Separatçıların qarşıdurmasının yeni dalğası başlayıb

post-img

Son vaxtlar Qarabağdakı erməni sepatratçılar arasında qarşıdurmanın yeni dalğası başlayıb. Buna səbəb Xankəndi və ətraf bölgələrdə öz mövcudluğunu saxlamaq istəyən separatçıların bu arzularını reallığa çevirəcək lider tapa bilməməsidir. Bütün qüvvələri birəşdirəcək liderin yoxluğu faktı başda separatçıların başçısı Arayik Arutyunyan olmaqla, digər rəhbərləri də tənqid və istehza hədəfinə çevirib.

Oskanyanın “Üç aya Qarabağ məsələsini həll edərəm”
iddiasına cavab: “Səfehlikdir!”

Qarabağ separatçılarının düşdüyü dərin siyasi və daxili böhran hazırkı dövlət məmurları ilə yanaşı, keçmiş siyasətçiləri də “diriltməkdə”, gündəmə gətirməkdədir. Bu siyasətçilərdən biri də sabiq xarici işlər naziri Vardan Os­kanyandır.

Mövcud situasiyada öz siyasi imi­cini yaxşılaşdırmağa, “kölgədə qalan xilaskar” qismində yenidən gündəmə gəlməyə çalışan Oskanyan, Azər­baycanın çoxdan həll etdiyi Qarabağ problemini yenidən “həll etməyə” qadir olduğunu bildiirb. Vardan Oskanyan qeyd edib ki, Qarabağ məsələsini 3 aya həll etmək iqtidarındadır və bunun üçün onun sadəcə müzakirəçi təyin edilməsi kifayətdir.

Oskanyanın bu təklifi ermənilərin özləri tərəfindən ciddi istehza və gü­lüşə səbəb olub. Hakim “Vətəndaş sazişi” partiyasının nümayəndəsi, de­putat Gevorq Papoyan Oskanyanın məlum açıqlamasını “axmaqlıq” kimi səciyyələndirib. Gevorq Papoyan qeyd edib ki, əgər Vardan Oskanyan bu qə­dər ağıllı və uzaqgörən olsaydı, o za­man xarici işlər naziri olduğu dönəm­də problemin həllinə az da olsa töhfə verərdi: “Vardan Oskanyan 10 il xarici işlər naziri olub, bildiyimə görə, Levon Ter-Petrosyanın dövründə o, 5-7 il xa­rici işlər nazirinin müavini vəzifəsində işləyib. Bütün bu dövr ərzində Qarabağ məsələsi ilə məşğul olub. Əslində, Var­dan Oskanyana 15 il 3 ay vaxt lazım idi. Levon Ter-Petrosyan ona 5 il, Ro­bert Köçəryan isə 10 il vaxt verdi. Ona görə də onun dedikləri mənasızdır”.

Arutyunyanın “liderlik piramidası”ndan qopan daşlar

Separatçılar arasında qarşıdur­manın güclənməsi, Azərbaycanın Xankəndi və ətraf bölgələrdəki sepa­ratçılar üçün çənbəri daraltması Arayik Arutyunyanın da nüfuzuna öz mənfi təsirini göstərməkdədir. Bunun nəti­cəsidir ki, sadə vətəndaşlarla yanaşı, həm də separatçılar arasında nüfuzu­nu itirən Arutyunyana qarşı “istefa” ça­ğırışları artmaqdadır.

Xatırladaq ki, hələ bir ay bundan öncə Qarabağ separatçılarının “par­lament sədri” Artur Tovmasyan Araiki bacarıqsızlıqda ittiham etmiş, onu istefa verməyə səsləmişdir. Arayikin liderliyinə olan inamsız münasibət Qarabağdakı sadə ermənilərlə yanaşı, separatçıla­rın özünün də bu bölgəni tərk etməsi ilə müşahidə olunmaqdadır. İş o yerə çatıb ki, Arayik Xankəndidən qaçışın qarşısını almaq üçün bölgəni tərk edən məmurların cəzalandırılacağını bildirir, onları hədə-qorxu ilə dayandırmağa çalışır: “…Məmurların" və onların ailə üzvlərinin Qarabağı tərk etməsinin heç bir əsası yoxdur. Qarabağı tərk edən ermənilərlə bağlı ciddi qərarlar qəbul ediləcək. Mülklərini burada icarəyə verib gəlir əldə edirlər. Belə insanlara qarşı çox sərt münasibətin tərəfdarı­yam. Anons verirlər, qışqırırlar, qaçırlar, hamı getmək istəyir... ilk növbədə kim getmək istəyirsə, cəhənnəmə getsin, səssiz-səmirsiz getsin, camaat burada yaşayıb-yaratmaq istəyir”.

Arutyunyana qarşı siyasi müxalifə­tin çoxalması, dinc insanların ondan tamamilə üz döndərməsi, İrəvanın belə ona arxa çevirməsi separatçıların li­derinin onsuz da ağır olan vəziyyətini daha da ağırlaşdırmaqdadır. Xankən­dini tərk edən, yaxud müxalifət sırasına keçən hər bir ermənini A. Arutyunyanın “liderlik piramidası”ndan düşən daş he­sab etmək olar. Hansı ki, bu daşların bir daha yerinə oturmayacağı gün kimi aydındır.

İrəvan da separatçılara qarşıdır…

Qarabağdakı separatçılar daxilin­dəki gərginlik onların Ermənistanla olan münasibətlərinə də öz təsirini göstərməkdədir. Separatçıların idarəo­lunmaz qüvvəyə çevrilməsi, onlar ara­sında həmrəyliyin olmaması İrəvanın hər zaman dəstək verdiyi Qarabağ separatçıları ilə münaibətləri kəsmə­sinə səbəb olub. Bu fakt separatçıların nümayəndəsi Metakse Akopyan tərə­findən də təsdiqlənməkdədir. Akopyan qeyd edib ki, o, 200 gündən çoxdur ki, İrəvandakı həmkarları ilə telefon əlaqə­si yarada bilmir. Onun sözlərindən belə anlaşılıb ki, İrəvan məqsədli şəkildə separatçıların zənglərini cavabsız qo­yur, onlarla təmas yaratmaqdan qaçır. Görünən odur ki, Qarabağdakı sepa­ratçılar arasındakı gərginlik və qarşı­durma onlar üçün həm də yeni prob­lemlər yaratmaqda, separatçıları əlavə çətinliklərlə üz-üzə qoymaqdadır. İrə­vanın separatçılara qarşı siyasi cəbhə açması da Arayik Arutyunyan və onun əlaltılarının üzləşdiyi “növbədənkənar problemlər”dən biridir. Hansı ki, rəsmi Bakının qətiyyətli siyasəti, siyasi-diplo­matik təzyiqi fonunda bu problemlərin hər ötən gün daha da artacağı şübhə­sizdir.

Seymur ƏLİYEV

Siyasət