın inkişafına misilsiz töhfələr ver­mişdir. 

 

Mehriban SULTAN,
“Şərq qapısı” qəzetinin baş redaktoru

Sosial həyat