Hökumətlərarası komissiyanın iclası

post-img

Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasında iştirak etmək üçün Tacikistan Respublikası iqtisadi inkişaf və ticarət naziri, hökumətlərarası komissiyanın həmsədri Zavkizoda Zavki Aminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Nümayəndə heyəti Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmiləri ilə birgə Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım ­Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb. Qonaqlar, həmçinin Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin xatirəsini yad ediblər. 

Daha sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib. 

İclasda Azərbaycanla Tacikistan arasında əlaqələrin bütün istiqamətlərdə uğurla inkişaf etdiyi, iki ölkənin bütün beynəlxalq platformalarda səmərəli əməkdaşlıq apardığı bildirilib. Müxtəlif sahələrdə işgüzar əlaqələrin daha da genişləndirilməsi perspektivləri, o cümlədən iqtisadiyyat, sənaye və ticarət, kənd təsərrüfatı, nəqliyyat, təhsil, turizm, mədəniyyət və digər sahələrdə əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.  

Müzakirələrdən sonra Tacikistan-Azərbaycan ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının protokolu imzalanıb.

Q.QASIMOV, 
“Xalq qəzeti”

 

Son xəbərlər