Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin dəvətinə əsasən Daşkənddə səfərdədir.
Məqsəd bu gün keçirilən növbədənkənar prezident seçkilərini beynəlxalq müşahidəçi qismində izləməkdir.
Səfər çərçivəsində Azərbaycan Mərkəzi Seçki Komissiyası sədrinin Özbəkistanda seçkilərin müşahidəsində iştirak edən təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
MSK-nın nümayəndələri, həmçinin Türk Dövlətləri Təşkilatı və Müstəqil Dövlətlər Birliyinin seçki müşahidə missiyalarında da təmsil olunurlar.
Xatırladaq ki, bu il aprelin 30-da Özbəkistanda konstitusiyaya düzəlişlər üzrə referendum keçirilib və prezidentin səlahiyyət müddəti beş ildən yeddi ilə qaldırılıb. Özbəkistan qanunlarına əsasən, özbək dilini bilən, son on ili ölkədə yaşayan və namizədliyi siyasi partiyalar tərəfindən irəli sürülən 35 yaşdan yuxarı bütün vətəndaşlar seçkilərdə iştirak edə bilər.
Seçkilərdə hazırkı Prezident Şavkat Mirziyoyev, Xalq Demokratik partiyasının namizədi Uluğbek İnoyatov, Ekologiya partiyasının namizədi Abduşukur Hamzayev və Ədalət Sosial Demokratiya partiyasının namizədi Roba Mahmudova mübarizə aparırlar.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”