“Ucalardan uca insan”

post-img

Əminəm ki, bizim nəslə mənsub insanların bir çoxunun Heydər Əliyev haqqında deməyə sözü var. Kitablardan oxuduqları yox, məhz xatirələri. Mən də o insanlardan biriyəm. İndiki nəsil Heydər Əliyevi kitablardan, videoyazılardan tanıyır. Mən onunla şəxsən ünsiyyətdə olmuşam. Qulağa necə də xoş gəlir, qürurverici səslənir. Yox, yox, icazə verin qürurlanım – mən onu şəxsən tanıyırdım!

Ulu öndərlə iki dəfə görüşməyin xoşbəxtliyini yaşamışam. Bəli, mübali­ğəsiz, məhz xoşbəxtlik yaşamışam.

On birinci sinfi bitirməyimə sayılı günlər qalmışdı. 1993-cü il idi. 17 ya­şım hələ tamam olmamışdı. Məktəbi­mizin direktoru Ələkbər Quliyev şeir yazdığımı bilirdi. Bir gün məni yanına çağırdı:

– Qarşıdan Heydər Əliyevin 70 illik yubileyi gəlir. Yaxşı bir şeir yaza bilər­sənmi?

Dəliqanlı vaxtlarım idi:

– Mən sifarişlə şeir yazmıram, Ələkbər müəllim, – dedim.

Tutuldu. Mən də tutuldum. Mək­təbin ən fəal şagirdlərindən biri olma­ğımla yanaşı, nadinclərdən idim. Yaxşı tədbir hazırlamağım var idi. Yaxşı təş­kilatçı idim. Amma nə edəsən ki, mək­təbdə pəncərə şüşəsinin qırılması da mənim “əsərim” idi. 

Dikbaşlığımın fərqinə varıb vəziy­yəti düzəltmək üçün gülə-gülə tez dil­ləndim:

– Ələkbər müəllim, mən Heydər Əliyevə şeir həsr etmişəm. 

Gözləri güldü: 

– Hazırlaş, yaxın günlərdə Ali Məc­lisə gedəcəyik. 

Sevincimin həddi-hüdudu yox idi. Sonralar mən bu unudulmaz görüş üçün Ələkbər müəllimə həmişə rəhmət oxuyacağam. Evə gələr-gəlməz səliqə­li xətt ilə tələsmədən dəftərimdən şeiri ağ vərəqə köçürdüm. Heydər Əliyevə hədiyyə etməyi düşünürdüm. Məktəbi bitirmədiyimə görə pasport almamış­dım. Rəsmi ad və soyadım hələ ki Sə­binə Əliyeva idi. Şeirin altında imzamı qoyduqdan sonra mötərizədə təxəllü­sümü – “Əlincəli” yazdım.

Günlərimi sayırdım. Nəhayət ki, hə­min gün gəldi. 8 may 1993-cü il. Şu­şanın işğalından düz 1 il ötürdü. Qon­şumuz Qadir həkimgilin həyətindən Yaqut xalanın icazəsini aldıqdan sonra bir dəstə bənövşəyi zanbaq topladım.

Məni ilk sırada əyləşdirdilər. Çiçək­ləri bərk-bərk qucaqlayıb oturmuş­dum. Ulu öndər içəri daxil oldu. Onu şəxsən görmüş, onunla ünsiyyətdə ol­muş insanlar birmənalı olaraq, bu faktı təsdiqləyərlər: ondan gələn enerjini. gözəgörünməz enerjini. Onun yanın­da sözlə izah edə bilmədiyim enerji­nin dalğasını hiss edirdim. Çox fərqli idi. İlk cərgədə əyləşdiyim üçün, iclas zalı kiçik olduğundan onunla yaxın mə­safədə idim. Gözlərinin rəngi, iti baxışı ovsunlayırdı. Diqqətlə mənə, qucağım­dakı güllərə baxırdı. Aradan 30 il ötüb. Bu illərdə Bakıda, Sankt-Peterburqda, Naxçıvanda yaşamışam. Hələ də onun qədər xarizmatik insana rast gəlmə­mişəm.

Çıxışlar başladı. Qeydlər aparırdı. Arada başını qaldırıb zala baxırdı. Bir nəfər qalxdı. Kim olduğunu xatırlamı­ram. Şeir söylədi. Belə bir misrası var idi: “Şərqin qoca şiri Naxçıvandadır”. Şeir bitdikdən sonra Heydər Əliyev üzünü zala tutub gülə-gülə “Şir hələ qocalmayıb haaa!” – dedi. Sonunu elə intonasiya ilə uzatdı ki... O vurğuda hər şey var idi: inam, əminlik, güc. Mən onda həyatımın ilk dərsini aldım. Yumor hissinin zəka sahiblərinin ən iti silahla­rından biri olduğunu anladım. Heydər Əliyevin sərrast, insanın içindən keçən çox güclü zarafatlarının gələcəkdə bü­tün xalqım kimi, mən də hələ çox şahidi olacaqdım. Olduqca zabitəli görünüşü­nü zarafatları ilə yumşaldaraq, bir anda səmimi ortam yaradan canlı əfsanə idi Heydər Əliyev. Mən ona heyran idim. 

Növbə mənə çatdı. Qalxıb şeirimi oxudum. Kürsüdən aralanıb çiçəkləri Heydər Əliyevə təqdim etdim, 70 yaşı münasibətilə təbrik etdim və şeirimi yazdığım vərəqi ona uzatdım. Alnım­dan öpdü, qucaqladı. Gözlərimin bə­rabərinə əyildi. O baxışlarda olan qə­tiyyəti hələ də unuda bilmirəm: “Mən sənə söz verirəm, Naxçıvan heç bir zaman Şuşanın gününə düşməyəcək! Biz Şuşanı azad edəcəyik!” 

Şeirimi diqqətlə dinləmişdi:

Xalq sənə inanır, inamı doğrult,

Yurdumun düşməni qoy olsun süqut.

Gücünü qələbə etdirsin sübut,

Xalqımın qeyrətli övladı Heydər!

Çıxart sən xalqını azad, ağ günə.

Düşməsin Naxçıvan Şuşa gününə.

Dağlar çəkilməsin xalqın köksünə,

Xalqımın qeyrətli övladı Heydər!

“Düşməsin Naxçıvan Şuşa gününə” misrası Şuşanın işğalı ilə barışmayan yeniyetmə qızın fəryadı idi. O, bu fər­yadın ağrısını bütün hüceyrələrinə qə­dər hiss etmişdi. Həzm edə bilmirdim torpaqlarımızın işğalını. İnandığım bir həqiqət var idi: hamı onun ərtafında sıx birləşməli, çəkici bir yerə vurmalı idi. Heydər Əliyev mənim üçün xalqın önündə gedən, onu düz yola yönəldən lider idi. Bu dünyada ağıllı, dərrakəli in­san çoxdur. Amma hər ağıllı insan lider deyil. Heydər Əliyev lider idi. Mən bunu o vaxt gözəl dərk edirdim. 

Mənim gözümdə Heydər Əliyev zə­kanın və gücün birləşməsi idi. Bu üz­dən onu hər zaman sevdim. O görüşdə onun yanında özümü o qədər güvəndə hiss etdim ki, içimdəki qorxu, vahimə bir anda çəkildi. Hələ çox gənc, ürkək, müharibənin dəhşətlərindən gözü qorx­sa da, içində qan-qan deyən, ölümə getməyə belə hazır olan cəsarətli bir azərbaycanlı qızının səksəkəsinin üs­tündən bir xətt çəkdi o görüşdə Heydər Əliyev. O rahatlıq hissini verdiyi üçün, bizi – millətimizi, Vətənimizi qoruya­cağına inandığım üçün mən onu saf məhəbbətlə sevdim. 

...İnamlı alqış səsi zalı bürüdü. ..Sonrası xoşbəxtlik... Məktəbdə məş­hurlaşmışdım. 

İkinci dəfə onunla görüşmək mənə 1999-cu ildə nəsib oldu. Naxçıvan Dövlət Universitetində, II kursda oxu­yurdum. Oktyabr ayı idi. Universite­tin rektoru və müəllimim İsa Həbib­bəyli Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının 75 illik yubi­ley tədbirlərində iştirak etmək üçün Naxçıvana gələcəyini və bu tədbirlər çərçivəsində universitetin yeni tədris korpusunun təntənəli açılışında iştirak edəcəyini söylədi. İsa müəllim Heydər Əliyevi salamlamaq üçün bir neçə tələ­bə ilə birgə mənim də şeir söyləməyimi istəyirdi. Keçirdiyim hissləri təsəvvür etmək o qədər də çətin deyil, yəqin ki. Xatirələr yenidən canlandı. Mən elə həmin an Vaqif Məmmədovun 1997-ci ildə qələmə aldığı “Ucalardan uca in­san” şeirini söyləyəcəyimə qərar ver­dim:

Sən ucasan, zəka səndə, güc səndə,

Şimşək səndə, alov səndə, qar səndə,

Xətainin cəsarəti var səndə.

Sən qeybdən göndərilən səsmisən?

Sən tökülən qan izini kəsmisən.

İllər boyu əsarətdə yatan el, 

Sevincini, şadlığını atan el, 

Dar ayaqda ətəyindən tutan el

Tanrısını tanıyırdı, duyurdu

Sən qoymadın parçalana bu yurdu.

Əyilib üzümdən öpəndə: “Cənab Prezident, biz Sizinlə 1993-cü ildə, Sizin 70 illik yubileyinizdə görüşmüş­dük. Mən Sizə şeirimi hədiyyə etmiş­dim”, – dedim. Gülümsəyərək: “Tanı­dım səni. Sən həmin qızsan”,- dedi. Sonra orda iştirak edənlərdən sən onun qulağına nə dedin, o nə dedi sualları ilə maraq edənlər də az olmamışdı. 

Elə hadisələr var ki, onların təəs­süratı insanı ömrü boyu müşayiət edir. Mən xatirələrimi şişirtmədən, bəzək vermədən, sadə və yığcam danış­maq istədim. Məqsədim gözəl bir yazı hazırlamaq deyil də, yaddaşımın bir küncündə illərdir yaşayan, hər dəfə da­nışdıqca mənə gözəl hissləri təkrar ya­şadan xatirələrimi yazıya köçürmək idi. Ulu öndərin 100 illiyinə mənim də bir töhfəm olmasını istədim. Xatirələri hər kəs sevər, bilirəm. Hər dəfə danışdıqca gözlərim güldüyü kimi, bu yazı qələmə alındıqda da gözlərim sevinc yaşları ilə nəmlənirdi. Atam, babam, ulu öndərim, ruhun şad olsun! Ruhuna böyük ehti­ramla:

 

Səbinə ƏLİNCƏLİ,
Bəhruz Kəngərli muzeyinin direktoru

Sosial həyat