İyulun 20-də Bakıda Azərbaycan milli mətbuatının 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilib.
Azərbaycan Respublikası Audiovizual Şurasının, Medianın İnkişafı Agentliyinin, Mətbuat Şurasının birgə təşkilatçılığı ilə reallaşan konfrans Dövlət Himninin səsləndirilməsi və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, ulu öndər Heydər Əliyevin sovet vaxtı həyata keçirdiyi işlər məhz müstəqillik yolunda atılmış addımlar idi. Müstəqillik dövründə Ümummilli liderin mətbuata verdiyi önəmin şahidi olduq. Həmin dövrdə 100 ildən artıq mövcud olan senzura ləğv edildi, mətbuat üçün yeni şərait yaradıldı. Mətbuatın özünü tənzimləməsi istiqamətində qərarlar, qanunlar qəbul edildi. Ulu öndər, həmçinin mətbuat nümayəndələri ilə mütəmadi görüşlər keçirirdi.
Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli bildirib ki, “Media haqqında” Qanunun və aparılan islahatların bu sahəyə gətirdiyi yeniliklərdən biri bütün media subyektlərinin biznes mühitinə keçidini sürətləndirmək idi. Bu islahatlarla Azərbaycan mətbuatında vergi tətilləri tətbiq edildi, media reyestri yaradıldı. Media qanunvericiliyinin təkmilləşdirilməsinin, media islahatlarının əsas məqsədi bu sahədə inkişafa nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq.
Audiovizual Şuranın sədri İsmət Səttarov qeyd edib ki, media sahəsində aparılan bütün islahatların kökündə dayanan amil dövlətə və dövlətçiliyə xidmət, medianın inkişafına nail olmaqdır. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyət düşür – qloballaşan dünyada qlobal təhdidlərə qarşı çıxmaq, texnoloji inkişafın verdiyi bütün imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyada səsləndirmək. “Düşünürəm ki, jurnalistlərimiz, media nümayəndələrimiz bu missiyanın öhdəsindən fəxrlə və böyük məsuliyyətlə gələcəklər”, – deyə İ.Səttarov vurğulayıb.
Sonra Mətbuat Şurasının sədr müavini Səadət Məmmədovanın moderatorluğu ilə “Azərbaycanın milli mətbuatı: ənənə və müasir trendlər” mövzusunda panel iclas keçirilib. İclasda “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı “Milli mənlik şüurumuzun oyanışı və müstəqil dövlət quruculuğunda medianın rolu”, “Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov “Ulu öndər Heydər Əliyevin media islahatları: qanunvericilik və plüralizm”, Medianın İnkişafı Agentliyinin əməkdaşı Pərvanə İbrahimova “Media savadlılığı cəmiyyətin informasiya təhlükəsizliyinin vacib elementi kimi”, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli “Jurnalist peşəkarlığında xarici standartlar: beynəlxalq media qurumları ilə təmaslar və təcrübə mübadiləsi” mövzularında çıxışlar ediblər.
Konfrans işini “APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının moteratorluğu ilə “Mediada müasir transformasiya, informasiyalı cəmiyyət amili və ictimai maraqlar” adlı panel iclası ilə davam etdirib. İclasda Audiovizual Şuranın Aparat rəhbəri Fazil Novruzovun “Müasir Audiovizual kontent: ənənəvilik və müasirlik”, Naxçıvan Muxtar Respublikasının “Televiziya və Radio Verilişləri” QSC-nin sədri Sahil Tahirlinin “Naxçıvan mətbuatı tarixdən bu günə və müasir tendensiyalar”, “Technote” şirkətinin rəhbəri Fərid Pərdəşünasın “Süni intellekt jurnalistikanı necə dəyişir?” və “Aran” qəzetinin baş redaktoru Məhsəti Musanın “Bölgə mediasının fəaliyyətində yeni xüsusiyyətlər” mövzularında məruzələri dinlənilib.
“Xalq qəzeti”

