Dünən Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan İsrail Dövlətinin müdafiə naziri cənab Yoav Qallantın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
General-polkovnik Z.Həsənov israilli həmkarını salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib, ölkələrimiz arasında tərəfdaşlığın yüksək səviyyədə olmasının təkcə dövlətlərimizin inkişafında deyil, habelə bütün regionda təhlükəsizliyin təmin edilməsində mühüm rol oynadığını qeyd edib.
İsrail Dövlətinin müdafiə naziri kimi ölkəmizə ilk səfərindən və səmimi görüşə görə məmnunluğunu ifadə edən Y.Qallant Azərbaycan-İsrail əlaqələrinin dostluq və qarşılıqlı etimada əsaslandığını vurğulayıb, hərbi əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından bu cür görüşlərin və qarşılıqlı səfərlərin zəruriliyini qeyd edib.
Strateji münasibətlərin daha da möhkəmləndirilməsi və təhlükəsizlik üzrə əlaqələrin genişləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə Azərbaycan ilə İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.