Brüssel raundu öncəsi: Paşinyanın zəngi, Arayikin məktubu və İrəvanın Rusiyanı qıcıqlandırmaq cəhdi

post-img

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında iyulun 21-də keçirilməsi nəzərdə tutulan Brüssel görüşündən əvvəl Ermənistan danışıqların mövzusunu özünəməxsus şəkildə hazırlamağa cəhd göstərir. Buna İrəvanın, faktiki olaraq, sülh prosesini ləngitmək üçün çıxardığı oyun da demək mümkündür. 

Baş nazir Nikol Paşinyan administ­rasiyasının istədiyi təxminən budur: Azərbaycanla Ermənistan arasında­kı vəziyyət baxımından yeni detallar meydana çıxsın və həmin detallar da­nışıqların gündəliyinə daxil olsun ki, prosesin başlıca hədəfi sayılan sülh müqaviləsinin ərsəyə gəlməsi uzan­sın. Əslində, Nikol iyulun 5-də ölkə hökumətinin iclasında çıxış edərkən, bunun anonsunu vermişdi. Bildirmişdi ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni hələ imza­lanmağa hazır deyil: “Ümid edirəm ki, qarşıdan gələn görüş zamanı Vaşinq­tonda qeydə alınan müsbət məqamlar məzmunlu olacaq”.

Ermənistan baş naziri sülh prosesi­ni pozmaq, sülh gündəliyinə alternativ­lər çıxarmaq üçün Qarabağdakı sepa­ratçı rejimin rəhbəri Arayik Arutyunyanı da ortaya salıb. Arayik Qarabağ er­məniləri müstəvisində sentimentallıq yaratmaqla, belə demək mümkünsə, “sari simlərə” toxunmaqla məşğuldur. Onun Rusiya Prezidenti Vladimir Pu­tinə ünvanladığı məktub məhz bundan xəbər verir. 

Ancaq məlumdur ki, bu məktub Pa­şinyanın məhsuludur, özünün V.Putinə telefon zənginin, guya, Arutyunyanın xahişi ilə gerçəkləşməsinin tirajlanması da, həmçinin. Nikol pozuculuq cəhdlə­rini, öz aləmində pərdələmək yolu tutur. Həm də Rusiyanı qıcıqlandırmaq istə­yir. Nikol Moskva ilə təmasları güclən­dirərək, elə fon yaradır ki, iyulun 21-də Brüsseldə Qarabağın taleyi həll oluna bilər. İstəyir ki, buna Kremlin adekvat tədbirləri meydana çıxsın. 

Ümumiyyətlə, Paşinyan yaxşı anlayır ki, Qərb vasitəçilik xətti sülhü hədəf seçib. Buna razı olmur və məramını açıq şəkildə bildirməyə cəsarət göstərmədiyindən, bir növ, təbii reallıqlar qondarmağa çalışır. Bu baxımdan isə Rusiya çox yaxşı vasitədir. Onsuz da Moskvanın reputasiyası pisdir, Paşinyan öz məqsədləri üçün həmin pis reputasiyadan irəli gələn hərəkətlərin dövriyyəyə girməsinə çalışır ki, Cənubi Qafqazda sülhün əldə olunmamasına görə günah Kremlin üzərində qalsın. 

Təsəvvür edin ki, Ermənistan sosial şəbəkə seqmentində Laçın yolu üzərin­dəki Həkəri körpüsündə Azərbaycanın bayraq dirəyinin Rusiya sülhməramlı­ları tərəfindən endirildiyinə dair səhnə yayımlanır. Məlumdur ki, bu söhbət çoxdanındır. O zaman sual olunur: nə üçün video-görüntülər məhz indi ya­yılır? Cavab sadədir. İrəvan istəyir ki, Azərbaycan Rusiya əleyhinə ritorika­nı gücləndirsin və nəticə etibarilə, bu, Kremlin ölkəmizə qarşı əks gedişlərini şərtləndirsin. Bu mənzərəyə Arayikin müraciətinin timsalında Qarabağ er­mənilərinin Rusiya ilə “mənəvi bağı”nın vurğulanmasını hədəf seçmiş senti­mentallığın əlavə olunması isə duruma dramatiklik gətirmək nöqteyi-nəzərdən vacibdir. 

Ona da diqqət yetirək ki, A.Arutyun­yanın V.Putinə məktubunun məzmu­nu açıqlanmır. Erməni mediası yalnız bunu bildirməklə kifayətlənir: “məktub düzgün, lakin kifayət qədər sərt ifa­dələrlə yazılıb”. Arayikin naməsinin, hətta ultimativ tonda qələmə alındığını bildirənlər də var. Onlar iddia edirlər ki, Arutyunyan Rusiya liderini rusların Qarabağda konkret olaraq nə edəcə­yinə tez bir zamanda cavab verməyə çağırır. Ortada belə bir ifadə var: əgər “vəziyyətə nəzarət etmək və yolu aç­maq niyyətində deyillərsə”, o zaman bundan sonra nə olacaq? 

Bəli, bildirilir ki, Arayik separat­çıların Rusiyadan konkret direktiv gözlədiklərini yazıb. Burada çox incə məqam var. Məlumdur ki, Qarabağ mövzusunda dirəniş göstərən Paşin­yandır. Amma vəziyyəti separatçı re­jimin öz iradəsi qismində təqdim edir. Yəni, təxminən belə: Qarabağ Rusiya­lıqdır, mənlik deyil. 

Bu gediş 21 iyul Brüssel təması ön­cəsi edilir ki, görüşdə Qarabağ məsələ­si, ümumiyyətlə, gündəmə gəlməsin. Nəzərə alsaq ki, Paşinyan hökumətin iclasında Qarabağda erməni silahlı bir­ləşmələrinin olmadığını qırmızı-qırmı­zı dandı, belə olan təqdirdə ölkəsinin bölgə ilə bağını da necə deyərlər, yoxa çıxarır. 

Halbuki, Nikolun yalan danışdığı gün kimi aydındır. Yalnız bircə faktı göstərək. İyunun 26-da İrəvanın hərbi təxribatı sonrası Azərbaycan Ordusu tərəfindən məhv edilmiş silahlıların ikisi Ermənistan vətəndaşı idi və onlar İrəvandakı Yerablur qəbirstanlığında gömüldülər, Qarabağda yox… 

Diqqət edək, axı, Ermənistan Qara­bağ ermənilərinin hüquq və təhlükəsiz­liyi məsələsini qabardırdı. İndi də eyni qaydada davranmaqdadır. Ancaq Pa­şinyan yaxşı anlayır ki, Ermənistanın mövcud istiqamətdəki cəhdləri əbəsdir. Azərbaycan öz mövqeyində qətidir və heç bir halda Bakı-Xankəndi dialoqu kimi avantüraya meydan tanıyıb sepa­ratçı rejimin hər hansı şəkildə leqallaş­masına imkan yaratmayacaqdır. Bakı Qarabağ ermənilərinin reinteqrasiya­sından başqa yol görmədiyini dəfələrlə açıqlayıb. Yeri gəlmişkən, bu məqamı bir müddət əvvəl separatçı rejimin rəh­bəri A.Arutyunyan da vurğulamışdı. 

Bütün bunların fonunda da görürük ki, Paşinyanın Qarabağı tamamilə Ru­siyanın üstünə atmaqdan başqa çarəsi qalmır. Bir daha bildirək ki, bu, Qərb formatının iyulun 21-də Brüsseldə ke­çiriləcək növbəti raundunun gündəliyini pozmaq üçün edilmiş gedişdir. Əslin­də, bu cəhd Azərbaycanın Qarabağ müstəvisində atacağı sərt addımlara rəvac vermək üçündür. İrəvan çalışır ki, Rusiya tərəfindən həmin addımlar onun özünə qarşı ünvanlanmış hərəkət kimi qəbullansın. Təbii ki, Moskvanın Bakıya münasibətdə əks addımlarının olmasına da, belə demək mümkünsə, sərmayə yatırılır. Ona görə də Arayik, yuxarıda da vurğuladığımız kimi, mək­tubunda Putindən qərar verməsini göz­lədiyini yazır. Bu məktubun Moskva ilə razılaşdırıldığını, yoxsa Arutyunyanın ümidsizlik fəryadı olduğunu söyləmək çətindir. 

Bəli, separatçıbaşı Arayikin fərya­dının Rusiyada necə qarşılandığına aydınlıq gətirmək üçün Paşinyan-Putin telefon danışığı ilə bağlı bəzi məqam­ları yada salmağa ehtiyac var. Məlum olduğu kimi, sözügedən telefon zən­gi ilə bağlı iki məlumat yayıldı. Birini Ermənistan hökuməti, digərini Kreml tirajladı. Birinci ikincidən fərqli olaraq daha yığcam idi. İrəvan bildirdi ki, te­lefon təması zamanı Qarabağda La­çın yolunun bağlanması ilə əlaqədar yaranmış humanitar böhran müzakirə olunub. Moskva isə əvvəla danışığın Ermənistan tərəfinin təşəbbüsü ilə ger­çəkləşdirildiyini açıqladı. Yəni, minnət ritorikasını işə saldı. 

Kremlin məlumatında, həmçinin ölkə liderlərinin Qarabağ ətrafındakı vəziyyəti, o cümlədən Laçın dəhlizi boyunca maneəsiz nəqliyyat əlaqələri­nin təmin edilməsi məsələlərini müza­kirəyə çıxardıqları vurğulandı. Habelə, Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020-2022-ci illərdə imzalanmış bütün sazişlər kompleksi­nin ardıcıl şəkildə həyata keçirilməsinin prinsipial əhəmiyyəti önə çəkildi. 

Moskva tərəfindən yayılmış mə­lumatdakı ən vacib məqam isə bu idi: “Rusiya Prezidenti Rusiyanın Ermə­nistan-Azərbaycan sülh müqaviləsinin işlənib hazırlanmasında əməli yardımı davamına hazır olduğunu təsdiqləyib. Müxtəlif səviyyələrdə təmasların da­vam etdirilməsi razılaşdırılıb”.

Göründüyü kimi, Moskvadan Arut­yunyanın ümidsizlik fəryadına anla­şılan reaksiya olmayıb. Yenə ümumi ifadələr səslənib. Eləcə də, Kremldə Paşinyanın gedişlərinin nəyə hesab­landığını yaxşı bilirlər. Əlbəttə, Rusiya Cənubi Qafqazda varlığını sürdürmək üçün Qarabağ faktoruna ciddi önəm verməkdədir. Ancaq ölkə, çox güman, Ermənistanın oyunlarının da fərqin­dədir və yaxşı dərk edir ki, Paşinyan administrasiyası ona qarşı “tələ” hazır­layır. Əlbəttə, Azərbaycan və Ermənis­tan liderlərinin növbəti Brüssel görüşü öncəki bu “tələ”, yuxarıda da vurğula­dığımız kimi, İrəvanın Bakı ilə mövcud sülh gündəliyində dəyişiklik etmək mə­ramını da hədəf seçib. 

 

Əvəz RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət