Tacikistanın aparıcı xəbər agentliklərindən biri olan “Аvesta.tj” Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konseptual məqaləsini dərc edib.
“Əliyev gəldi, gördü, qələbə qazandı!” sərlövhəli məqalədə “Əliyev fenomeni”nin ideya-siyasi təşəkkülünün mənbələri Azərbaycan tarixində sosial-siyasi hadisə kimi təhlil olunur, yeni Azərbaycan dövlətçiliyinin mövcudluğu uğrunda mübarizəni nəinki qabaqcadan müəyyən edən, həm də yeni geosiyasi mərhələdə respublikanın tarixi qələbələrini təmin edən ulu öndərin parlaq və dolğun həyat yolundan söhbət açılır.
Müəllif yazır ki, iki dövrün gərgin qovuşuğunda bu gözəl insan gələcəyə, siyasi müstəqilliyə, etibarlı müdafiə qabiliyyətinə və iqtisadi tərəqqiyə strateji körpü qurmaqdan ötrü tarixin həmin dönüş məqamında onu dağılmaqdan qoruyaraq və dövlət idarəçiliyinin yükünü öz üzərinə götürərək, suveren Azərbaycan Respublikasının təməlini qoya bildi.
“Xalq qəzeti”

