Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Göyçay şəhərində ulu öndərin 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və təhlükəsizlik orqanları” mövzusunda növbəti tədbir keçirmişdir.
Tədbirdə Göyçay RİH-in, DTX-nın rəhbərləri və əməkdaşları, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Göyçay şəhərində ucaldılmış abidəsi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur.
Qonaqlar Göyçaydakı Heydər Əliyev Mərkəzinin foyesində ümummilli liderin həyatının müxtəlif dövrlərini əks etdirən fotoşəkillərin nümayiş olunduğu guşə ilə tanışlıqdan sonra rəsmi tədbir başlanmışdır.
Öncə dahi rəhbər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və Dövlət Himni səsləndirilmişdir.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Heydər Əliyevin təhlükəsizlik orqanlarından başlayan mənalı ömür yolu və zəngin həyat fəaliyyəti barədə məruzə etmişdir. O, ulu öndərin Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda gördüyü ölçüyəgəlməz işlərdən, respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə göstərdiyi fədakarlıq nümunələrindən və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin davamlı tərəqqisindən söhbət açmışdır.
Digər çıxışçılar da görkəmli dövlət xadimi Heydər Əliyevin təhlükəsizlik orqanlarının tarixində ilk azərbaycanlı general olaraq respublika DTX-nin inkişafına misilsiz töhfələr verdiyini, qurumu milli kadrlarla komplektləşdirdiyini diqqətə çatdırmışdır.
Sonda tədbir iştirakçıları DTX-nin AzTV ilə birgə ərsəyə gətirdiyi “Konfidensial” layihəsinin növbəti buraxılışı olan və Heydər Əliyevin rəhbərliyi altında keçirilmiş “Port-Pəhləvi” əməliyyatından bəhs edən sənədli filmə baxmışlar.
“Xalq qəzeti”

