Heydər Əliyev – Azərbaycan intibahının müəllifi

post-img

Allaha şükür edirəm ki, 2023-cü il ümummilli liderimizin 100 illik yubileyinə düşdüyünə görə, “Heydər Əliyev İli” elan edilib. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi hər iki dövrdə respublikamızı çox ağır durumdan aqrar-sənaye dövlətinə çevirərək, ön sıralara çıxarmış, müstəqillik dövründə hüquqi-demokratik dövlət qurmuş, Vətənimizin dünya ölkələri sırasında layiqli yer tutmasına nail olmuşdur. Təhsilin, elmin, mədəniyyətin, incəsənətin sürətlə və hərtərəfli inkişafında ümummilli liderin müstəsna rolu və böyük xidməti olmuşdur. 

Ali vətəndaşlıq, milli mənafe meya­rı və prinsipi Heydər Əliyev siyasətinin hər komponentində özünü göstərib. Ulu öndərin xalqımız, onun gələcək nəsilləri qarşısında ən böyük xidmətlə­rindən biri milli kadrların yetişdirilməsi, müstəqil dövlətimizin neft strategiya­sını hazırlamaq və onu ardıcıllıqla hə­yata keçirməsi idi. Neft strategiyasının ölkə iqtisadiyyatının dünya birliyinə inteqrasiyasında, dövlət müstəqilliyi­mizin təminatında, respublikamızda infrastrukturların yüksək səviyyədə yenidən qurulmasında, cəmiyyətimiz­də demokratik mühitin formalaşmasın­da, Azərbaycanın Qafqaz regionunun liderinə çevrilməsində müstəsna yeri və rolu var. Bu amillər dünyanın ta­nınmış dövlət xadimləri tərəfindən də dəfələrlə etiraf olunub. 

Ümummilli lider yaxşı bilirdi ki, qloballaşmanın geniş vüsət aldığı in­formasiya cəmiyyətində sosial-iqtisadi fəaliyyət sahələrində rəqabətin güc­ləndiyi, o cümlədən təbii sərvətlərin getdikcə tükəndiyi bir vaxtda təhsil önəmlidir. Yüksək intellektli insan ka­pitalının formalaşmasında və davamlı inkişafın əsasını qoyan güclü iqtisa­diyyatın qurulmasında təhsilin, xüsu­silə də ali təhsilin rolu heç vaxt indiki qədər aktual olmamışdı. 

Ümummilli liderimizin tövsiyələri­ni xatırlayaq – cəmiyyətimiz daha sıx birləşməli, əsas hədəflərimiz yolunda dövlət müstəqilliyimizin möhkəmlən­məsi və inkişaf etməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası, işğal olunmuş torpaqların azad edilməsi, respublika­mızın dünya miqyasında özünəməx­sus layiqli yerini tutması yolunda siyasi dünyagörüşündən, fikir müxtəlifliyin­dən asılı olmayaraq, bütün vətəndaş­larımız həmrəy olmalı, birləşməlidir. Bundan sonra ölkəmizdə heç bir təxri­bata, qarışıqlığa yol verilməməlidir. Bu tarixi xidmətlərin yalnız iki aspektinə diqqəti yönəltmək istəyirəm.

Təhsil: Ötən əsrin 70-ci illərində respublikamıza zəruri olan ixtisas­lar üzrə mütəxəssislər hazırlayan ali məktəblər və kafedralar mövcud de­yildi. Ölkəmizdən kənarda ali təhsil almaq üçün göndərilənlərin sayı isə əlli nəfər idi və onların sırasında mil­liyyətcə azərbaycanlılar azlıq təşkil edirdi. Hər il əlli nəfər gəncin Azərbay­candan kənarda ali təhsil almaq üçün göndərilməsi respublikamızın ali təh­silli kadrlara olan tələbatını ödəmirdi və onlara kəskin ehtiyac duyulurdu. Ulu öndər bu problemi həll edərək, hər il min nəfərdən çox istedadlı azərbay­canlı gənci xaricə təhsil almaq üçün göndərməyə nail olmuşdu.

Tarix göstərir ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, bu, uzun sürə bilməmiş­dir. Yalnız xalqımızın ümummilli lideri Heydər Əliyev 1969-cu ildə hakimiy­yətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoydu.

Hələ Sovetlər dövründə Heydər Əliyev Azərbaycan dilinin dövlət dili səviyyəsində tanınması üçün tarixi xidmətlər göstərmişdir. Yetmişinci il­lərin ortalarında Azərbaycanda yeni Konstitusiya hazırlanarkən ulu öndə­rin təşəbbüsü ilə Əsas Qanuna Azər­baycanın dövlət dilinin Azərbaycan dili olması barədə maddə daxil edildi. An­caq bu maddə Moskvada çox böyük etiraza səbəb oldu. Heydər Əliyevin bu məsələdə böyük inadkarlıq göstər­məsi və dəmir məntiqi nəticəsində 1978-ci ildə respublikamızda qəbul edilmiş Konstitusiyada yazıldı: Azər­baycanın dövlət dili Azərbaycan dilidir. 

Tam qətiyyətlə demək olar ki, ulu öndərin həmin dövrdə yürütdüyü fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəltdi. Ulu öndərin təşəbbüsü və fəal iştirakı ilə 1995-ci il oktyabrın 31-də Konstitusi­yanın dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demok­ratik müzakirələr nəticəsində də Azər­baycan dilinin qanuni haqqı öz təsdiqi­ni tapdı. 

Azərbaycan dilinin dövlət dili sta­tusuna yüksəlməsi yolunda möhtərəm Heydər Əliyevin başladığı müqəddəs milli mücadilənin tarixi bir qərinədən çox davam etmişdir. Milli tariximizə Heydər Əliyev epoxası kimi daxil olmuş 1969–1982 və 1993–2003-cü illərdə Azərbaycan dilinin hərtərəfli inkişafı yalnız rəsmi sənədlərdə deyil, sözün həqiqi mənasında, gündəlik həyatda, təcrübədə ümumişlək dilə, dövlət dilinə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə, dünya diplomatiyasına yol tapması, beynəlxalq aləmin çox mötə­bər məclislərinin kürsülərindən eşidil­məsi ulu öndərimizin ana dilimizin in­kişafına, onun sosial-siyasi və mədəni həyatda layiqli yer tutmasına göstərdiyi qayğı və diqqətin son dərəcə dəqiq, düşünülmüş və uzaqgörən siyasətin nəticəsində mümkün olmuşdur. 

Heydər Əliyevin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi azərbaycançılıq məfkurə­sinin və milli ruhun hədsiz yüksəlişi, milli özünüdərkin keçmişin buxovların­dan azad olunması, xalqın yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında milli dövlətçilik ar­zularının və hisslərinin güclənməsinə, real siyasi amilə çevrilməsinə nail olunmasıdır. Ulu öndər xalqın forma­laşmasında ana dilinin rolunu yüksək qiymətləndirmişdir: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, in­kişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaq­cıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”. 

Heydər Əliyev dəfələrlə qeyd edir­di ki, Azərbaycan dili ilə yanaşı, onun incəsənətini, mədəniyyətini, tarixini, ədəbiyyatını dünyada geniş təbliğ et­mək üçün ölkə vətəndaşlarının xarici dilləri mükəmməl bilməsi çox vacibdir, çünki xarici dillər Azərbaycan dilinin inkişafı üçün körpü rolunu oynayır. 2000-ci il iyunun 13-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev “Təhsil sisteminin təkmilləşdi­rilməsi haqqında” Fərman imzaladı. Həmin sənədə əsasən, Azərbaycan Dövlət Dillər İnstitutunun profili ge­nişləndirilərək Azərbaycan Dillər Uni­versiteti yarandı. Ana dilimizi, mədə­niyyətimizi, tariximizi, ədəbiyyatımızı, adət-ənənələrimizi xarici ölkələrdə daha yaxından tanıtmaq baxımdan Azərbaycan Dillər Universitetinin rolu əvəzsizdir.

Ulu öndərin siyasətinin layiqli da­vamçısı Azərbaycan Respublikası­nın Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması­na dair 2019–2023-cü illər üçün Döv­lət Proqramı”nın təsdiq edilməsi təhsil sahəsində Azərbaycan üçün akade­mik heyətin hazırlanması baxımdan xüsusi əhəmiyyət kəsb edir.

Elm: Ümummilli lider Heydər Əliyev Sovet İttifaqı dağıldıqdan son­ra Milli Elmlər Akademiyasının tənəz­zülə uğraması və dağılmaq təhlükə­sini nəzərə alaraq, respublikamızın alimlərini bir araya toplayıb, onlarla məsləhətləşib, akademiyanı xalqımı­zın milli sərvəti adlandırmış və onu bağlanmaq təhlükəsindən xilas etmiş­dir. Ulu öndərin göstərişi və dəstəyi ilə Azərbaycan Milli Elmlər Akademiya­sının fəaliyyəti canlandı, onun bütün institutlarının maddi-texniki bazası zənginləşdi. 

Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyası sahəsində va­hid dövlət siyasətini həyata keçirən ali attestasiya orqanının – Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının for­malaşması və onun məhz Azərbay­can Respublikası Prezidenti yanında fəaliyyət göstərməsi Heydər Əliyevin müstəsna xidməti sayəsində mümkün olmuşdur. 

Elmi tədqiqatlara dəstək vermək, xaricdə və ölkəmizdə keçirilən bey­nəlxalq elmi tədbirlərdə elmi işçilərin və alimlərin təmsil olunmasını təmin etmək məqsədilə Elmin İnkişafı Fondu yaradılmışdır. Elmi fəaliyyətin hüquqi əsaslarını təmin etmək və möhkəm­ləndirmək məqsədi ilə 2016-cı ildə “Elm haqqında” Azərbaycan Respub­likasının Qanunu təsdiq edilmişdir. 15 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsasında yaradılmış “Azərbaycan Elm Fondu” dövlət sifarişi əsasında fundamental, tətbiqi və axtarış-innovasiya xarakter­li sahələr üzrə elmi tədqiqatları qrant şəklində maliyyələşdirir.

Ulu öndərin siyasi kursunun varisi Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyevin 10 dekabr 2018-ci il tarixdə imzaladığı “Azərbay­can Respublikasında elmi və elmi-pe­daqoji kadrların attestasiyası işinin təkmilləşdirilməsi və kadr hazırlığının yüksəldilməsi” məqsədilə verilmiş sərəncam mühüm əhəmiyyət kəsb edir. Müasir dövrün tələblərinə mü­vafiq olan elmi tədqiqatlar elmimizin gələcəyi üçün geniş perspektivlər açır. 

Respublikamızda alimlər, tədqiqat­çılar və onlar üçün dövlət tərəfindən yaradılmış şəraitin nəticəsidir ki, bu gün Azərbaycan alimləri dünyanın in­kişaf etmiş ölkələrinin qabaqcıl elmi mərkəzlərində fəal tədqiqatlar aparır­lar. Bu gün Azərbaycan qlobal əhə­miyyətə malik böyük elmi tədbirlərin keçirilməsi üçün əlverişli məkana çev­rilib. Azərbaycanın paytaxtı Bakıda bir neçə beynəlxalq humanitar forumlar keçirilib və bu mötəbər tədbirlərdə tanınmış siyasətçilər, keçmiş dövlət rəhbərləri, müxtəlif elmlər üzrə Nobel mükafatı laureatları və iqtisadçılar iş­tirak ediblər. 

Doğma universitetimizin tarixini araşdırarkən öyrəndim ki, ötən əsrin 20-ci illərində başlanmış, 1936–1937-ci tədris ilində ilk dəfə olaraq Azər­baycan Pedaqoji İnstitutunda (APİ) müstəqil “Xarici dillər” kafedrası ya­radılmışdır. 1940-ci ildə APİ-nin Xarici dillər fakültəsi 1941–1942-ci tədris ilin­dən Pedaqoji Xarici Dillər İnstitutuna çevrildi. Azərbaycan Dillər Universiteti tarixi inkişaf yolunu belə keçib. 

Universitetdə ştat üzrə 830 nəfər­dən ibarət professor-müəllim heyəti fəaliyyət göstərir. Onlardan iki nəfəri AMEA-nın həqiqi üzvü, 36 nəfər elm­lər doktoru, 19 nəfər professor, 270 nəfər fəlsəfə doktoru, 165 nəfər do­sent, 595 nəfər müəllimdir. Tələbələrin ümumi sayı 7 min nəfərdən çoxdur. 

Universitetdə təhsilin səviyyəsi­nin yüksəldilməsi, professor-müəllim heyətinin, tələbə (bakalvr və magistr), doktorant və dissertantların elmi və elmi-metodik fəaliyyət istiqamətlərinin bilavasitə tədris prosesinə inteqrasi­yasına yardım məqsədilə əldə olunan elmi nəticələrin elektron variantlarının hazırlanması və elektron resursların bazasına yerləşdirilməsi, elmi-tədqiqat işlərinin mövzularına dair müvafiq in­formasiya təminatı, dünya standartla­rına uyğun müasir məlumat-biblioqra­fiya xidməti göstərilməsi işi aparılır. 

Çox sevindirici haldır ki, ADU-da AMEA-nın həqiqi üzvü, universitetin rektoru Kamal Abdullayevin tövsiyə­si ilə Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzi yaradılıb. Birinci kurs tələbələrinə lazım olan bədii ədəbiyyat kitabları alındıqda və qaiməsi univer­sitet mühasibatına təqdim olunanda kitablar onlara bağışlanılır. Bu, rekto­rumuzun uzaqgörən və xoşniyyətli si­yasətidir ki, tələbələrə şəxsi kitabxana yaratmağa təkan verir. 

Bəllidir ki, dünyada universitetlərin reytinqinin müəyyənləşdirilməsi üçün meyarlar mövcuddur. Bu ilin mart ayında öyrəndik ki, dünya ali təhsil müəssisələri arasında keçirilən təhlilə görə, 1594 ali təhsil ocağı arasında Azərbaycan Dillər Universiteti müa­sir dillər üzrə (301–340) dünyada ən yaxşı universitetlər qrupuna daxil olub. Bu, ADU-nun kollektivi üçün böyük uğurdur.

Azərbaycan Dillər Universiteti təməli qoyulan gündən şərəfli yol ke­çir. Universitetimizdə iyirmidən çox dil və mədəniyyət mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər xarici ölkələrdə Azərbaycan dilini və mədəniyyətini, bizdə isə xarici ölkələrin milli dilini və mədəniyyətini təbliğ edir. Serb dili və Mədəniyyəti Mərkəzi, Rumın dili və Mədəniyyəti Mərkəzi, Macar dili və Mədəniyyəti Mərkəzi, Pakistan (urdu) dili mərkəzi, Qədim Dillər Mərkəzi, Türkiyə Araşdırmaları Mərkəzi el­mi-tədqiqatlar aparır. Universitetimiz­də tələbələrə xüsusi diqqət yetirilir və önəm verilir, həmçinin onlara çoxlu fürsətlər yaradılır. “Kitab klubu”, “Gənc diplomatlar klubu”, “Səfir saatı klubu” kimi maarifləndirici klublar fəaliyyət göstərir. Bu da təsadüfi deyil, çünki bizim məzunlarımız Azərbaycan Res­publikasının Prezident Administrasi­yasında, Nazirlər Kabinetində, bütün nazirliklərdə, həmçinin nüfuzlu bey­nəlxalq statuslu neft və qaz şirkətlə­rində, respublikamızın bütün ali və orta təhsil ocaqlarında şərəflə öz peşə biliklərini təqdim edərək tərcüməçi və ya müəllim kimi, habelə müxtəlif səfir­liklərdə diplomat kimi ADU-nu təmsil edirlər. 

Nigar VƏLİYEVA,
Azərbaycan Dillər Universitetinin Təhsil 1 fakültəsinin
Elmi-Metodik Şurasının sədri, filologiya elmləri doktoru, professor

Sosial həyat