Tarixə möhürünü vurmuş böyük şəxsiyyətlər mənsub olduqları xalqların mənəvi birliyinə, milli və bəşəri dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edən mütərəqqi ideya-siyasi baxışları, səfərbəredici missiyaları ilə seçilmişlər. Siyasi fəaliyyətində insan amilini, hər bir fərdin qanuni mənafeyini önə çəkən belə dahi rəhbərlər yüksək mənəvi keyfiyyətləri – ədalət meyarını daim uca tutmaları ilə milyonların rəğbətini qazanmışlar.
Bu kontekstdə əminliklə demək olar ki, XX əsrdə xalqımızın dünya siyasi arenasına bəxş etdiyi qüdrətli tarixi şəxsiyyət – ulu öndər Heydər Əliyev insanpərvər, ədalətli, mərhəmətli və nəcib şəxsiyyət olması ilə ümummilli lderlik zirvəsinə ucalmışdır. “Dövlət iki şeydən sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə” – deyən böyük strateq ədaləti ədalətsizliklə bərpa etməyin yolverilməzliyini də özünəməxsus müdrikliklə vurğulamışdır. Ulu öndər Heydər Əliyev respublikaya siyasi rəhbərliyinin hər iki mərhələsində qanunçuluğun, hüquq qaydalarının cəmiyyətdə bərqərar olmasına çalışmaqla bərabər, insan hüquqlarının yüksək səviyyədə qorunmasına, ədalət meyarının ictimai həyatın bütün sahələrində ali dəyər kimi qəbuluna xidmət edən kompleks tədbirlər həyata keçirmişdir.
Hindistanın böyük dövlət xadimi Mahatma Qandinin sözüdür – “Bağışlamaq bacarığı güclülərin xüsusiyyətidir”. İnsan günahlarını bağışlamaq bütün zamanlarda qəlbin böyüklüyü, insan zəkasının kamilliyi, müdrikliyi kimi yüksək dəyərləndirilmişdir. Ulu öndər Heydər Əliyev də qətiyyətli, prinsipial, əzmkar rəhbər olmaqla yanaşı, yüksək daxili humanizmi ilə səhvini başa düşən, səmimi peşmançılıq hissi keçirən insanları bağışlamağı bacaran, insanları kin-küdurətdən, qisasçılıq, şəxsi ədavət kimi mənfi cəhətlərdən uzaq olmağa çağıran adil şəxsiyyət idi. Ümummilli lider məhz yüksək mənəvi keyfiyyətləri, hər bir fərdin maraqlarını önə çəkən mütərəqqi ideyaları ilə sağlığında daim səfərbəredici, birləşdirici lider kimi qəbul edilmiş, hər zaman ictimai dəstək almışdır.
Azərbaycan Perzidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi haqqında” Sərəncamında ulu öndərin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərinə xüsusi toxunulur: “Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir”.
Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” 08 may 2023-cü il tarixli sərəncamı da reallaşdırılan anım tədbirlərinin davamı olaraq, ulu öndərin insan amilini uca tutan ideya-siyasi baxışlarının cəmiyyətə aşılanması və təbliği baxımından mühüm əhəmiyyətə malikdir.
Xatırladaq ki, Heydər Əliyev Fondunun prezidenti, o zaman Milli Məclisin deputatı olmuş Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi 2007-ci il mayın 8-də “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar qəbul etmişdir. Yüksək mərhəmət və humanizmi ulu öndər Heydər Əliyevin təkcə sosial-iqtisadi və siyasi deyil, insan hüquqlarının ali səviyyətə təminatına xidmət edən məhkəmə-hüquq islahatlarının da mütərəqqi mahiyyətində parlaq təcəssümünü tapır. Xatırlatmaq lazımdır ki, 1993-cü ildə xalqın təkidli istəyi ilə hakimiyyətə qayıdan ümümmilli lider Heydər Əliyev milli dövlətçiliyi potensial təhdidlərdən qorumaq, ictimai-siyasi sabitliyi, qanunçuluğu təmin etmək üçün ilkin mərhələrə qətiyyətli, prinsipial tədbirlərə əl atsa da, kompleks iqtisadi, siyasi və hüquqi islashatların reallaşdırılması mərhələsində əsasən liberal təmayülə üstünlük vermişdir. Təşəbbüsü və rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümümxalq referendumu yolu ilə qəbul edilmiş Azərbaycan Konstitusiyasının müddəalarının üçdə birinin sırf insan hüquqları bağlı olması Heydər Əliyevin insan və şəxsiyyət amilini dövlət siyasətinin fövqündə saxladığını təsdiq edir.
Sivil, dünyəvi, demokratik dövlət quruculuğu prosesinin, ümumbəşəri dəyərlərin mahiyyətinə zidd olan ölüm hökmü üzərində 1993-cü ildən etibarən moratoriumun tətbiqi ulu öndər Heydər Əliyevin yürütdüyü hüquq islahatlarının humanist və insanpərvər mahiyyətini də nümayiş etdirir. Ümummilli liderin Milli Məclisə ünvanladığı 3 fevral 1998-ci il tarixli müraciət əsasında həmin il fevralın 10-da ölkədə ölüm hökmü tamamilə ləğv edilmiş, Azərbaycan yaxın Şərqdə bu tarixi qərarı verən ilk ölkə olmuşdur. Bu cəza növünün Azərbaycan Respublikası Cinayət Məcəlləsindən tamamilə çıxarılması da yüksək humanizm və insanpərvərlik nümunəsi kimi qeyd edilməlidir. Ümummilli lider Heydər Əliyev ölüm hökmünün ləğvi ilə bağlı tarixi müraciətində deyirdi: “Cinayət-hüquq siyasətinin humanistləşdirilməsi ilə bağlı görülən işlər, o cümlədən cinayət məcəlləsinin ölüm cəzasını nəzərdə tutan iyirmi bir maddəsinin sanksiyalarından bu cəzanın çıxarılması, qadınlara, 65 yaşına çatmış kişilərə ölüm cəzasının tətbiqinin qadağan edilməsi, 1705 məhbusun əfv edilməsi, o cümlədən ölüm cəzasına məhkum edilmiş 12 şəxsin əfv olunaraq cəzalarını azadlıqdan məhrumetmə ilə əvəz edilməsi və amnistiya qaydasında 17 mindən artıq şəxsin müxtəlif cəzalardan azad edilməsi və onların yenidən cəmiyyətə qayıtması üçün şərait yaradılması ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğunun təzahürüdür”.
Konstitusiyamızın bir sıra müddəaları müstəqil, üçpilləli məhkəmə sisteminin yaradılmasına zəmin yaratmaqla yanaşı, cəza siyasətinin huimanistləşdirilməsini də təmin etmişdir. Konstitusiyanın 61-ci maddəsi (Hüquqi yardım almaq hüququ), 63-cü (Təqsirsizlik prezumpsiyası), 65-ci (Məhkəməyə təkrar müraciət hüququ) və digər bir sıra maddələrinin əhəmiyyəti bu baxımdan xüsusi vurğulana bilər. 65-ci maddədə qeyd olunur ki, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.
1995-ci ilin may ayında “Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası”nın yaradılması, əfvetmə institutunun bərpası da Ulu Öndərin tarixi qərarlarından biri olaraq, respublikanın beynəlxalq nüfuzunun yüksəldilməsinə xidmət etmişdir. Əfv Məsələləri Komissiyasının tərkibinə ictimaiyyətin, qeyri-hökumət təşkilatlarının tanınmış təmsilçilərinin daxil edilməsi şəffaf, obyektiv və ədalətli qərarların qəbulu baxımından səmərəli nəticələr verir, vətəndaşların, habelə məhkum olunmuş şəxslərin əfvlə bağlı müraciət imkanlarını asanlaşdırır.
2001-ci il 18 iyul tarixli “Əfvetmə haqqında Əsasnamə”, habelə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 82-ci maddəsi (Əfvetmə) əfvlə bağlı qərarların qəbulu məsələlərini tənzimləyir və dövlətin cəza siyasətinin humanist mahiyyətini əks etdirir.
Xatırlatmaq yerinə düşər ki, 1995-2003-cü illərdə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 7 amnistiya, 32 əfv sərəncamı imzalanmışdır. Bu amnistiya aktları, ümumilikdə, 77 mindən çox insana şamil edilmiş, 21 mindən çox məhkum cəzasının çəkilməmiş hissəsindən azad olunmuş, 32 əfv fərmanı nəticəsində 3100-dən çox məhkum bağışlanılmışdır. Ölüm hökmünün ləğvi, amnistiya və əfvetmə institutunun bərpası nəticəsində 2001-ci ilin yanvar ayında Avropa Şurasına tamhüquqlü üzv qəbul olunan Azərbaycan beynəlxalq miqyasda milli maraq və mənafelərinin təmini, təcavüzkar Ermənistanın ifşası baxımından əlverişli tribuna əldə etmişdir.
Ümummilli lider Heydər Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə xidmət edən islahatları çərçivəsində “İslah-əmək müəssisələrində və istintaq təcridxanalarında qanunçuluğun möhkəmləndirilməsi, cəzaların icrasının təmin edilməsi və hüquqi islahatların həyata keçirilməsinə dair tədbirlər haqqında” 1999-cu il 11 fevral tarixli, “Azərbaycan Respublikasında hüquqi islahatların həyata keçirilməsi, məhkəmələrin, islah-əmək müəssisələrinin və istintaq təcridxanalarının işinin yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında”, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin istintaq təcridxanalarının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin tərkibinə verilməsi haqqında” 1999-cu il 9 oktyabr tarixli fərmanlarının, habelə 2000-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin əhəmiyyətini xüsusi vurğulamaq lazımdır. Məcəllə cəzaların icrası, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini müəyyən edən mühüm sənəd kimi son dərəcə səmərəli olmuşdur.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu məhkəmə-hüquq islahatlarını son 20 ildə yeni dövrün aktual çağırışlarına adekvat şəkildə davam etdirən Prezident İlham Əliyev ölkədə cəza siyasətinin humanistləşdirilməsi məsələlərini xüsusi diqqət mərkəzində saxlayır. Bunun əyani təcəssümü kimi, dövlətimizin başçısının son 20 ildə 37 əfv sərəncamı imzalamasını xüsusi vurğulamaq lazımdır. Məhkumların bağışlanması, normal həyata dönüşü humanist addımlar kimi cəmiyyətdə yüksək qiymət alır.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” sərəncamı da məhkəmə-hüquq islahatlarınını mühüm rəkib hissəsi olaraq cəza siyasətinin humanistləşdirilməsinə xidmət etmişdir. Sərəncam əsasında Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılmış, böyük ictimai təhlükə törətməyən, az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqi məhdudlaşdırılmış, qanunvericiliyə dəyişikliklər və elektron nəzarət tədbirləri (elektron qolbaq) təmin edilmişdir.
Ölkəmizdə insanpərvər və humanist ideyalarının bərqərar olmasında və ictimai şüurda möhkəmlənməsində dövlət başçısı İlham Əliyevlə yanaşı, onun ən yaxın silahdaşı, Azərbaycan Respublikasının Birinci vise-prezidenti, Heydər Əliyev Fonunun rəhbəri Mehriban xanım Əliyevanın da müstəsna töhfələri xüsusi qeyd olunmalıdır. Yüksək mərhəmət və humanizm məfkurəsindən çıxış edən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son 15 ildə qəbul edilmiş 4 amnistiya aktı 40 minə yaxın insana şamil edilmiş, bu tədbirlər cinayət törətmiş şəxslərin islah olunması və cəmiyyətə inteqrasiyası baxımından əhəmiyyətli olmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti üzərinə götürdüyü məsuliyyətli missiya ilə həm də insan hüquqlarının etibarlı hamisi, müdafiəçisi statusunda çıxış edir.
Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” 08 may 2023-cü il tarixli sərəncamı isə şamil edildiyi şəxslərin əhatə dairəsinə görə müstəqil Azərbaycan tarixində ən böyük əfv aktıdır. Sərəncamla 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilmişdir. Əfv Sərəncamının qısa müddətdə, yüksək təşkilatçılıq əsasında icrasında Ədliyyə Nazirliyinin rəhbərliyinin reallaşdırdığı təşkilati-hüquqi tədbirlərin əhəmiyyətini də xüsusi vurğulamaq istərdik. Bu tədbirlər sərəncamın operativ, çevik və qanunamüvafiq surətdə həyata keçirilməsinə xidmət etməklə, məhkumların yaxınlarında razılıq hissi doğurmuşdur.
Əfv sərəncamları, amnistiya aktları məhkumların islah olunmasına xidmət etməklə yanaşı, mahiyyətcə cəmiyyəti humanistləşdirir, insan ləyaqətinə hörmət və ehtiramı təşviq edir, ümumbəşəri dəyərlərin üstünlüyünü önə çəkir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu humanizm ənənələrinin son 20 ildə uğurlu davamına təminat yaradan bu nəcib təşəbbüslər xalqımızın çoxəsrlik ənənələrindən irəli gələrək, ən ali dəyər olan insan həyatının etibarlı müdafiəsinə təminat yaradır. Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsinə və insan hüquqlarının etibarlı müdafiəsinə xidmət edən məhkəmə-hüquq islahatları davamlı səciyyə daşıyaraq, Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir.
Abbas RZAYEV,
Binəqədi Rayon Məhkəməsinin hakimi

