İyulun 13-də Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının rəhbərlərinin müşavirəsi çərçivəsində Xarici İşlər Nazirliyinin rəhbər heyətinin və xarici ölkələrdə akkreditə olunmuş diplomatik nümayəndəliklərimizin rəhbərlərinin Ağdam şəhərinə səfəri təşkil olunub.
XİN-dən aldığımız xəbərdə bildirilir ki, səfərdə iştirak edən xarici işlər naziri Ceyhun Bayramov, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, xaricdəki diplomatik missiyalarımızın rəhbərləri Ağdam Şəhidlər xiyabanını ziyarət ediblər.
“Ağdamın dirçəlişi” adlı təqdimatda açılış nitqi ilə çıxış edən nazir Ceyhun Bayramov Ağdamın, Qarabağın Azərbaycan xalqı üçün əhəmiyyətindən bəhs edərək, bu gözəl şəhərin Ermənistan tərəfindən məqsədyönlü şəkildə dağıdılmasının Azərbaycana qarşı etnik nifrət və dözümsüzlük siyasətinin tərkib hissəsi olduğunu bildirib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə təqdimat edib. AMEA Tarix İnstitutunun şöbə müdiri, professor Mais Əmrahov Ağdamın, Qarabağın tarixi ilə bağlı mühazirə ilə çıxış edib.
Qarabağ və Şərqi Zəngəzurda bərpa və quruculuq işlərinə həsr olunmuş videoçarx nümayiş olunub. İştirakçılar Ağdamın tarixi və mədəni irs nümunələri ilə tanış olublar.
“Xalq qəzeti”