İrəvanda Azərbaycan Bayrağınaqarşı açıq təcavüzlə bağlı ölkəmizin Gənclər və İdman Nazirliyi Milli Olimpiya Komitəsi ilə birgə bəyanat yayıb. Sənəddə deyilir:
“Ermənistanın baş nazirinin iştirak etdiyi mərasimdə belə bir barbarlıq əməlinin törədilməsi və bunun ölkə ictimaiyyəti tərəfindən alqışlanması, həmin əməli törədən şəxsin “qəhrəman” kimi qələmə verilməsi bu dövlətdə etnik nifrətin, rasizmin, ksenofobiyanın, azərbaycanofobiyanın aşkar nümunəsi olmaqla yanaşı, həm də xalqlar arasında sülhü, qarşılıqlı anlaşmanı təbliğ edən idmanın nəcib məqsəd və prinsipləri ilə tam ziddiyyət təşkil edir”.
Bəyanatda daha sonra deyilir ki, idmanın belə siyasiləşdirilməsi qətiyyən yolverilməzdir. Ermənistanda belə bir nifrət mühitinin hökm sürdüyü, təhlükəsizliyin təmin edilmədiyi bir şəraitdə psixoloji təzyiqlərə görə Azərbaycan idmançılarının yarışlarda normal şəkildə iştirakı mümkünsüzdür. Bütün bunlar nəzərə alınaraq, Azərbaycan idmançılarının vətənə qayıtması barədə qərar qəbul edilib. Ermənistan onların təhlükəsiz şəkildə qayıtmasını təmin etməlidir.
Sonda bildirilir: “Biz beynəlxalq ictimaiyyəti, beynəlxalq idman təsisatlarını bu barbarlıq əməlini kəskin şəkildə pisləməyə çağırırıq. Biz həm də Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırırıq. Baş vermiş bu hadisə Ermənistanın beynəlxalq idman yarışlarını keçirmək, idmançıların təhlükəsizliyini təmin etmək iqtidarında olmadığını göstərir”.
“Xalq qəzeti”

