Son vaxtlar Göygöl rayonunda maraqlı təşəbbüslər irəli sürülür, iməciliklər, ağacəkmə aksiyaları keçirilir və ən başlıcası sakinlər belə tədbirlərdə həvəslə iştirak edirlər. Rayon icra hakimiyyəti rəhbərliyinin bu cür xeyirxah işləri istiqamətləndirməsi, fərqlənənlərin işini qiymətləndirməsi, konkret köməklik göstərməsi bu sahədə ciddi dönüş yaradıb. Ayrı-ayrı əmək kollektivləri, hətta kəndlər sanki bir-biri ilə yarışa qoşulub.
Bu günlərdə Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzi kollektivi tərəfindən rayonun Zod kəndində keçirilən ağacəkmə aksiyası buna əyani misaldır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan ağacəkmə aksiyasına təkcə kollektiv, mütəxəssislər deyil, az qala, bütün kənd qoşulub.
Bu aksiyada yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkilib. 100 nəfər kənd təsərrüfatı mütəxəssisinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb. Ümumilikdə isə 3500 ədəd ağac əkilib.
Qeyd edək ki, ölkə Prezidentinin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində genişmiqyaslı və ardıcıl tədbirlər görülür, müasir parklar, yeni yaşıllıq zolaqları salınır, ekoloji siyasət uğurla həyata keçirilir. Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivinin də könüllü olaraq ağacəkmə kampaniyasında fəal iştirak etməsi və bu təşəbbüsə yüzlərlə kənd sakininin qoşulması onu göstərir ki, Göygöl rayonunda da ətraf mühitin qorunması və yaşıllıqların artırılması ən vacib məsələlərdən biridir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri
Göygöl rayonu