Dünən Azərbaycanda akkreditə olunan diplomatik korpusun çoxsaylı nümayəndələrinin Qarabağa səfəri olub. Diplomatları müşayiət edən qrupdakı əməkdaşımız Vaqif Bayramov bildirdi ki, səfər “Laçın” sərhəd-gömrük buraxılış məntəqəsindən başlanıb.
Əməkdaşımızın sözlərinə görə, diplomatlar buraxılış məntəqəsində yaradılmış şəraitlə yerindəcə tanış olub və yolun bağlı olması barədə Ermənistan tərəfinin təxribatçı iddialarının həqiqətə uyğun olmadığına şəxsən əmin olublar. Məlumat verilib ki, iyunun 15-də Azərbaycan hərbçisinin yaralanması ilə nəticələnən erməni silahlı təxribatı ilə bağlı hazırda burada istintaq tədbirləri aparılır. Baş vermiş insiden barədə xarici diplomatlar ətraflı məlumatlandırılıblar.
Vaqif Bayramov qeyd edib ki, hazırda tibbi yardıma ehtiyacı olan vətəndaşların daşınması üzrə Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti üçün şərait yaradılıb. Yəni, “blokada” ilə bağlı istənilən iddia erməni tərəfinin manipulyasiyasıdır: “Məlumdur ki, Ermənistan Azərbaycan tərəfindən istintaq tədbirlərinin aparılması faktından təbliğat üçün istifadə edir, beynəlxalq hay-küy qaldırmağa çalışır. Bununla bağlı diplomatlara ətraflı məlumat vermək üçün onlar Həkəri çayı üzərindəki körpünün qarşı tərəfinə gətiriliblər”.
"Xalq qəzeti”