İyunun 25-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili və qurumun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib ki, görüşdə Azərbaycan və UNESCO arasında möv-cud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın UNESCO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına və təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” çərçivəsində təşkil olunan çoxsaylı beynəlxalq layihələrin əhəmiyyəti vurğulanıb.
Baş direktorun müavini Qabriela Ramos məsul olduğu sosial və humanitar elmlər sahəsində UNESCO tərəfindən həyata keçirilən layihələr və təşəbbüslər, o cümlədən mədəniyyətlərarası dialoq, sosial innovasiyalar, süni zəka və idman fəaliyyəti kimi bir sıra istiqamətlər barədə ətraflı məlumat verib.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.