Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən nazirliyin yanğın-xilasetmə qurumlarının iştirakı ilə “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan qaldırmaqdan daha asandır” şüarı altında əməliyyat-taktiki təlim keçirilib.
Təlimi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnikKəmaləddin Heydərov, Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi Mariatu Yap, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç, Qətər Dövlətinin ölkəmizdəki səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, həmçinin FHN Akademiyasında kurs keçən bir qrup qətərli zabit izləyiblər.
Təlimin keçirilməsində əsas məqsəd xalqımızın ulu öndəri Heydər Əliyevin hər zaman xüsusi diqqətdə saxladığı vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi məsələləri ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin qüvvələrinin daim yüksək hazırlıq vəziyyətində saxlanılması, fövqəladə hallarla mübarizə üzrə qurumlararası qarşılıqlı fəaliyyət və idarəetmə imkanlarının daha da genişləndirilməsindən ibarət olub.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”

