Dövlət – din modeli mövzusunda konfrans

post-img

Dünən “Heydər Əliyev İli” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 22 illiyinə həsr olunmuş “Azərbaycanın dövlət-din modeli” mövzusunda konfrans keçirilib. 

Sədr Mübariz Qurbanlı 22 il bundan əvvəl, 2001-ci ilin iyun ayının 21-də Ulu öndər Heydər Əliyevin dövlət-din mü­nasibətlərinin tənzimlənməsi məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi­nin yaradılması barədə sərəncam imza­ladığını bildirib. DQİDK sədri vurğulayıb ki, Ümummilli liderin əsasını qoyduğu dövlət-din siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Komitə sədri diqqətə çatdırıb ki, Bi­rinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin to­lerantlıq ənənələrimizin ölkədə və bey­nəlxalq aləmdə təbliği istiqamətində ardı­cıl fəaliyyəti dövlət komitəsinin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsinə əlverişli zəmin yaradır. 

Dini Qurumlarla İş üzrə Dövlət Ko­mitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında dini qurumlarla işin qurulması, onların dövlət qeydiyyatına alınması, dinşünaslıq ekspertizasının aparılması, dini maarifləndirmə fəaliyyətinin təşkili, beynəlxalq münasibətlərin, eləcə də ic­timaiyyətlə əlaqələrin inkişafından danı­şıb. O, İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması ilə bağlı mü­sahibənin statistikasını açıqlayıb. Onun sözlərinə görə, birinci vakansiya zamanı ümumilikdə 270 sənəd qəbulu olub və onlardan 133-ü müsahibədən keçib. Mü­vəffəqiyyət qazananların 112-si müvafiq vəzifələrə təyinat alıb. Təşkil edilən ikinci müsahibə zamanı isə 254 müraciətdən 66-sı müsahibədən keçib və 55 nəfəri rəsmi din xadimi kimi fəaliyyətə başlayıb. Ötən müddət ərzində 118 din xadimi işin­dən uzaqlaşdırılıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmərxanım Cavadlı, Bakı Bey­nəlxalq Multikulturalizm Mərkəzinin icra­çı direktoru Rəvan Həsənov, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Alban-udi xristian dini icma­sının sədri Robert Mobili və Azərbaycan Bəhailəri Dini Mərkəzinin katibi Ramazan Əsgərli və başqaları DQİDK-nın həm 22 ildə keçdiyi uğurlu yoldan, həm də günün reallıqları çərçivəsində üzərinə düşən və­zifələri yüksək səviyyədə həyata keçirdi­yindən danışıblar. 

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 22-ci ildönü­münü ilə bağlı dövlət komitəsində qulluq keçən və xidmətdə fərqlənənlər fəxri fər­manla təltif olunublar. 

 

Q.QASIMOV, “Xalq qəzeti”

Son xəbərlər