Ukraynaya humanitar yardım göndərilib

post-img

Azərbaycandan növbəti dəfə Ukraynaya humanitar yardım yola salınıb. Humanitar yardım Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Prezident İlham Əliyevin tapşırığı ilə təşkil olunub.

Humanitar yüklər su borularından, suyun vurulması üçün nasoslardan, xila­sedici jiletlərdən ibarətdir. Eyni zamanda, Ukraynaya xilasetmə əməliyyatlarında istifadə olunan texnika və gəmilər üçün nəzərdə tutulmuş 20 ton yanacaq da göndərilib.

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski jurnalistlərə Azər­baycandan bu ölkəyə növbəti humanitar yardımla bağlı deyib: “Dost Azərbaycan xalqına növbəti dəfə sizin qardaş çiyni­nizi, Ukraynaya göstərdiyiniz dəstəyi və yardımı hiss etdiyimizə görə çox minnət­darıq”.

Ukraynalı diplomat daha sonra qeyd edib ki, Kaxovka su elektrik stansiyası­nın dağıdılması texnogen fəlakətə səbəb ola bilər. “Əslində vəziyyət çox gərgindir, çünki bütün yaşayış məntəqələri su altın­da qalıb. Təxminən 60 min kvadrat kilo­metr ərazidə yerləşən yüzə yaxın şəhər və kənddən söhbət gedir.

Suvarma sistemi dağıdılıb və bu, təx­minən yarım milyon kvadratkilometr əra­zidə quraqlıq baxımından ciddi nəticələrə səbəb ola bilər. Xilasetmə işləri dostları­mızla birgə aparılır. Əlaqədar qurumlar, yerli sakinlər və ordu çalışır.

Biz dost Azərbaycan xalqına çox minnətdarıq, bir daha qardaş çiyninizi, Ukraynaya göstərdiyiniz dəstəyinizi və köməyinizi hiss edirik. Bu gün bu yardım Bakıdan Ukraynaya, oradan isə fəlakət zonasına çatdırılacaq. Bu, bizə çox lazım olan yardımdır”, – səfir deyib. 

Qeyd edək ki, Azərbaycan tərəfi – SOCAR 20 ton yanacaq ayırıb ki, bu da xilasetmə əməliyyatlarında iştirak edən nəqliyyat vasitələri üçün çatdırılacaq.

Humanitar yüklər təyyarə ilə Bakıdan Polşaya, oradan isə Ukraynaya çatdırıla­caq.

“Xalq qəzeti”

Son xəbərlər