İyunun 8-də Baş Prokurorluqda “Rəhbər heyətin mülki müdafiə məşqi”nə dair tədbir keçirilib.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən Baş Prokurorluğun Təşkilat və icraya nəzarət idarəsinin rəis müavini Şəmşir Şəmşirli mülki müdafiə sahəsində bilik və vərdişlərə yiyələnmənin əhəmiyyətini vurğulayaraq, prokurorluq orqanlarında bu istiqamətdə həyata keçirilən ardıcıl tədbirlərdən bəhs edib.
Məşğələdə FHN-in Mülki müdafiə işinin təşkili baş idarəsinin əməkdaşları Xəyal Tağıyev, İlham Söhbətov və Şəmsəddin Hüseynov çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin Mülki müdafiə planının dəqiqləşdirilməsi və təkmilləşdirilməsi, rəhbər heyətin bacarıqlarının artırılması olduğunu vurğulayıb.
Tədbirdə nazirlik tərəfindən respublikanın müxtəlif rayonlarında həyata keçirilmiş qəza-xilasetmə təlimlərini əks etdirən videoçarxlar, eləcə də fövqəladə hallar zamanı zəruri olan fərdi mühafizə vasitələri nümayiş etdirilib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”