Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışı ilə əlaqədar təntənəli tədbir keçirilib.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti və məzunların valideynləri iştirak ediblər.
Tədbirdə əvvəlcə məzunlara diplomlar təqdim olunub.
DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Akademiyanın şəxsi heyətini, məzunları və onların valideynlərini salamlayaraq, təhlükəsizlik orqanlarında çalışacaq gənc zabitləri təhsillərini müvəffəqiyyətlə başa vurmaları münasibətilə təbrik edib, əsası 1998-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və dahi rəhbərin adını daşıyan bu tədris ocağında qazandıqları bilik və praktiki vərdişləri gələcək xidməti fəaliyyətlərində uğurla tətbiq edəcəklərinə, Heydər Əliyevin bu orqanlarda yaratdığı peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə, təhlükəsizliyin etibarlı təminatına öz töhfələrini verəcəklərinə ümidvar olduğunu bildirib.
General-polkovnik Əli Nağıyev hazırda Akademiyaya qəbul və namizədlərin seçiminə ciddi tələblərin qoyulduğunu və imtahanlarda yüksək keçid balları toplayaraq Akademiyaya daxil olan və fərqlənmə diplomu ilə bitirən kursantların sayının ildən-ilə artdığını qeyd edib, onların respublikada keçirilən müxtəlif bilik yarışlarında birincilik əldə etmələrinin məmnunluq doğurduğunu vurğulayıb.
Həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin Akademiyaya xüsusi diqqət və qayğısının növbəti təzahürü kimi dövlətimizin başçısının müvafiq Sərəncamı ilə Akademiyanın təhsil sisteminin müasir dövrün tələblərinə uyğunlaşdırılması və imkanlarının daha da genişləndirilməsi üçün nizamnaməsində dəyişiklik edilərək yeni bakalavr və magistr ixtisaslarının təsis edildiyi barədə məlumat verilib.
Sonra tədbirdə söz alan digər çıxışçılar da Akademiyada kursantların hərtərəfli savada və geniş dünyagörüşünə yiyələnmələri üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə və DTX-nin rəhbərliyinə minnətdarlıqlarını çatdırıblar.
Qəzənfər Qasımov,
“Xalq qəzeti”