“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin 126-cı kitabı çapdan çıxıb

post-img

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 126-cı kitabı çapdan çıxıb. 

Çoxcildliyin yeni kitabında toplanmış materiallar 2023-cü ilin fevral-mart ayla­rını əhatə edir. Fevral ayının mühüm ha­disələrindən biri Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında işti­rak etmək üçün Almaniyaya səfəri olub. Dövlətimizin başçısı konfrans çərçivəsin­də “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasda çıxışı zamanı Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlı Azər­baycanın mövqeyini bir daha bəyan edib: “Qarabağ erməniləri Azərbaycan vətən­daşlarıdır, azlıqdır. Azərbaycan çoxmillətli ölkədir və Azərbaycanda bütün azlıqlar mədəniyyət, dil, həmçinin təhlükəsizlik də daxil olmaqla, eyni hüquq və üstünlük­lərdən faydalanırlar. Biz Qarabağdakı er­məni icmasının nümayəndələri ilə praktiki təmaslara başlamağa hazırıq”. 

Prezident İlham Əliyev konfrans çər­çivəsində, həmçinin “Boru arzuları: gələ­cəyə uyğun enerji təhlükəsizliyi” möv­zusunda dəyirmi masada iştirak edib, Münxendə Avropa İttifaqı Şurasının Pre­zidenti Şarl Mişel, Avropa Ravvinləri Kon­fransının prezidenti Pinhas Qoldşmidt, İs­rail Dövlətinin müdafiə naziri Yoav Qalant, ATƏT-in Baş katibi xanım Helqa Maria Şmid və başqaları ilə görüşlər keçirib, xa­rici və Azərbaycan telekanallarına müsa­hibələr verib. Bütün bu görüşlər haqqında informasiyalarla və müsahibələrin mətnlə­ri ilə yeni kitabda tanış olmaq mümkündür.

Yeni kitaba Prezident İlham Əliyevin digər mühüm tədbirdə - Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Ankarada “Fəlakət – fövqəladə halların idarə edil­məsi və humanitar yardım” mövzusunda keçirilən Fövqəladə Zirvə görüşündəki çıxışının mətni daxil edilib. Prezident İl­ham Əliyevin təşəbbüsü ilə keçirilən Zir­və görüşündə Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğu vurğulanıb, Vətən müharibəsində qardaş ölkənin siyasi və mənəvi dəstəyi minnət­darlıq hissi ilə xatırlanıb, hazırda münasi­bətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyi qeyd edilib. Dövlətimizin başçısı son 20 ildə Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyənin böyük inkişaf yolu keçdiyini də diqqətə çatdırıb, dağıdıcı zəlzələnin nə­ticələrinin uğurla aradan qaldırılacağına əminliyini bildirib.

Sitat: Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanında olmuşdur. Bundan son­ra da belə olacaqdır.

Əminəm ki, əziz qardaşım, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın li­derliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaqdır. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsin­də ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verdi. 44 günlük müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycanın yanında idi. Müharibə zamanı və tarixi Zəfərimizdən sonra Tür­kiyədən minlərlə dəstək və təbrik mesajla­rı gəlmişdir. 2021-ci ilin iyun ayında Qara­bağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında Şuşa Bəyannaməsi imzalanmışdır və bizim əlaqələrimiz rəs­mən müttəfiqlik səviyyəsinə qaldırılmışdır.

Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bö­yük və şərəfli yol keçib, dünyada söz sa­hibi olub, güc mərkəzinə çevrilib. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər.

Türkiyənin hərbi gücünü, müdafiə sə­nayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olun­ması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir.

Çoxcildliyin 126-cı kitabına Prezident İlham Əliyevin mart ayında Almaniyaya işgüzar səfərinə aid materiallar, o cümlə­dən Prezident Frank-Valter Ştaynmayer, Kansler Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri haqqında informasiya­lar, Olaf Şolts ilə birlikdə mətbuata bəya­natlarının mətnləri daxil edilib.

Oxucu bu kitabda Prezident İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə videokonfrans formatında görü­şünə, Albaniya Prezidenti Bayram Beqay ilə görüşünə dair materiallarla da tanış ola bilər. 

Yeni nəşrdə Prezident İlham Əliyevin “Qoşulmama Hərəkatının “COVID-19”a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə çıxışının mətni, Azər­baycana səfər etmiş İslam İnkişaf Bankı qrupunun Prezidenti Məhəmməd Süley­man Əl-Casir, Kuba Respublikasının vit­se-prezidenti Salvador Antonio Valdes, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktoru Antonio Vitorino, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Mariano Qrossi, BMT-nin Siviliza­siyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos ilə görüşləri, müxtəlif ölkələrin yüksəkvəzifəli nümayəndələri­ni qəbul etməsi haqqında informasiyalar verilib.

Prezident İlham Əliyev martın 18-də Tərtər rayonuna səfər edib. Səfər çərçi­vəsində Suqovuşan qəsəbəsində yaşa­yış məhəlləsinin təməlini qoyub, qəsəbə tam orta məktəbində yaradılan şəraitlə, Suqovuşan su anbarında aparılan əsaslı təmir işlərinin gedişi, turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olub. Bütün bunlar haqqında informasiyalar da yeni kitabda yer alıb. 

“Azərnəşr” tərəfindən buraxılan 126-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏR­TAC) materiallarından istifadə olunub.

AZƏRTAC

Son xəbərlər