Samir Nuriyev Böyük Britaniya Baş nazirinin ticarət elçisi ilə görüşüb

post-img

İyunun 1-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və çoxşaxəli tərəfdaşlığa söykənən ikitərəfli münasibətlərin davamlı şəkildə uğurla inkişaf etdiyi bil­dirilib. Neft-qaz, yaşıl enerjiyə keçid, ticarət, nəqliyyat, təhsil və digər sahələrdə əhəmiyyətli nailiyyətlərin əldə olunduğu vur­ğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəh­bərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan genişmiq­yaslı bərpa və yenidənqurma işlərinin fəal şəkildə davam etdi­rildiyi, çox qısa vaxt ərzində və daxili maliyyə imkanları hesabı­na böyük nəticələrin əldə olun­duğu diqqətə çatdırılıb.

Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında həyata ke­çirilən bərpa və yenidənqurma işlərində, xüsusilə şəhərsalma və minatəmizləmə fəaliyyətlə­rində Böyük Britaniya şirkətləri ilə səmərəli əməkdaşlıq edildiyi qeyd olunub. 

Azərbaycan və Böyük Brita­niya arasında dostluq əlaqələ­rinin daha da gücləndiriləcə­yinə, ikitərəfli gündəliyin bütün sahələrində yeni nailiyyətlərin əldə olunacağına dair əminlik ifadə edilib.



Son xəbərlər