Şuşada “Qurtuluşdan Zəfərə” beynəlxalq konfransı

post-img

İyunun 15-də Şuşa şəhərində “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının və Türkiyənin Ədalət və İnkişaf Partiyasının birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə və Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümünə həsr olunmuş “Qurtuluşdan Zəfərə” adlı beynəlxalq konfrans keçirilib.

Yeni Azərbaycan Partiyasından re­daksiyamıza bildirilib ki, məclisin əvvəlin­də “Qurtuluşdan Zəfərə” adlı film nüma­yiş etdirilib.

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Ta­hir Budaqov tədbir iştirakçılarını salam­layıb və konfransın işinə uğurlar arzu­layıb. Tahir Budaqov bildirib ki, 2023-cü il bir millətin iki dövləti olan Azərbaycan və Türkiyə üçün olduqca əlamətdardır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edil­mişdir. “Heydər Əliyev İli” çərçivəsində müasir müstəqil Azərbaycanın banisi, xalqımızın ümummilli lideri, Türk dünya­sının böyük oğlu, dünyanın ən nüfuzlu siyasətçilərindən olan Heydər Əliyevin zəngin dövlətçilik irsinin tədqiq olunması, əbədiyaşar ideyalarının öyrənilməsi və yeni nəslə aşılanması istiqamətində istər respublikamızda, istərsə də onun hüdud­larından kənarda, o cümlədən, qardaş Türkiyədə silsilə tədbirlər həyata keçiri­lir. Eyni zamanda, bu il dünyada Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü böyük coşqu və ruh yüksəkliyi ilə qeyd edilməkdədir”.

YAP Sədrinin müavini qeyd edib ki, anadan olmasının 100-cü ildönümünü qürurla və minnətdarlıqla qeyd etdiyimiz ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında xidmətləri misilsizdir: “Müdrik dövlət xadimi iki fərqli dövrdə – istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilli­yinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək xalqımız və döv­lətimiz üçün taleyüklü məsələlərin həllinə nail olmuş, Azərbaycan xalqının parlaq gələcəyini təmin etmişdir. 30 il bundan əvvəl – 1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi tariximizə Milli Qurtuluş Günü olaraq yazıldı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan amildir”.

YAP Sədrinin müavini söyləyib ki, 44 günlük Vətən müharibəsində şanlı qələ­bənin qazanılmasında qardaş Türkiyə­nin Azərbaycana yüksək mənəvi-siyasi dəstəyinin müstəsna rolu var. Prezident, müzəffər Ali Baş Komandan İlham Əliye­vin qeyd etdiyi kimi, İkinci Qarabağ mü­haribəsi bizim müştərək şanlı tariximiz­dir. Azərbaycan–Türkiyə münasibətləri 44 günlük Vətən müharibəsindən sonra hər iki ölkənin liderlərinin məqsədyönlü siyasəti nəticəsində tamamilə yeni bir səviyyəyə qalxmış, iki il bundan əvvəl – 15 iyun 2021-ci il tarixində Şuşa Bəyan­naməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlmişdir.

Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıl­dırım bildirib ki, Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan ilə Türkiyə arasında münasibətlər strateji müttəfiq­lik səviyyəsinə yüksəlib. Xüsusilə, 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra Qarabağın yenidən qu­rulmasında Türkiyənin yaxından iştirak etməsindən məmnunluq duyuruq. AK Parti Sədrinin birinci müavini vurğulayıb ki, Azərbaycanın müstəqil və güclü döv­lət kimi formalaşmasında böyük xidmət­ləri olan Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi qürurla qeyd edilir.

Azərbaycan Respublikası Preziden­tinin Şuşa rayonunda xüsusi nümayən­dəsi Aydın Kərimov çıxışında qeyd edib ki, Azərbaycanın dövlətçilik tarixinin dö­nüş nöqtəsi, ölkənin parlaq gələcəyinin təməlinin qoyulduğu 15 İyun Milli Qur­tuluş Gününü qardaş Türkiyədən olan hörmətli qonaqlarla müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin hər bir azərbaycanlının iftixar nöqtəsi adlan­dırdığı Şuşada qeyd etmək qürurvericidir.

Ədalət və İnkişaf Partiyası Sədrinin xarici əlaqələr üzrə müavini, Türkiyə Bö­yük Millət Məclisinin üzvü Efkan Ala, Milli Məclisin deputatı, Azərbaycan–Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qru­pun üzvü Ramil Həsən, Türkiyə Böyük Millət Məclisinin üzvü, Türkiyə–Azərbay­can Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım Azərbaycan–Türkiyə münasibətlərinin indiki yüksək səviyyəyə qalxmasında ulu öndər Heydər Əliyevin tarixi rolunu, prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın son 20 ildə bu yöndə ardıcıl fəaliyyətini vurğulayıblar.

Daha sonra konfrans öz işini panel iclası ilə davam etdirib.

“Xalq qəzeti”



Son xəbərlər