Bu konsertin sorağı hər yerə yayıldı...

post-img

Gəncədə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə şəhər icra hakiiyyətinin təşkilatçılığı ilə keçirilən möhtəşəm konsertin sorağı hər yerə yayılıb. Heydər Əliyev “Park-Xiyaban” Kompleksindəki “Zəfər Tağın”nın önündə keçirilən həmin konsertdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri, müharibə iştirakçıları və şəhər sakinləri iştirak ediblər.

Konsertdən əvvəl Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi  münasibətilə veloyürüş keçirilib. Şəhərin mərkəzindən start götürən veloyürüş Heydər Əliyev Mərkəzinin önündə yekunlaşıb. Burada rəsmilər və veloyürüş iştirakçıları Ümummilli Lider  Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüb, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər. Daha sonra püşkatma vasitəsilə bir iştirakçıya velosiped hədiyyə olunub.

Tədbir Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkil etdiyi sərgi ilə davam edib. Sərgidə STEAM Mərkəzinin, o cümlədən Gəncə şəhərində fəaliyyət göstərən ümumtəhsil orta məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin, Gəncə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin və digər müəssisələrin təqdimatında bir-birindən maraqlı əl işləri və rəsm əsərləri nümayiş olunub.

Konsert proqramını tanınmış aparıcı Lalə Azərtaş açıq elan edərək, Ulu Öndər Heydər Əliyevin həyat və yorulmaz siyasi fəaliyyətindən bəhs edib.  O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin şanlı səhifələrini təşkil etməkdədir. Millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip və norma kimi qəbul edən Ümummilli Liderimiz bugünkü müstəqil Azərbaycanın memarıdır. Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyev Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxarmış, ökəmizi parçalanmaq təhlükəsindən xilas edərək, respublikamızın inkişafına möhkəm zəmin yaratmışdır.

Konsert proqramında Gəncə Dövlət Filarmoniyasının solistləri- Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Vasif Bayramov, İlham Qasımov, Rövşən Məmmədov, Rüstəm Cəfərov Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu  mahnılar ifa ediblər.  Bədii rəhbəri Sahil Quliyev və baletmeysteri Sənan Cavadov olan F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblının, həmçinin “Xəmsə” uşaq rəqs ansamblının təqdim etdiyi rəqslər tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Daha sonra Türkiyənin məşhur müğənnisi Rafet El Roman səhnəyə çıxıb. O, Gəncə sakinləri üçün öz repertuarında yer alan sevilən mahnılarını ifa edib. Türkiyəli müğənni konsertin sonunda sözləri Baba Vəziroğlu, musiqisi Kamala aid Ulu Öndərə həsr olunmuş “Sən elə bir zirvəsən” mahnısını təqdim edib. Mahnının sədaları altında səhnədə quraşdırılmış ekranda Ümummili Lider Heydər Əliyevin həyat yoluna həsr olunan videoçarx nümayiş etdirilib.

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin bölgə müxbiri
Gəncə

















Son xəbərlər