Qarabağdakı qondarma qurumun missiyaları bitib
Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin iclasında Qarabağ mövzusundan danışarkən deyib: “Bizim üçün ən çətin məsələlərdən biri sərhəddə nəzarət – buraxılış məntəqəsini qoymaq idi. Bunu da həll etdik. İndi ermənilər oradan keçmək məcburiyyətindədir və sakitcə gedib-gəlirlər. Bu, Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Sərhəddən sonra inteqrasiyanın Qarabağın dağlıq hissəsinə də sirayət etməsinə gəldikdə isə, fikrimcə, artıq bu məqam da yetişib. Artıq Xankəndi və ətraf ərazilərdə Azərbaycanın dövlət qurumlarının fəaliyyət göstərməsi vacibdir. Doğrudur, hazırda Qarabağa xüsusi nümayəndə təyin olunub və o, fəaliyyət göstərir, lakin bölgədə qondarma qurumun da mövcudluğu var. Mənə elə gəlir ki, onlar da başa düşürlər ki, artıq missiyaları bitib”.
Universitetlərimizin adı niyə yaxşılar sırasında yoxdur?
Fazil Mustafa: Böyük Britaniyanın “World University Ranking” nəşri 2023-cü ildə dünyanın ən yaxşı universitetlərinin reytinqini dərc edib. Reytinqə Qazaxıstanın 9 şəhərindən 21 universitet daxil olub. Amma 30 ildir müstəqil olan Azərbaycanın bir universitetinin belə bu siyahıda adı niyə yoxdur? Çünki universitetlərimizdə təhsil günün tələbləri səviyyəsində deyil.
Cərimələr niyə bu qədər artırılır?
Deputat Fazil Mustafa İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə – yol hərəkəti ilə bağlı cərimələrin artırılmasına etirazını bildirib: “Cərimələrin artırılması, əslində, vətəndaş üçün yükdür. Bu səviyyədə cərimə artırılmaz. Bu, doğru yanaşma deyil. Ona görə ki, cəriməni həddən artıq sərtləşdirəndə bu pul vətəndaşın cibindən çıxır. Vətəndaş yoxsullaşanda isə dövlət yoxsullaşır. Mən bu prinsipin əleyhinəyəm. Hesab edirəm ki, bacardıqca vətəndaşın yükünü azaltmaq lazımdır. Yoxsa ki, hər şeyə rüsum, hər şeyə cərimə, ödəniş - bu, artıq normal yaşam imkanlarından kənara çıxır”.
Məlumat üçün qeyd edək ki, avtomobil yollarının saxlanılması və qorunması qaydalarının (38.1) pozulmasına görə cərimələr yeni layihəyə əsasən, 5 dəfədən çox artırılıb.
Keyfiyyətsiz dərmanlar bazara necə daxil olur?
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov keyfiyyətsiz dərmanların ölkəyə hansı yollarla daxil olması ilə bağlı məsələ qaldırıb: “Dərmanların keyfiyyətinin aşağı olmasının səbəbləri araşdırılmalıdır. Keyfiyyətsiz dərmanları gətirənlər üzə çıxarılmalıdır. Bunlar şəxsi istifadə üçün gətirən vətəndaşlar deyil. Bu dərmanlar başqa yollarla gəlir. Bu kimi vasitələrdən, eyni zamanda, şəxsi maraqlar üçün də istifadə olunur. Keyfiyyətsiz dərman vasitələrinin bazara necə daxil olması məsələsinə aydınlıq gətirilməlidir”.
Makron faşizmi dəstəkləyir
“Fransada ötən ayın sonunda 17 yaşlı əlcəzairli gəncin öldürülməsi ilə başlayan etiraz dalğası ölkədə böyük qarşıdurmaya səbəb olub. Bu hadisə Fransada fərqli millətlərə qarşı etnik nifrət, dözümsüzlük və zorakılıq hallarının pik həddə çatdığını göstərdi”. Bu fikirləri deputat Vahid Əhmədov səsləndirib. O deyib ki, Afrika ölkələrində törətdiyi qətliamlara baxmayaraq, özünü demokratiya və insan haqlarının himayədarı kimi təqdim edən dövlətin öz xalqı ilə bu cür rəftarı prezident Emmanuel Makron hökumətinin əsl simasını göstərdi: “İşğalçı dövlətlə həmrəylik nümayiş etdirən Makron bu gün də erməni faşizminin əsas himayədarlarından biridir. Son illər Fransada etnik-milli zəmində baş verən cinayətlərin və zorakılıqların artması isə onun irqçi siyasətinin ölkədaxili nizamı alt-üst etməsindən xəbər verir”.
Hərbi doktrinaya dəyişiklik təklif edildi
“Azərbaycan torpaqlarını işğaldan azad edib və “Azərbaycan Respublikasının Hərbi doktrinası”nda dəyişikliklərin vaxtıdır”. Bu təklifi deputat Elşad Mirbəşir səsləndirib: ”Bəzi ölkələrin hərbi doktrinaları hər il, iki ildən bir dəyişir. Azərbaycanın da müasir dünyada yeni reallıqlara uyğun hərbi doktrinasına dəyişikliklər edilməsi vacibdir. Artıq Azərbaycana qarşı olan təhlükələrin xarakteri də dəyişib. Ona görə dəyişikliyə zərurət yaranıb. Bizim üçün təhlükəli sayılan ölkələrin adı Hərbi doktrinada yer almalıdır. Bunlardan biri Fransa olmalıdır”.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”