Tədbirdə hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri və vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri iştirak ediblər.
1998-ci il iyulun 18-də Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə yaradılan ANAMA minatəmizləmə sahəsində əldə etdiyi 25 illik təcrübəsi ilə qlobal miqyasda aparıcı quruma çevrilib.
Tədbirdə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, agentlik işğaldan azad edilmiş ərazilərin partlayıcı qurğulardan təmizlənməsi, bu ərazilərdə bərpa-quruculuq fəaliyyətinin təhlükəsiz icrası, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması, eləcə də regionda sülh və əmin-amanlığın bərpası və davamlı inkişafına müsbət töhfəsini verir. Ötən 25 il ərzində ANAMA tərəfindən 900 mindən çox mina və digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. Vüqar Süleymanov mina təhlükəsi ilə mübarizə fəaliyyətində göstərdikləri dəstəyə görə həm yerli, həm də beynəlxalq qurumlara təşəkkürünü bildirib.
Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov bildirib ki, bu gün ən aktual və şərəfli işlərdən biri də ANAMA əməkdaşlarının həyata keçirdiyi minatəmizləmə fəaliyyətidir. Bu fəaliyyətlə məşğul olan şəxslər həyat və sağlamlıqlarını təhlükə altına ataraq şərəfli vəzifələrini yerinə yetirirlər. Onların bu fəaliyyəti dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilir və bu sahəyə xüsusi diqqət yetirilir.
BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Vladanka Andreeva deyib ki, mina qurbanlarının sayının artması Azərbaycanda humanitar minatəmizləmə işlərinin sürətləndirilməsi üçün birgə səy və resurslara ehtiyac olduğunun göstəricisidir. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko vurğulayıb ki, Aİ dünyada mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dəstəklənməsində qlobal liderdir. Azərbaycanda bu fəaliyyətin dəstəklənməsi isə Aİ ilə əməkdaşlıqda başlıca prioritetlərdən biridir. Regionda sülh və davamlı inkişafın əsas şərtlərindəndir.
“Xalq qəzeti”


