Hesablama Palatası hesabat verdi

post-img

Aprelin 25-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirildi. S.Qafaraova nümayəndə heyəti ilə birlikdə Polşa Respublikasına səfəri və keçirilən görüşlər barədə məlumat verdi. Parlamentin sədri aprelin 20-də Varşava Universitetinin dəvəti ilə həmin təhsil ocağında məruzə ilə çıxış etdiyni xatırlatdı. 

Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparıldı. Milli Məclis sədri­nin müavini Fəzail İbrahimli, komitə sədrləri Ziyafət Əsgərov, Zahid Oruc, komissiya sədri Eldar İbrahimov, depu­tatlar Fəzail Ağamalı, Razi Nurullayev, Hikmət Məmmədov, Kamran Bayra­mov, Elşən Musayev, İlham Məmmə­dov, Şahin İsmayılov, Nizami Səfərov, Aydın Mirzəzadə, Mahir Abbaszadə çıxış edərək deputat Vahid Əhmədo­vun son müsahibəsində söylədiyi fi­kirlərə münasibət bildirdilər. Onun mü­sahibədə yer almış bir sıra iddialarına, deputat həmkarlarının fəaliyyətinə qey­ri-obyektiv yanaşmasına etiraz etdilər. 

Deputatlar çıxışlarında apre­lin 23-də Azərbaycan tərəfinin La­çın–Xankəndi yolunun başlanğıcında Azərbaycan–Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis olunmasını təqdir etdilər. Ölkəmizdə, xüsusilə, Qarabağ iqtisadi regionunda böyük layihələrin həyata keçirildiyini, beynəlxalq arenada dövlətimizin sülh müqaviləsinin imzalanmasına yönəl­miş səylərini yüksək qiymətləndirdilər. Hazırki şəraitdə ölkənin yeganə nüfuz­lu aparıcı siyasi qüvvəsinin Yeni Azər­baycan Partiyasının olduğunu vurğu­ladılar. Bildirildi ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında qısa müd­dətdə xalqın rəğbətini qazanmış və hazırda sıralarında yüz minlərlə insanı birləşdirən bu partiya Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizi yeni, daha böyük uğurlara aparır. Yeni Azərbaycan Partiyası tarixi məsuliyyəti öz üzərinə götürərək, mütəşəkkil siyasi avanqard rolunu layiqincə icra edir, dövlətçilik maraqlarının təmsilçisi kimi fəaliyyətini müvəffəqiyyətlə həyata keçirir.

Müzakirələr zamanı məsələnin İnti­zam komissiyasına çıxarılması təklifləri səsləndirildi. Müzakirələrin yekununda Milli Məclisin sədri məsələyə parla­mentin İntizam komissiyasında baxıla­cağını söylədi

Sonra S.Qafarova iclasda 11 məsələnin müzakirə ediləcəyini və gündəliyin birinci məsələsinin Azərbay­can Respublikası Hesablama Palatası­nın illik hesabatının olduğunu bildirdi. 

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2022-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim etdi. Palata sədrinin çıxışı slaydlar və diaqramlarla müşayiət olundu. 

Məruzədə, habelə azad olunmuş ərazilərin bərpası üçün ayrılan vəsait­lərin auditi barədə məlumat verildi. Bil­dirildi ki, ötən il azad olmuş ərazilərdə dörd uyğunluq auditi aparılıb və bu­nun biri preaudit formasında həyata keçirilib. İki auditin nəticəsində 1,4 mil­yon manat vəsait bərpa edilib, bir au­dit üzrə isə görülən işlər tam və doğru sənədləşdirilmədiyi üçün təxirə salınıb. 

Hesabat ətrafında gedən müza­kirələrdə komitə sədrləri Siyavuş Nov­ruzov, Hicran Hüseynova, deputatlar Vüqar Bayramov, İlham Məmmədov, Etibar Əliyev, Bəhruz Məhərrəmov çıxış etdilər. Deputatlar təqdim edilən hesabatın təqdirəlayiq olduğunu söy­lədilər. Onlar sənədin ətraflı tərtib edildiyini, Palatanın fəaliyyəti haqqın­da geniş məlumat verildiyini, şəffaflıq prinsiplərinə riayət olunduğunu qeyd etdilər, tətbiq edilən yenilikləri yüksək qiymətləndirdilər. Deputatlar sənədlə bağlı bəzi qeyd və təkliflərini də səs­ləndirdilər.

Müzakirələrin sonunda Azərbaycan Respublikası Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesa­batının nəzərə alınması barədə Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edildi.

S.Qafarova bildirdi ki, gündəliyin bundan sonrakı 10 məsələsi ikinci oxu­nuşda olan qanun layihələridir. Növ­bəti 4 məsələ isə cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və mahiyyətcə bir-birinə bağlıdır. Ona görə də təklif olundu ki, qanun la­yihələri ayrılıqda təqdim olunsun, mü­zakirələri birlikdə keçirilsin.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.

Bununla da Milli Məclisin plenar ic­lası başa çatdı.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər