Gürcüstanda çörək ucuzlaşdı

post-img

Gürcüstan Milli Statistika Xidmətinin dünən yaydığı məlumata görə, 2022-ci ildə ölkədə buğda istehsalı 15,8 faiz, arpa istehsalı isə 0,5 faiz artıb. Amma qarğıdalı istehsalında 35,8 faiz, kartof istehsalında isə 15,6 faiz azalma qeydə alınıb. Məlumatı “Novosti Qruziya” verib. 

Məlumatda bildirilir ki, keçən ilin ye­kunlarına əsasən, buğda istehsalında qeydə alınan artım ölkədə çörəyin qiy­mətinin aşağı düşməsinə səbəb olub. Aprelin 12-dən etibarən çörəyin qiyməti 10 tetri ucuzlaşıb. Gürcüstan Çörək İs­tehsalçıları Assosiasiyasından bildirilib ki, buna səbəb bazarda unun ucuzlaş­masıdır. Ötən ildən bəri bir kisə unun qiyməti təxminən 15 lari aşağı düşüb və hazırda 52-55 lari arasında dəyişir.

Hazırda çörək istehsalçıları kommu­nal xidmət tariflərinə yenidən baxılması ilə bağlı Kənd Təsərrüfatı Nazirliyi ilə danışıqlar aparırlar. Onların fikrincə, danışıqlar müsbət nəticə verərsə, çörə­yin qiyməti daha da ucuzlaşa bilər.

Qeyd edək ki, Gürcüstan keçən il iyulun 4-dən 2023-cü il iyulun 4-dək ölkədən taxıl məhsullarının ixracına qadağa qoyub. Kənd təsərrüfatı nazi­ri Otar Şamuqiya bildirmişdi ki, ərzaq təhlükəsizliyinin təminatı üçün ölkədə istehsal olunan taxıl məhsullarından yalnız daxili bazarda istifadə edilməlidir. O vaxta qədər Gürcüstan həmin məh­sulları İraq və İrana ixrac edirdi. 

P.ƏMİRCANOV, “Xalq qəzeti”

Son xəbərlər