Mayın 12-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirildi. Parlamentin sədri bugünlərdə Ermənistan ordusunun cəbhədə törətdiyi təxribata münasbət bildirərək dedi ki, bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Ermənistanın bu təxribatda əsas məqsədi hazırda aparılan sülh danışıqlarının pozulmasıdır.
Sonra cari məsələlərin müzakirəsi başlandı. Deputatlar sabah qardaş Türkiyədə keçiriləcək prezident və parlament seçkilərinin uğurla başa çatmasını arzuladılar.
İclasda bəzi ermənipərəst qüvvələrin Azərbaycana qarşı qərəzli mövqeyindən də söhbət açıldı. Deputat Elşad Mirbəşir dedi ki, Fransa Xarici İşlər Nazirliyi Qarabağ ərazisini “anklav” adlandırıb və çəkinmədən Azərbaycan ərazilərini Ermənistan ərazisi kimi təqdim edib. O, sülh gündəliyinin aktual olduğu bir dövrdə Fransanın belə bir mövqedən çıxış etməsinin, bütövlükdə, region üçün təhlükə yaratdığını söylədi. Deputat Qüdrət Həsənquliyev isə təəssüflə bildirdi ki, Ermənistan 44 günlük savaşdan hələ də nəticə çıxarmayıb. Onlar yenə də münaqişəni uzatmaq, hansısa möcüzələrin baş verəcəyini gözləməkdədirlər. Çox təəssüf ki, Fransa da onlara dəstək verir.
Çıxış edənlər Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində bir sıra obyektlərin açılış, bəzilərinin isə təməlqoyma mərasimlərində iştirakından söhbət açdılar.
Deputat Sahib Alıyevin sözlərinə görə, Şuşada dövlət başçımızın ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı möhtəşəm çıxışında da vurğulandığı kimi, heç kəs bizi yolumuzdan döndərə bilməz: “İlk növbədə ona görə ki, güclü ordumuz var və bu ordu Prezidentimizin təbirincə desək, “gücünü paradda yox, döyüş meydanında göstərib”. Yaxşı olar ki, təkcə haylar deyil, güvəndikləri qüvvələr də müzəffər Ali Baş Komandanımızın bu sözlərindən düzgün nəticə çıxarsınlar”.
Gündəlikdəki birinci məsələni – “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nı Daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov təqdim etdi. General diqqətə çatdırdı ki, Аzərbаycаndа insаn аlvеrinə qаrşı mübаrizəyə dövlət, hökumət və pаrlаmеnt səviyyəsində verilən böyük dəstək sayəsində 2022-ci ildə də sözügеdən əməllərin prоfilаktikаsının və cinayət təqibinin ən yüksək səviyyədə təşkilinə imkan yaradıb.
S.Əzimov “İnsan alverinə qarşı mübarizə üzrə 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq insan alverinə qarşı mübarizənin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən müvafiq dəyişikliklər, qurbanlarla işin təkmilləşdirilməsi, aparılan təbliğat, mааrifləndirmə işləri barədə məlumat verdi. O, hesabat ilində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinin də diqqət mərkəzində saxlanıldığını deyərək vurğuladı ki, ABŞ Dövlət Departamentinin 2022-ci ilin iyun ayında insan alverinə qarşı mübarizəyə dair yayımladığı hesabatda ölkəmizin fəaliyyəti alqışlanıb və respublikamız bir pillə irəliləyərək 2-ci yeri tutub.
Hesabat ilində həyata keçirilmiş müvafiq əməliyyat-axtarış tədbirlərinin nəticələrini diqqətə çatdıran nazirin birinci müavini 2022-ci ildə 157 insan alveri, 3 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə 44 qanunsuz hərəkət üzrə cinayətin qeydə alındığını bildirdi: “Bundan başqa insan alveri cinayəti törətdiklərinə görə, ikisi kişi, on üçü qadın olmaqla, 15 nəfər məhkəmə məsuliyyətinə təqdim edilib. Onların barəsində məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərindən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Hesabat ilində 94 insan alveri qurbanı (93 qadın, 1 kişi) müəyyən edilib və zərərçəkmişlərin reabilitasiyası, reinteqrasiyası üçün zəruri tədbirlər görülüb”.
Müzakirələrdən sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq qəbul edildi.
Sonra S.Qafarova gündəlikdəki 3 məsələnin beynəlxalq müqavilələrin təsdiq edilməsi barədə qanunun layihələrinin olduğunu dedi. Müzakirəyə çıxarılmış sənədlərlə bağlı əlavə təklif və rəy olmadığından səsə qoyularaq qəbul edildi.
Müzakirəyə çıxarılan sənədlər qəbul edildikdən sonra növbəti 6 məsələnin mahiyyətcə eyni olduğunu deyən S.Qafarova qanun layihələrinin Prezidentin bir məktubu ilə daxil olduğunu bildirdi və müzakirələrdən sonra ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin plenar iclası başa çatdı.
Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

