Dünən Rusiya Federasiyası Tatarıstan Respublikası Gənclərlə İş üzrə nazirlik nəzdində fəaliyyət göstərən Gənc Diplomatiya Akademiyası, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Gənc Diplomatlar Şurasının və İslam Əməkdaşlıq Gənclər Forumu Avrasiya Regional Mərkəzi (İƏGF Avrasiya Regional Mərkəzi), birgə təşkilatçılığı ilə Tatarıstanın Kazan şəhərində 23 ölkə nümayəndəsinin iştirakı ilə İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənc Diplomatların VII Forumu keçirilib.
Tədbirdə ümummilli lider HeydərƏliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev 100: şəxsiyyətin beynəlxalq münasibətlərdə rolu” mövzusunda panel müzakirələr keçirilib. İƏGF Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov 1993-cü ildə Azərbaycanın kəskin siyasi böhrandan çıxarılmasında, eləcə də müasir Azərbaycan dövlətçiliyinin formalaşmasında Heydər Əliyevin rolundan bəhs edib. Voronej vilayəti qubernatorunun müşaviri, siyasi ekspert Yevqeni Mixaylov Heydər Əliyevin Rusiya–Azərbaycan münasibətlərinin inkişaf etdirilməsində qazandığı uğurlardan danışıb. Rusiya Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən Gənc Diplomatlar Şurasının sədri Konstantin Kolpakov ortaq dəyərlərin qorunmasında, xüsusilə, ikinci Dünya müharibəsi nəticələrinin Azərbaycanda tanınmasında Heydər Əliyevin rolundan bəhs edərək, Azərbaycanın post-Sovet məkanında sürətlə inkişaf etməsinin məhz onun fəaliyyətinin nəticəsi olduğunu vurğulayıb. Bütün çıxışlarda onun müstəqil Azərbaycanın xarici siyasətində balanslı kursun banisi olması xüsusi qeyd edilib.
“Xalq qəzeti”

